NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 88
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"De ki, (bütün) ins və cin Quranın oxşarını gətirmək üçün bir yerə toplansa, onun kimisini gətirə bilməz. (Bu iş) bəziləri bəzilərinə kömək etsələr də belə mümkün olmaz.”
Nöqtələr
"Zəhr” sözündən olan "zəhir” sözü arxa, köməkçi mənasını bildirir.
Ayədə "biz də Quranın oxşarını gətirə bilərik” deyən kafirlərə cavab verilir.("Təfsiri-Tibyan”. ) Quranın bu sahədə mübarizə çağırışı əsrlər boyu cavabsız qalmışdır. Ərəb dilli düşmənlə, küfr məktəbləri İslama qarşı barışmazlıqlarına və müxtəlif qüdrətlər tərəfindən himayə olunmalarına baxmayaraq Quranın mislini gətirə bilməmişlər.
Quranın bir sıra misilsiz xüsusiyyətləri var: o möcüzədir, rəvan və çeşidlidir, gələcəkdən xəbər verir, ən gözəl dastanları nəql edir, ən gözəl şəkildə dəvət edir, bütün fərdi və ictimai məsələləri, dünya və axirət ehtiyaclarını bəyan edir.
Bildirişlər
1. Cinlər də insanlar kimi vəzifəlidirlər, onların da kitabı Qurandır.
2. Kimsənin Quranın oxşarını gətirə bilməməsi bu kitabın möcüzə olmasının dəlilidir.