Əsas məzmuna keç

Ən-Nisa surəsi - 102-ci Ayə

Surə 4
Ayə 102

Azərbaycan dilində tərcümə

(Təhlükə zamanı) aralarında olub onlar üçün (xof) namaz(ını camaat namazı şəklində) qıldığın zaman, onlardan bir dəstə (sənin namazının birinci rükətində) səninlə birgə qalxsınlar (və namaz qılsınlar) və əlbəttə öz silahlarını da götürsünlər. Elə ki, səcdəyə getdilər (və namazın ikinci rükətini camaat namazı deyil, tək qılınan namaz niyyəti ilə tamamladılar, gedib) sizin arxanızda (düşmənin qarşısında) dursunlar və namazını qılmamış digər bir dəstə gəlsin və öz namazlarını sənin (ikinci rükətin)lə birgə qılsınlar. Əlbəttə gərək ehtiyatlı olsunlar və silahlarını götürsünlər. Çünki kafirlər istəyirlər ki, siz öz silahlarınızı və mallarınızı yaddan çıxarasınız, beləliklə də onlar qəfildən sizə hücum etsinlər. Əgər yağışdan əziyyət çəksəniz, yaxud xəstə olsanız silahlarınızı yerə qoyaraq ehtiyat halında olmağınız sizin üçün günah deyildir. Həqiqətən Allah kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır.
Ən-Nisa surəsi , 102-ci ayə
Ən-Nisa surəsi 102-ci ayə
Tam Surə

Ən-Nisa surəsi 102-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 102

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Ey peyğəmbər,) əgər (cihad səfərlərində) İslam qoşunu içində olsan və onlar üçün namaza dayansan, onlardan bir dəstəsi səninlə dursunlar və silahlarını yanlarında saxlasınlar. Elə ki, səcdə etdilər, (ikinci rəkəti tək qılıb) sizin arxanızda (keşikçi) dayansınlar. Namaz qılmamış ikinci dəstə (ikinci rəkətdən) səninlə namaz qılsınlar və müdafiə vasitələri ilə silahlarını özləri ilə saxlasınlar. Düşmən sizə birdəfəyə hücum etmək üçün silahlarınızdan xəbərsiz qalmağınızı istəyir. Əgər yağışdan sizə əziyyət olsa, xəstə və yaralı olsanız, silahınızı yerə qoymağın sizin üçün günahı yoxdur. (Yalnız) müdafiə vasitələrini özünüzlə saxlayın. Həqiqətən, Allah kafirlər üçün zəliledici bir əzab hazırlamışdır.”
Nöqtələr
Hicri tarixi ilə altıncı ildə Peyğəmbər (s) bir dəstə ilə Məkkəyə üz tutdu. Hüdeybiyyə adlanan məntəqədə İslam qoşunu yolu kəsmiş və onları Məkkəyə buraxmamaq əzmində olan Xalid ibn Vəlid və onun iki yüz döyüşçüsünün səngərdə dayandığını gördü. Bilal azan verdikdən və camaat namaza dayandıqdan sonra Xalid ibn Vəlid fürsətdən istifadə edib hücuma keçmək qərarına gəldi. Ayə nazil oldu və düşmənin qurğusundan müsəlmanlar xəbər tutdular. Xalid bu möcüzəni gördükdən sonra İslamı qəbul etdi.("Təfsire-Məcməul-bəyan”. )
Bu namazda birinci dəstə birinci rəkəti başa vurduqdan sonra qalxıb namazın qalanını fərdi qıldı. Cəmiyyət namazının imamı ikinci dəstənin ikinci rəkətə qoşulması üçün səbir etdi. Onlar silahları ilə birlikdə cəmiyyət namazına qatıldılar.
Bildirişlər
1. Namaz hətta savaş meydanında da təxirə salınmır. Mücahid binamaz deyil.
2. Düşmənlə savaş cəbhəsində döyüşçülərin hətta bir rəkət namazı cəmiyyətlə qılması cəmiyyət namazının əhəmiyyətini göstərir.
3. Qarşıya iki vəzifə (cihad və namaz) çıxdıqda bu vəzifələrin biri o birinə fəda olunmamalıdır.
4. Bütün hallarda ayıqlıq lazımdır. Hətta namaz zamanı da müsəlmanlar düşməndən qəflətdə qalmamalıdırlar.
5. Rəhbər vəhdət və ibadətin mehvəridir.
6. İş bölgüsü, qarşılıqlı yardım, xeyir işə başqalarını şərik etmək hətta ən həssas məqamlarda da cəmiyyətin ülfət amilidir. Ayə iki rəkət namazı cəmiyyət arasında yarıya bölür. Bununla da hər iki dəstə xeyirə şərik olur.
7. İlahi göstərişlər şəraitə münasib olaraq fərqlənir. (Bu ayə düşmən qarşısında qorxu olan vəziyyətə aiddir.)
8. Cəbhədə qılınan camaat namazı məqsədə, Allaha, rəhbərə eşq və dəyərlərə bağlılıq nişanəsidir.
9. Cəbhədə bir rəkət namaz vaxtında qüvvələr mövqelərini dəyişə bilməlidir.
10. Cəbhədə namaz müddəti nə qədər çox olsa, düşmənin həmlə imkanı da artar. Ona görə də diqqətli olmaq lazımdır. Birinci rəkətdə silahlı olmaq kifayətdir. İkinci rəkətdə isə həm silah, həm də müdafiə vasitələri olmalıdır.
11. Allah Öz peyğəmbərini düşmənin gizli planlarından agah edir. (Namaz məqamında hücum etmək istəyən Vəlidin planı ayə vasitəsi ilə puça çıxdı.)
12. Sizin ixlaslı hərəkətiniz ilahi yardımların vaxtında əldə olunması səbəbidir. (Bu ayənin nazil olması və qorxu ilə bağlı namaz göstərişi düşmənin planları qarşısında ilahi bir yardım idi.)
13. Cəbhədə ibadi mərasimlər uzun çəkməməlidir. Döyüşçünü düşməndən qəflətdə qoyan işlər qadağandır.
14. Düşmənin istəklərindən agah olun.
15. İbadət düşməndən xəbərsizliyə səbəb olmasın.
16. Həqiqi müsəlmanlarda qəflət ehtimalı zəifdir. (Ayədəki "ləv” sözü uyğun mənanı bildirir.)
17. Hərbi və iqtisadi imkanları ayıqlıqla qorumaq lazımdır.
18. İslam ümmətinin qəfləti kafirlərin qələbəsi və qan tökməsi ilə nəticələnir.
19. Müsəlmanları qəflətdə qoyan, ayıqlığını əlindən alan hər bir söz, proqram və hərəkət düşmənin istəklərinə xidmət edən addımdır.
20. Cəbhə və döyüşdən kənarda qalmaq istəyi xəstəlik və zərərdir.
21. Yağış silahın yerə qoyulması üçün səbəb ola bilər. Zərərsiz yağışda döyüşçü silahını yerə qoymur.
22. Heç bir halda döyüşçü hərbi ləvazimatlarından kənarda olmamalıdır. Hətta silah yoxdursa da, zireh döyüşçünün üstündə olmalıdır.
23. Kafirləri hədələmək və möminlərə ümid vermək Quran şivələrindəndir.
24. Gələcəkdə zillət kafirlərin olacaq.