NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 58
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Onlar Allah tərəfindən (xüsusi) nemət əta olunmuş peyğəmbərlər idilər. Onlar Adəm nəslindən, Nuhla (gəmiyə) süvar etdiklərimizdən, İbrahim və İsrail nəslindən, hidayət etdiklərimizdən və seçdiklərimizdən olan peyğəmbərlər idi. Onlara Rəhman Allahın ayələri oxunan zaman səcdə qılar, ağlar halda üzü üstə torpağa düşərdilər.”
Nöqtələr
Ötən ayələrdə 10 peyğəmbərin adı çəkildi. Zəkəriyya, Yəhya, İsa, İbrahim, İshaq, Yaqub, Musa, Harun, İsmail və İdris. Bu ayədə isə həmin şəxslərə nemət verildiyi bəyan olunur. Biz hər gün namazda on dəfə Allahdan diləyirik ki, bizi azğınların yox, məhz bu insanların yoluna yönəltsin.
Adəm nəsli dedikdə İdris nəzərdə tutulur. Nuhun gəmisinə süvar olanların nəsli dedikdə Nuhun nəvəsi həzrət İbrahim başa düşülür. İbrahim nəsli ifadəsi İshaq, İsmail və Yaquba aiddir. Musa, Harun, Zəkəriyya, Yəhya və İsa isə İsrail nəsli kimi yada salınmışdır.("Bəqərə”, 256)
Hədisdə oxuyuruq: "Quran tilavət edərkən ya qəmlənib ağlayın, ya da özünüzü həmin hala gətirin.(Bihar”, c. 11, s. 72.)
Göz yaşı axıdaraq uzun səcdələr qılan ilahi insanlar zümrəsinə ən yaxşı nümunə İslam Peyğəmbəri (s) və onun məsum Əhli-beytidir. Ramazan ayı, Ərəfə və digər münacatlarda Peyğəmbər (s) və onun məsum Əhli-beytinin göz yaşları ilə müşayiət olunan uzun səcdələri haqqında yetərli məlumatlar var.
Bildirişlər
1. Bütün peyğəmbərlərin məqsədi birdir. (Allah Öz peyğəmbərlərini ardıcıl şəkildə eyni səciyyələrlə vəsf edir.)
2. Həqiqi nemət verən ("Munim”) Allahdır.
3. İrsiyyət qanununa əsasən, nəslin tərbiyəsinə valideyn və babaların təsiri var.
4. Bütün peyğəmbərlər Adəm nəslindən olsalar da, Nuhun, İbrahimin və İsrailin (Yaqubun) adı xüsusi ehtiramla çəkilir.
5. Səcdə halında ağlamaq o qədər dəyərlidir ki, Allah bu zümrəni xüsusi yada salır.
6. Allah dərgahına üz tutub ağlamaq və yalvarmaq təkamül, mərifət, tövfiq və seçilmə nişanəsidir.