Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 84-cü Ayə

Surə 16
Ayə 84

Azərbaycan dilində tərcümə

(yada sal) o gün(ü) ki, hər bir ümmətdən bir şahid (iman və küfr, itaət və itaətsizliklərinə şəhadət vermək üçün hər ümmətin içərisindən onların peyğəmbərlərini, yaxud hər əsrin dəstələrinin arasından onların təqvalılarını) gətirəcəyik. Sonra küfr etmiş kəslərə nə (danışmaq və üzr istəmək üçün) icazə verilər, (çünki şahidlərin və onların özlərinin bədən üzvlərinin şəhadəti kifayət edəcəkdir), nə onlardan razılıq istəniləcək və nə də onlara haqqın razılığını istəməyə rüxsət veriləcəkdir.
Ən-Nəhl surəsi , 84-cü ayə
Ən-Nəhl surəsi 84-cü ayə
Tam Surə

Ən-Nəhl surəsi 84-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 84

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"(Xatırla) o gün ki, hər ümmətdən şahid seçdik. Sonra küfr edənlərə (danışmağa) icazə verilməyəcək. Onlar üzrxahlıq üçün çağırılmayacaqlar.”
Nöqtələr
Quranda Qiyamət şahidliyi haqqında dəfələrlə danışılmışdır. Həmin gün peyğəmbərlər, mələklər, Allahın övliyaları, yer, bədən üzvləri şahid olasıdır. İmam Sadiq (ə) buyurur: "Hər bir ümmət və dövr üçün imam var, xalq onunla məhşur olar.” İmam Baqir (ə) bu ayə haqqında buyurur: "Həqiqətən, biz bu ümmətə şahidlərdənik.”
Allah hər yerdə hər şeydən xəbərdar olsa da, çoxsaylı şahidlər möminlər üçün təqva və həya amili olur, günahkarların daha çox rüsvay olması ilə nəticələnir.
Ədalətlə müşayiət olunan elm və agahlıq şahidlik şərtidir. Buna görə də Qiyamətdə əməllərimizə şahid olası övliyalar dünyada işlərimizə nəzarət etməli, əməllərimiz onların nəzərinə çatdırılmalıdır. Hər həftə əməllərimizin həzrət Mehdiyə (ə) çatdırılması bu əqidənin nümunəsidir. Şəhadət və Qiyamətdə şahidlik ayələri belə bir inancsız izah oluna bilməz. Axı əməllərimizdən xəbərsiz və ya ədalətsiz bir şəxs Qiyamətdə necə şahid ola bilər?!
"İstitab” sözü "itab” sözündəndir. Yəni günahkar şəxs haqqı tapdanmış şəxsin qəzəbini soyutmaq, onun razılığını almaq üçün qarşı tərəfdən məzəmmət gözləyir.
Dünya həyatında da tövbə etmək, üzr diləyib, səhvi aradan qaldırmaq olar. Qiyamətdə isə izahat və üzrə yer yoxdur. Qiyamətdə yol verilən xətalara don geyindirmək mümkünsüzdür. Cəhənnəm əhlindən bəziləri digər bir dəstəyə "əgər siz olmasaydınız, biz mömin olardıq” dedikdə onlara belə xitab olunar: "Xeyr, siz özünüz iman gətirən deyildiniz.”
Geriyə qayıdış da mümkünsüzdür. Cəhənnəm əhli saleh işlər görmək üçün geriyə dönmək istədikdə onların bu istəyi rədd edilər.
Qiyamətdə üzrlər də qəbul olunmaz. Quranda oxuyuruq: "Onlara üzr istəmək üçün icazə verilməz.”
Bildirişlər
1. Höccətin tamamlanması, bəhanəyə yer qalmaması üçün hər bir qövmə özündən olan şahidlər gətirilər.
2. Allahın bütün qövmlər arasında bütün dövrlərdə höccət və şahidləri var.
3. İlahi mühakimədə hesab-kitab, and və şahidlik var.
4. Şahid və dəlil olan yerdə üzrə, yozuma, razılıq diləməyə yer yoxdur.