NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 126
MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Cəzalandırdıqda necə cəzalandırılmısınızsa, elə cəzalandırın. Əlbəttə, səbir və dözüm göstərsəniz, səbir əhli üçün bu daha yaxşıdır.”
Nöqtələr
Rəvayətlərdə bildirilir ki, Ühüd döyüşündə həzrət Həmzə şəhadətə çatdığı vaxt İslam Peyğəmbəri (s) buyurdu: "Əgər kafirlərə qalib gəlsək onları doğrayacağıq.” Ayə nazil oldu ki, intiqam alarkən ədalət və səbrinizi əldən verməyin. Həzrət (s) buyurdu:”Səbir edirəm, səbir edirəm!” Bəli, İslamı tanıtdırarkən Ühüd döyüşü ilə yanaşı Məkkənin fəthini, həzrət Peyğəmbərin (s) əfvini (müqayisəli şəkildə) qeyd edək.
Bildirişlər
1. Düşmənlərə münasibətdə də ədalət və insafı gözləyin.
2. Qarşı tərəf kimi rəftar etmək təbii və ilahi haqdır.
3. Səbirdə elə bir ləzzət vardır ki, intiqamda bu yoxdur.
4. İnamsızlıq yarandıqda öz vədinizi təkidlə bəyan edin.
5. Döyüşün də qanunu və əxlaqı var.
6. Qanun təklikdə bəs etmir, əxlaq da lazımdır.
7. Düşünməyin ki, sizin səbriniz düşmənə fayda verəcək. Səbir sizin özünüz üçün faydalıdır.