NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 19
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Ey iman gətirənlər! Qadınlardan zorla irs almaq sizə halal deyil. Aşkar günaha batmayınca bağışladığınızın bir hissəsini almaq üçün onlara çətinlik yaratmayın. Onlarla yaxşılıqla rəftar edin. Əgər onlardan xoşunuz gəlməsə, çox olsun ki, siz bir şeyi xoşlamayasınız, amma Allah həmin şeydə böyük xeyir qoymuş olsun.”
Nöqtələr
Qadının özünün irs olaraq ötürüldüyü cahilliyyət ənənələrinin ziddinə olaraq, ayədə yalnız var-dövlətin irs olduğuna işarə edilmişdir. Ölənin arvadı kimsənin irsi deyil. Qadın əri öldükdən sonra özünə başqa bir ər seçə bilər.
Bildirişlər
1. İslam qadınların hüquqlarını müdafiə edir.
2. Mehriyyəni zorla geri almaq haramdır.
3. Yalnız qadın iffətsizlik astanasında olduqda kişi ona əziyyət verə bilər.
4. Qadınlarla xoş rəftar etmək lazımdır.
5. Kişi dəyirmanın alt daşı kimidir. O, xoşrəftarlı olub çətinliklərə dözməlidir. Ayədə kişilərə xitab olunur.
6. Bir çox xeyirlər həyatın çətinlikləri ağuşundadır.
7. Övladların səadəti üçün ailə problemlərinin həlli, səbirli və xoşrəftar olmaq ayrılıq və boşanmadan yaxşıdır.
8. Bəzən xeyir və şər bizim istəklərimizə uyğun olmur. Bizim xoşlamadığımız bir şeydə Allah böyük faydalar qoya bilər. Bir sözlə, insan nəyin xeyirli olmasından tam xəbərdar deyil.