NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 18
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Çirkin işlər görüb, ölümü çatanda "həqiqətən, indi tövbə etdim” deyənlərin tövbəsi qəbul deyil. Eləcə də, kafir olaraq ölənlərin tövbəsi qəbul deyil. Əksinə, onlar üçün dərdli əzab hazırlamışıq.”
Bildirişlər
1. Məcburi halda, təhlükə ilə üzləşdikdə edilən tövbə yox, azad halda edilən tövbə dəyərlidir.
2. Günahın təkrarı insanı tövbə tövfiqindən məhrum edir. "Yəməlun” ("işlər görərlər”) davam nişanəsidir. "Səyyiat” sözü isə günahın çoxluğu və təkrarını bildirir.
3. Tövbəni təxirə salmaq olmaz. Ölüm anı məlum deyil və ölüm qapını döydükdə tövbə qəbul olmaz.
4. Təhlükə və ölüm zamanı insanın allahşünaslıq fitrəti aşkar olur.
5. Kafir halda ölmək və pis aqibət bütün yaxşı əməlləri, o cümlədən tövbəni puça çıxarır.