NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 22
MÖHSÜN QƏRAƏTİ
16.12.2025
"Sizin məbudunuz yeganə məbuddur. Axirətə imanı olmayanların qəlbləri yana çevrilmişdir və onlar təkəbbür əhlidirlər.”
Nöqtələr
Ötən ayələrdə qeyri-ilahi məbudların yarada bilməməsi və bixəbərliyi qeyd olundu. Bu ayədə isə deyilir ki, sizin həqiqi məbudunuz bir olan Allahdır.
"Kibr” dedikdə özünü böyük bilmək nəzərdə tutulur. "Təkəbbür” isə kibr təsirlərinə əməl etməkdir. İnsanın hansısa vasitələrlə öz böyüklüyünü sübuta yetirmək istəməsi "istikbar” sözü ilə ifadə olunur.
Rəvayətlərdə deyilir ki, imam Hüseyn (ə) yoxsulların yanından keçərkən onlar təam yeyirdilər. Onlar həzrəti süfrəyə dəvət etdilər. İmam (ə) onlarla yanaşı əyləşdi və təamlarından dadıb buyurdu: "Allah təkəbbürlüləri sevmir.”
Bildirişlər
1. Ölümdən sonrakı həyatı – məadı inkar etmək əslində yaranışı inkar etməkdir. Tövhid və məad bir-birinə bağlı prinsiplərdir.
2. Küfrün qaynağı cəhalət yox, kibrdir. Nəzərdə tutulan - həqiqətdən xəbərsizlik yox, həqiqətin inkarıdır.
3. Axirətə iman təkəbbür və istikbarı aradan qaldırır.