NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 123
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərlə döyüşün. Onlar sizdə sərtlik və qətilik görməlidirlər. Bilin ki, Allah təqvalılarladır.”
Nöqtələr
Yaxındakı düşmənlərlə döyüşün bəzi məziyyətləri var: az xəzinə ilə keçinmək imkanı, düşmən haqqında daha ətraflı məlumat, cəbhə ehtiyaclarının və ümumi hazırlığın asan əldə olunması; döyüş məntəqəsinə sürətlə çatmaq imkanı; yaxındakı həm özü düşməndir, həm də uzaq düşmənin əli ola bilər.
"Ğilzə” dedikdə daşürəklilik və pis xasiyyət yox, sərtlik, möhkəmlik, qüdrət nəzərdə tutulur. Bu səbəbdən də İslam ordusunun qüdrətini göstərən manevrlər, paradlar, geyimlər, şüarlar bəyənilmişdir. Məkkənin fəthi zamanı həzrət Peyğəmbər (s) müsəlmanlara göstəriş verdi ki, Əbu-Süfyanın qarşısından nizamla ötüşüb öz qüdrətlərini göstərsinlər və bununla da müşriklərin ruhiyyəsini qırsınlar.
Bütün İslam təlimlərində "yaxın imtiyazlıdır” prinsipi nəzərə alınmışdır. İnfaq və sədəqədə yetim və yoxsul qohumlar, zəkatda məhəllədəki ehtiyaclılar, döyüşdə ən yaxın düşmən, təbliğatda insanın ətrafındakılar, məsciddə məscidin qonşuları, süfrədə ən yaxında oturan, camaat namazında kamillik baxımından imama münasib olanlar önəmli sayılırlar.
Ayədə müdafiədən yox, azadlıq carçısı olan cihaddan danışılır. Bu səbəbdən də kafirlərin hücum şəraitindən yox, İslam mübarizlərinin sifətlərindən söhbət açılır.
Həzrət Peyğəmbər (s) İslam ordusuna təkrar-təkrar belə tövsiyə edirdi: "Təqvalı olun, kafir qadınlarına zərər vurmayın, ağacları qırmayın.” Həzrət (s) bir dəfə kafir qızını öldürülmüş görüb çox narahat oldu.
Bildirişlər
1. İman əməl və mübarizə ilə müşayiət olunmalıdır.
2.Yaxındakı düşmənlərin dəfi öndə gəlir. (İslamın döyüş strategiyasına görə, öncə yaxındakı düşmənlə mübarizə aparılmalıdır. İdeoloji mübarizədə də öncə mövcud şübhələrə cavab verilməlidir.)
3. Düşmənə münasibətdə sərtlik üçün hər cür tədarük görülməlidir. Döyüşçülərin şücaəti, silahların müasirliyi, mütərəqqi biliklər diqqət mərkəzində olmalıdır.
4. İslam ordusunun sərtliyi və heybəti olmalıdır.
5. Daxili şücaət zahiri sərtliklə müşayiət olunmalıdır.
6. Sərtliklə yanaşı təqva prinsipinə də riayət olunmalıdır.
7. Cihad ilahi təqva cilvələrindəndir.
8. Döyüşdə hisslər alovlandığından döyüşçülər təqva prinsipinə ciddi riayət etməlidirlər.