NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 86
MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Şirkə uğrayanlar (uydurduqları) şəriklərini gördükləri vaxt deyərlər: "Pərvərdigara, bunlar sənin yerinə çağırdığımız şəriklərdir.” (Şəriklər dilə gəlib) onların sözlərini özlərinə qaytararlar ki, siz, şübhəsiz, yalançılarsınız.”
Nöqtələr
Rəvayətlərə əsasən Qiyamətdə müxtəlif dayanacaqlar var. Bəzi dayanacaqlarda dodaqlar möhürlənər və əl-ayaq şəhadət verər. Digər bir dayanacaqda nalələr və yalvarışlar göyə ucalar. Növbəti dayanacaqda insan öz günahlarını başqasının boynuna atmaq istəyər. Məsələn, şeytana deyər: "Sən məni şirk və küfrə vadar etdin”. Şeytan ona belə cavab verər: "Mən ilk gündən sizin şirkinizə müxalif idim.” Allah hətta həzrət İsaya belə xitab edər: "Sən özünü və ananı xalqa məbud kimi tanıtdırdın?” Həzrət İsa cavab olaraq deyər: "Sən şəriki olmaqdan paksan...” Haqqında danışdığımız ayədə də Allaha şərik qoşulmuş mövcudlar müşriklərdən üz çevirib, onları təkzib edərlər.
Bildirişlər
1. Allaha şərik yoxdur. Müşriklər onların şərik olduğunu düşünürlər.
2. İnsan Qiyamət qorxusunun təsirindən özünü xilas etmək üçün yükünü başqasının çiyninə atar.
3. Saxta məbudlar da Qiyamət günü səhnəyə gətirilər.
4. Qiyamətdə özünü müdafiə üçün bütlər də danışar.
5. Bütlər pərəstiş üçün ləyaqətləri olmadığını bildirərlər və bütpərəstlərə deyərlər: "Siz əslində öz xəyallarınıza pərəstiş edirdiniz.”