NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 23
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Allahdan) qorxan və Allahın hikmət (ağıl, iman və şücaət) verdiyi iki şəxs dedi: "Şəhər darvazasından düşmənin üstünə yeriyin (və qorxmayın), elə ki, daxil oldunuz, həqiqətən, qalibsiniz. Əgər imanınız varsa, Allaha təvəkkül edin.”
Nöqtələr
Təfsirdə bildirilir: Həmin iki şəxs Bəni-İsrailin on iki nüfuzlu şəxslərindən idi. Həmin iki şəxsin adı Tövratda «təsniyə» kitabında çəkilmişdir: Yuşə ibn Nun və Kalib ibn Yufna. İmam Baqir (ə) buyurmuşdur: "Bu iki şəxs həzrət Musanın əmioğlanları idilər.”
"Təfsire-Əl-mizan”da Əllamə Təbatəbainin bildirdiyinə görə, Quranda «nemət» sözü haqqında xüsusi qeyd yoxdursa, bu söz vilayət və nübuvvət nemətlərinə işarədir.”
Bildirişlər
1. Allah qorxusu ilahi lütf və nemətlərin əldə olunması üçün zəmindir.
2. Allahdan qorxan şəxs məsuliyyət hiss edir, peyğəmbərin göstərişlərinə itaəti vacib sayır və başqa qüdrətlər qarşısında təslim olmur.
3. Allah qorxusu şücaət, cürət və əməl zəminəsidir.
4. Allah qorxusu ilahi bir nemətdir.
5. Hücum gedişində döyüşçülərə ruhiyyə verilməlidir.
6. İlahi qorxu və təqva insana bəsirət, düzgün və aydın təhlil gücü verir.
7. Təvəkkül xalisanə və yalnız Allah üçün olmalıdır.
8. Əgər iman əhli meydana şücaətlə daxil olsa, azğınlar meydanı tərk edərlər.
9. Müvəffəqiyyətin əsas səbəbi maddi imkanlar yox, iman və təvəkkül, qətilik və cürətdir.
10. Təvəkkül kifayət etmir. İnsan həm də məqsədə doğru səy göstərməlidir.
11. Təvəkkül iman nişanəsi, çətin vəziyyətlərdə və qorxu olan yerdə qurtuluş yoludur.
12. Sizdən hərəkət, Allahdan bərəkət və qələbə.
13. Təvəkkül təkcə dildə olmur, imandan doğan ruhiyyə də lazımdır.