NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 156
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Xalqa ağır böhtan atmaqla, böyük bir günaha batmaqla yol verdikləri küfrlərinə və sözlərinə görə (qəhr və qəzəbimiz onları bürüdü.)
Nöqtələr
"Məryəm” surəsinin 27-ci ayəsində də həzrət Məryəmə atılmış böhtan yada salınmışdır.
Həzrət Məryəmin zinada müqəssir sayılması əslində həzrət İsanın zinadan doğulmasının iddiası idi. Bu isə həzrət İsanın xalqın hidayəti və onlara rəhbərlik üçün layiqli olmaması fikrini yaradırdı. Beləcə, uyğun böhtan onların İsanı inkar etməsi dəlili idi.
Həzrət Peyğəmbər (s) Əliyə (ə) buyurdu: "Sən İsa kimisən. Kimi İsanın anasına böhtan atdı, kimi də İsanın Allah olduğunu güman etdi.("Dürrül-Mənsur”, c. 2, s. 238. )
İnsana onda olmayan sifətlərin aid edilməsi ona görə böhtan adlandırıla bilər ki, pak insanlar bu sözləri eşitdikdə heyrətə ("böht”) gəlirlər.
Böyük böhtanın böyük də əzabı var. "Nur” surəsinin 23-cü ayəsində deyilir: Pak qadınları zinada ittiham edənlərin böyük əzabı var.”
Bildirişlər
1. Böhtan küfr cərgəsində dayanır.
2. Günahkar cəmiyyətdə bəzən ən pak insanlar belə ən çirkin işlərdə suçlanır.