Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 125-ci Ayə

Surə 16
Ayə 125

Azərbaycan dilində tərcümə

(İnsanları) Rəbbinin yoluna hikmətli məntiq, qane edən dəlillər və gözəl, oyadıcı və ibrətamiz nəsihətlə dəvət et və onlarla (müxaliflərlə) ən gözəl tərzdə mübahisə et. (Sənin vəzifən budur. Onlara gəldikdə isə) əlbəttə, sənin Rəbbin Özü Onun yolundan azanları daha yaxşı bilir və doğru yolda olanları daha yaxşı tanıyır.
Ən-Nəhl surəsi , 125-ci ayə
Ən-Nəhl surəsi 125-ci ayə
Tam Surə

Ən-Nəhl surəsi 125-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 125

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"(Ey peyğəmbər! Xalqı) hikmət və gözəl öyüdlə Rəbbinin yoluna çağır. Ən yaxşı şəkildə vəsf edib danış. Həqiqətən, Rəbbin Onun yolundan azanlardan xəbərdardır və doğru yolu tutanları yaxşı tanıyır.”
Nöqtələr
Bu ayədən başlayaraq surənin sonunadək 10 maraqlı əxlaqi göstəriş bəyan olunmuşdur.
Ayədə bütün məsullara, tərbiyəçilərə, müəllimlərə, ustadlara, alimlərə ümumi şəkildə göstəriş verilir ki, müvəffəqiyyət qazanmaq üçün qarşı tərəflə müxtəlif üslublarda iş aparsınlar. Çünki bütün xalqı eyni şəkildə dəvət etmək olmaz. Hər bir insanın fərqli ruhu və fərqli tutumu var. İnsanla onun öz dilində danışmaq lazımdır. Xüsusi insanlarla hikmət və dəlil, adi insanlarla moizə üsulunda danışmaq lazımdır. Müxaliflər gözəl mübahisə ilə təslim edilməlidirlər.
Gözəl moizə dedikdə vaizin (moizə edənin) öz dediyinə əməl etməsi, gözəl mübahisə dedikdə danışıqda təhqirə və yersiz təhriklərə yol verməmək nəzərdə tutulur.
Bildirişlər
1. Peyğəmbərlərin ilkin vəzifələri dəvətdir.
2. Dəvət ilahi yönümlü olmalıdır.
3. Dəvətin mərhələləri və mərtəbələri var. (Hikmət, moizə, gözəl mübahisə).
4. Moizə gözəl, mübahisə isə daha gözəl olmalıdır. Həm məzmun, həm də bəyan üsuluna diqqət yetirilməlidir.
5. Yaxşılıqların bərəkətini, pisliklərin bəlasını bəyan etmək dəvət üsuludur. ("Hikmət” dedikdə nəzərdə tutulan işin faydaları və zərərlərini elm və ağıl yolu ilə açıqlamaq nəzərdə tutulur.)
6. İnsan işin nəticəsinə yox, öz vəzifəsinə məsuldur.
7. Hikmət və dəlil həmişə gözəldir. Amma moizə və mübahisə həm yaxşı, həm də pis üslubda ola bilər.
8. İslam öz tərəfdarlarını həm elmi, həm də mənəvi baxımdan qidalandırır. Müxaliflərlə məntiqi şəkildə davranılır.