NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 75
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"De ki, Rəhman Allah yolunu azan kəsə (Öz sünnəsi əsasında) vəd olunmuş, (dünyada) əzab və ya qiyaməti eşidib-görənədək möhlət verib yardım göstərir. (Həmin gün) kimin yerinin daha pis və kimin qoşununun daha aciz olduğunu biləcəklər.”
Nöqtələr
"Mədd” və "imdad” sözləri eyni bir mənanı bildirir. Amma Rağibin nəzərincə, adətən, imdad sözü bəyənilmiş və sevilən iş haqqında, "mədd” sözü isə bəyənilməmiş və ikrah doğuran iş haqqında işlədilir.
Allah-təala şərr yol seçənlərə möhlət verir. Möhlət verilməsində məqsəd budur ki, həmin şəxslər tövbə edə bilsinlər və ya onların nəslindən saleh övladlar ərsəyə gəlsinlər. Əlbəttə ki, bəzi azğınlar bu ilahi möhlətdən sui-istifadə edib daha çox günaha batır və öz əzablarını artırırlar.("Təfsire-Əl-mizan”. )
Haqqın lütfü sənə edəsi yardım,
Batarsan kənara atsan bir addım.
İmam Sadiq (ə) "iza rəəv ma yuədun” cümləsi haqqında buyurur: "Burada həzrət Mehdinin (ə) zühuru vəd olunur. "Şərrun məkanən”, yəni Mehdinin (ə) qiyam günü məlum olacaq ki, kimin mövqeyi xoşagəlməz və zəifdir.("Təfsire-nurus-səqəleyn”.)
Bildirişlər
1. Allahın sünnəsində bütün insanların hərəkət və inkişafı üçün zəmin hazırlanması nəzərdə tutulur. Bununla belə, azğınlıq yolunu tutan insana bir müddət möhlət verilir. Həmin şəxs doğru yolu seçdikdə Allah ona yardımını artırır.
2. İnsana verilən möhlət və göstərilən yardım ilahi rəhmətdən qaynaqlanır.
3. Kafirlər dəfələrlə əzabla hədələnsələr də, nəticə çıxarmırdılar.
4. Yolunu azanların bəzisini Allah həm dünya, həm də axirətdə, bəzisini isə yalnız axirətdə cəzalandırır.
5. Ölüm anında məqam və mövqe, yaxınlar və çoxluq kara gəlmir.
6. Qiyamət həqiqətlərin zühuru, kəşf və şəhadət günüdür.