Əsas məzmuna keç

Yunus surəsi - 19-cu Ayə

Surə 10
Ayə 19

Azərbaycan dilində tərcümə

İnsanlar (xilqətin əvvəlində uzun müddət) yalnız vahid (və ixtilafsız) bir millət idilər. Beləliklə (dünya işlərində ictimai münasibətlərə görə, kitab nazil olduqdan sonra isə ixtilaflarını aradan qaldırmaq üçün kitabın özü ilə bağlı) ixtilafa düşdülər. Əgər (əzəli elmində və Lövhi-Məhfuzda) Rəbbindən (bütün dəlil-sübutlar təqdim edilməmişdən əzab verməmək və dəlil-sübutlar təqdim edildikdən sonra da tələsməmək barəsində) bir kəlam keçməsəydi, onların arasında mütləq ixtilaf etdikləri şey barəsində (əməli surətdə) hökm edilərdi. (Bəqərə surəsinin 213-cü ayəsinə müraciət edin.)
Yunus surəsi , 19-cu ayə
Yunus surəsi 19-cu ayə
Tam Surə

Yunus surəsi 19-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 19

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Başlanğıcda) insanlar vahid bir ümmət idilər. (Pak tövhid fitrətində idilər.) Sonra ixtilafa düçar oldular. (Bir qrup müvəhhid, digəri müşrik oldu.) Əgər Rəbbin tərfindən bir sünnə (imtahan üçün möhlət) müəyyənləşməsəydi, xalq arasında ixtilaf etdikləri şeyə görə mühakimə aparılardı. (Azğınların məhvi hökm olunardı.)”
Nöqtələr
Allah-təala Adəm və Həvvanı yerə endirdiyi vaxt buyurdu: "Yer üzü sizin və nəsliniz üçün bir müddət məskəndir.”  Demək, ilk gündən müəyyənləşmişdi ki, insana yer üzündə bir müddət möhlət verilsin. Olsun ki, "kəlimətun səbəqət” dedikdə həmin müqəddərat, proqram nəzərdə tutulmuşdur.
Bildirişlər
1. Bəşər ilkin yaranışda vahid ümmət, həmfikir və müvəhhid olmuşdur.
2. İctimai həyat elə başlanğıcdan mövcuddur.
3. Əqidə və əməldə ziddiyyət bəşər cəmiyyətinin zərurətlərindəndir.
4. Möhlət verilməsi ilahi rübubiyyət şənindəndir.
5. Seçim və əməl üçün fərdlərə möhlət verilməsi ilahi sünnədir.