NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 70
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Həqiqətən, Adəm övladlarını möhtərəm tutduq. Onları quru və dənizdə (miniklərlə) apardıq, pak-pakizə şeylərdən onlara ruzi verdik, onları bir çox məxluqlarımızdan üstün etdik.”
Nöqtələr
İnsan bəzən öz qazancı ilə, bəzən də yaranış baxımından üstün, kəramətli ola bilər.(Bax: "Tin”, 5 ) Məsələn, təqva əhli çalışmaqla kəramət və üstünlük əldə edir. Ayədə güman ki, ikinci növ kəramət və üstünlük nəzərdə tutulmuşdur. İnsan yaddaş, ağıl və istedad kimi üstünlüklərlə yanaşı, səmavi qanunlar, məsum rəhbərlər kimi imtiyazlara malikdir, onun üçün mələklər səcdəyə düşmüşdür.
İnsan mələkdən üstündür. Çünki:
a) Mələklər insana səcdə etdi;
b) Mələkdə təkcə ağıl qüvvəsi var, insanda isə həm ağıl, həm də şəhvət qüvvələri mövcuddur. Ağılı şəhvətinə qalib gələn insan mələkdən üstün olur;
c) Merac gecəsində Cəbrail Peyğəmbərə (s) dedi: "Sən imam dayan, mən iqtida edim. Çünki Allah sizi bizdən üstün yaratmışdır.”(Bax: "Cumuə”, 5; "Əraf”, 176; "Əraf”, 179; "Bəqərə”, 74 )
Allah insanı bütün mövcudlardan, hətta mələklərdən üstün yaratsa da, insan öz yanlış seçimi ilə ən alçaq dərəcəyə enə bilər.("Təfsiri-Kənzud-dəqaiq” ) İnsanın heyvandan da alçaq mərtəbəyə düşməsi mümkündür.(Bax: "Ənbiya”, 73 )
Ayədə insanın kəramət və fəzilətindən danışılır. Kəramət və fəzilət arasında müəyyən fərqlər ola bilər:
a) Kəramət başqalarında olmayan imtiyazdır. Fəzilət isə başqalarında da ola bilər.
b) Kəramət səy göstərmədiyi halda insana Allah tərəfindən əta olunmuş nemətdir. Fəzilət isə şəxsi səy və ilahi tovfiqlə əldə olunur.
c) Kəramət maddi, fəzilət isə mənəvi nemətlərə aiddir.
Səfər bəşər həyatının zərurətlərindəndir. İnsan səfərə çıxmaqla ehtiyaclarını aradan qaldırır, təcrübə qazanır. Allah səfər üçün quru və dənizdə vasitələr qərar vermişdir. Bu da ilahi nemətlərdən sayılır.
Bəzi təfsirçilərin nəzərincə, "quru və dənizdə daşınma” dedikdə bütün quru və dəniz qüvvələrinin insanın ixtiyarına verilməsi nəzərdə tutulur. Söhbət təkcə gəmi və ulaq kimi vasitələrə süvar olmaqdan getmir.
"Təyyibat” (pak-pakizə şeylər) dedikdə təyyibə (pakizə) həyat, övlad, ruzi nəzərdə tutula bilər. İmam Baqir (ə) buyurur: "Pakizə ruzi dedikdə faydalı elm nəzərdə tutulur.”(Bax: "Qəsəs”, 41)
Bildirişlər
1. İnsanın öz məqam və kəramətinə diqqəti onun şükrü və nankorluqdan uzaqlığı üçün səbəbdir.
2. Təkcə həzrət Adəm yox, bütün insan nəsli kəramət, üstünlük və əzizlik səviyyəsinə malikdir.
3. İnsanın digər canlılardan böyük fərqi və üstünlüyü var.
4. İnsanın inkişaf və kamal zəmini Allah tərəfindəndir.