Əl-Cinnə surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl-Cinnə surəsi" üzrə 28 ayə tapıldı.
De: «Mənə vəhy olundu ki, (bizim hiss etmədiyimiz, oddan yaranmış, erkək və dişi cinsli, doğub-törəyən, dini öhdəçilikləri, ölümləri və dirilmələri olan, savab qazanan və cəzaya uğrayan, Cənnətlik və Cəhənnəmlik mövcudlar olan) bir dəstə cin (bu Qur’ana) qulaq asdılar və (öz qövmlərinə qayıdıb) dedilər: «Həqiqətən, biz qəribə bir Qur’an eşitdik (kəlamının gözəlliyi, nəzminin dəqiqliyi və məzmununun dərinliyi ilə bəşər kəlamından olduqca üstündür)».
«O, (insanları) haqqa və məqsədə doğru hidayət edir. Beləliklə biz ona iman gətirdik və əsla heç kəsi Rəbbimizə şərik qoşmayacağıq.» (Bu ayədən başlayaraq on beşinci ayəyə kimi hamısı cinlərin bir-birləri ilə olan söhbətidir).
«Və (biz iman gətirdik.) Rəbbimizin məqamı və əzəməti çox ucadır. O, Özünə əsla nə bir zövcə götürmüşdir, nə də bir övlad».
«Bizim səfehimiz Allah barəsində haqdan uzaq olan söz deyirdi (ki, guya Onun zövcəsi və övladı vardır)».
«İnsanlardan bəzi şəxslər, cinlərdən bəzilərinə sığınırdılar (ki, hər hansı bir şəri özlərindən dəf etsinlər, yaxud da kahinlik yolu ilə bəzi xəbərləri öyrənsinlər). Bununla da onlar (cinlər) bunların (insanların) günahını, tüğyanını və zillətini (yaxud da bunlar onların tüğyan və üsyanını) artırırdılar».
«Onlar (müşrik insanlar da) siz (cinlər) güman etdiyiniz kimi güman etdilər ki, əsla Allah bir kəsi (bəşər üçün peyğəmbərliyə) seçməyəcək, (yaxud heç bir kəsi «məad» üçün) diriltməyəcəkdir».
«Biz əvvəllər onun (göyün) bəzi yerlərində (mələklərin sözünü) eşitmək üçün oturardıq, lakin indi kim qulaq asmış olsa, şöləli bir oxun onun pusqusunda durduğunu görər».
«Biz bilmirik ki, yer üzündə olanlar üçün şər istənilmişdir, yoxsa Rəbbi onların doğru yola yönəlmələrini və xeyrini istəmişdir».
«(Qur’ana qulaq asmazdan öncə) bizdən bir dəstə əməlisaleh idi, bir dəstə isə əməlisaleh deyildi. Biz müxtəlif firqələr halında idik».
«Biz bildik ki, əsla Allahı yer üzündə (Onun məqsədlərinə qarşı çıxmaqla) aciz edə bilməyəcəyik və (Onun qüdrətindən) qaçmaqla əsla Onu aciz (zəif) edə bilməyəcəyik».
«Və elə ki, biz bu hidayətedicini (Qur’anı) eşitdik, ona iman gətirdik. Çünki kim Rəbbinə iman gətirsə, nə (öz mükafatının) əskilmə(sin)dən, nə də hər zülmə uğramaqdan qorxar».
«Bizdən bir dəstə (Allahın əmrinə) təslim olanlar və bir dəstə də haqdan dönənlərdir. Təslim olanlar təkamül və hidayət axtarıb tapanlardır».
«(Mənə vəhy olundu ki): «Şübhəsiz, əgər (ins və cin) yolda (əqidə və əməlin düz yolunda) sabitqədəm olsalar, mütləq onları bol su (maddi və mənəvi bərəkətlər) ilə sirab edərdik ki,
Onları bununla imtahana çəkək. Kim öz Rəbbini yad etməkdən üz döndərsə, (Allah) onu ona qalib gələn ağır bir əzaba düçar edər».
«Məscidlər Allaha məxsusdur (ibadət niyyəti ilə olan səcdələr, namaz vaxtları, bütün məscidlər və insanın bədəninin səcdə zamanı yerə dəyən yeddi üzvü – hamısı Ona məxsusdur). Belə isə, Allahla birgə heç bir kəsi (sitayiş etmək məqsədilə) çağırmayın».
«Allah bəndəsi (Peyğəmbər) Allahı çağırmaq üçün qalxdıqda, (möminlər və müşriklər Qur’anın heyrətamiz ayələrini dinləmək üçün) az qala hamılıqla onun başına tökülüşələr».
De: «Mən ancaq öz Rəbbimi çağırıram və əsla bir kəsi (tanrılıq və ibadətdə) Ona şərik qoşmaram».
28 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
2 Səhifə