Əz-Zuxruf ‏ surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əz-Zuxruf ‏ surəsi" üzrə 89 ayə tapıldı.
Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)
And olsun bu aydın və (haqq ilə batilə, dinin əsasları ilə qollarına və halal ilə harama) aydınlıq gətirən kitaba ki,
Biz bu kitabı bəlkə (bu kitabın təqdim edildiyi ilk ümmət olan) siz (onun həqiqətləri barəsində) düşünəsiz deyə ərəbcə olan bir Qur’an etdik.
Həqiqətən bu (Qur’an) Bizim yanımızda ana kitabda (Lövhi-Məhfuzda) uca məqam və möhkəm quruluş, dəqiq məzmun və mətin bəyan sahibidir.
Siz həddini aşan bir dəstə olduğunuz üçün başdan ayağa öyüd-nəsihət olan bu kitabı nifrət üzündən sizdən geriyəmi qaytaraq?
Beləliklə Biz onlardan (ərəblərdən) daha güclüləri həlak etdik və keçmişlərin məsəl və vəsfi (bu Qur’anda nəql edilib) keçdi.
Əlbəttə, əgər onlardan (Məkkə müşriklərindən) «göyləri və yeri kim yaradıb» (deyə) soruşsan, mütləq «onları həmin qüdrətli və bilən (Allah) yaratmışdır» deyəcəklər. (Çünki onlar aləmin yaradılmasında deyil, onun idarə olunması və rübubiyyətdə şirkə düçar olmuşdular.)
Həmin O (Allah) ki, yer üzünü sizin üçün (beşik kimi) rahatlanmaq yeri etdi və bəlkə (öz dünyəvi hədəflərinizə, tovhid və onun kamilliyinə) hidayət olunasınız deyə sizin üçün onda yollar yaratdı.
Həmin O (Allah) ki, göydən müəyyən miqdarda (kamil hikmətinin tələbinə əsasən yağış, qar və dolu şəklində) su nazil etdi və onun vasitəsi ilə (bitki və ağaclar bitirməklə) ölü bir ölkəni diriltdik. (Qiyamət günü siz də torpaqdan) beləcə çıxarılacaqsınız.
Həmin O (Allah) ki, (varlıqların) bütün növləri(ni və bütün cüt məxluqatı) yaratdı və sizin üçün mindiyiniz gəmi və heyvanları vücuda gətirdi.
(Yaratdı) ki, onların üstünə minəsiniz, sonra onların üstündə qərar tutan zaman Rəbbinizin nemətini xatırlayıb deyəsiniz: «Bunu bizə tabe və ram edən (hər bir eyb və nöqsandan) pakdır; (yoxsa) bizim buna gücümüz çatmazdı».
Və (müşriklər) bəndələrindən Allaha hissə (atadan ayrılmış bir hissə olan övlad) nisbət verdilər (mələkləri Onun qızları adlandırdılar). Doğrudan da insan çox küfr edən və aşkar nankordur.
Halbuki onlardan birinə Rəhman olan Allaha nisbət verdiyi şey ilə (Allahın övladı hesab etdiyi qızın dünyaya gəlməsi ilə) müjdə verilən zaman içi qüssə və hüzn ilə dolu halda (kədərinin çoxluğundan) üzü qaralar.
Bər-bəzək içində bəslənən, mübahisə və dava-dalaş zamanı bəyanı aydın olmayan kəsi (Allahın övladı adlandırırsınız)?!
Rəhman Allahın bəndələri olan mələkləri qızlar sandılar. Məgər onların yaradılışında iştirak edib (onların qız olmalarını) görüblər? Tezliklə onların (mələklər barəsindəki) şahidlikləri yazılacaq və sorğu-sual ediləcəklər.
Onlar (bütlər barəsində) dedilər: «Əgər Rəhman Allah (bizim bütlərə ibadət etməməyimizi) istəsəydi (əsla) onlara ibadət etməzdik!» Onların bu iddialarına (dair) bilikləri yoxdur, əksinə, yalnız güman edir və yalan deyirlər. (Çünki Allahın, şərik qoşmamağı məcburi etmək istəməməsi Onun həmin əmələ razı olmasına və bu işdən ixtiyari şəkildə çəkindirməməsinə dəlalət etmir. Əksinə, Allahın ayələri ixtiyari qadağanın olmasını sübut edir.)
89 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
5 Səhifə