NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 42
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əlbəttə, onlardan əvvəlkilər məkr işlətdilər. (Bunun faydası olmadı, çünki) bütün tədbirlər və məkrlər Allahın ixtiyarındadır. O kimin nə kəsb etdiyini bilir və kafirlər tezliklə biləcəklər ki, axirət evi kimindir.”
Nöqtələr
Quran insanın bütün diqqətini Allaha yönəltmək və Allahdan qeyrilərindən ümidi üzmək üçün insanı Allahdan yayındıracaq bütün yolları bağlayır. Məsələn buyurulur: "Əgər izzət qazanmaq üçün başqalarının yanına getsən, bil ki, bütün izzət Allah üçündür.” Digər bir yerdə buyurulur: "Bütün qüdrətlər Allaha aiddir.” Bu ayədə isə bütün tədbirlərin Allaha aid olduğu bəyan edilir. Beləcə, insana anladılır ki, izzət, qüdrət və siyasətə çatmaq üçün başqalarına bağlanmasınlar.
Allahın ixtiyarında olan ən üstün məkr nümunələrindən biri azğınlara möhlət verməkdir. Bu möhlət səbəbindən onlar elə düşünürlər ki, tutduqları yol doğrudur. Halbuki Allah Quranda bu möhlətin məhəbbət nişanəsi olmadığını dəfələrlə qeyd edir. Bildirilir ki, azğınlara verilən möhlətin səbəbi onların yükünün daha da ağırlaşdırılmasıdır.
Bildirişlər
1. Dini rəhbərlər müxaliflərin məkrinə görə nigaran olmasınlar. Tarix boyu peyğəmbərlərə qarşı bu sayaq hiylələr işlədilmişdir.
2. Son söz kimindir? Tarixdən ibrət götürək.
3. Bütün tədbirlər və təsirlər Allahın əlindədir, başqalarının sorağına getməyək.
4. İnsanın Allaha qarşı məkri mənasızdır. Çünki məkr və hiylə qarşı tərəf xəbərsiz olduqda səmərə verir. Allah isə hamının işindən xəbərdardır.