NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 68
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Arxayınsınızmı ki, sizi (Öz qəhr-qəzəbi ilə) quruda yerə batırmaz və ya üstünüzə daş yağdırmaz?! Sonra özünüz üçün bir qoruyan taparsınızmı?”
Nöqtələr
Keçmiş qövmlər müxtəlif şəkillərdə məhv edilmişdir. Allah təcavüzkarlar və düşmənlərdən bəzilərini yerə batırmış, bəzilərini dənizdə qərq etmiş, bəzilərinin başına daş yağdırmış və ya şimşəklə külə döndərmişdir. Bir sözlə, Allah istədiyi vaxt kafirləri məhv etməyə qadirdir. Əgər bu gün sizi dənizdən sahilə salamat çıxarmışsa, düşünməyin ki, başqa bir əzabdan amandasınız və cəzalandırıla bilməzsiniz!
Bildirişlər
1. İlahi nemətlər bizi qürrələndirməsin. Bir hadisədən qurtarmaq, əbədi qurtuluş deyil. Başqa bir vaxtda insan başqa bir müsibətə düçar ola bilər.
2. Cəzadan uzaqlıq və asayiş hissi insanda qəflət və təcavüz üçün zəmin yaradır.
3. İnsan istənilən bir anda və istənilən bir yerdə Allahın qüdrət əli altındadır. Allahın qəhr-qəzəbi üçün quru ilə dəniz, yaxın ilə uzaq arasında fərq yoxdur.
4. Allahın qəhr-qəzəbi qarşısında heç bir sığınacaq yoxdur.