Hud surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Hud surəsi" üzrə 123 ayə tapıldı.
Əlif, Lam, Ra. (Mən bütün əşyaları görən Allaham. Mənim kitabım həmin bu hərflərdən təşkil olunmuşdur, amma eyni zamanda möcüzədir. Mənim kitabımın möhkəm və bu cür mütəşabih ayələri vardır. Bu hərflər Allahla Onun peyğəmbəri Muhəmməd səlləllahu əleyhi və alihi və səlləm arasında olan rəmzlərdir. Bu Qur’an) ayələri (kəlmələrinin fəsihliyi, quruluşunun möhkəmliyi, məzmununun xəta, ixtilaf və nəsxdən qorunması ilə) möhkəmlənmiş, sonra isə hikmətli və xəbərdar (Allah) tərəfindən (surələr, ayələr, hökmlər, əxlaqi göstərişlər və digər müxtəlif maariflərlə) ətraflı şəkildə izah edilmiş bir kitabdır.
(Mənim dəvətim bundan ibarətdir) ki: «Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən mən Onun tərəfindən sizin üçün bir qorxudan və müjdə verənəm.»
«Və öz Rəbbinizdən bağışlanmaq istəyəsiniz, sonra (tövbə edərək) Ona tərəf qayıdasınız ki, sizi müəyyən müddətədək (dünya həyatının) gözəl bəhrələrindən bəhrələndirsin və hər bir fəzilət sahibinə öz dəyərini (hər bir kamal sahibinə kamalına uyğun olaraq onun dünya və axirət kamilliklərinin mükafatını) əta etsin. Və əgər üz döndərsəniz, şübhəsiz, mən sizin üçün böyük günün əzabından qorxuram.»
Qayıdışınız (əvvəlcə Bərzəxə, sonra Qiyamətə və daha sonra daimi nemət və ya əzab məkanına daxil olmaqla) Allaha tərəfdir və O, hər şeyə qadirdir.
Bilin ki, onlar (müşriklər Qur’anı eşidən zaman) Peyğəmbərdən gizlənmək üçün sinələrini bükürlər [və Allahı yada salmaqdan yayınmaq üçün qəlblərini (Qur’ana diqqət etməkdən) yayındırırlar]. Bilin! Allah onlar öz paltarlarını başlarına və bədənlərinə bükəndə və ya yatarkən yorğanı başlarına çəkən zaman onların gizlətdiklərini də və (dillə) aşkar etdiklərini də bilir. Həqiqətən O, sinələrdəki (ürəklərdəki) sirləri biləndir.
Bu yer üzündə (heyvan, cin və insan olmasından asılı olmayaraq) hərəkət edən hər bir canlının ruzisi Allahın öhdəsinədir və O, onların əsl məkanlarını və müvəqqəti yerlərini (onların atalarının belində və analarının bətnində olan yerlərini) bilir. [Yaxud: O, onların (həyatda) məskunlaşdıqları məkanı və (ölümdən sonra) əmanət qoyulduqları yeri bilir.] (Bunların) hamısı aydın kitabda (uca aləmdə Allah dərgahına yaxın olanların nəzərlərində aydın olan Lövhi-Məhfuzda) qeyd olunmuşdur.
Sizin hansınızın daha gözəl əməl sahibi olmasını imtahan etmək üçün göyləri və yeri (səltənət) taxtı suyun üzərində olan halda, altı gündə (altı günə və ya altı gecə-gündüzə bərabər olan bir müddətdə, ya altı mərhələdə) yaradan Odur. Və əgər «siz öldükdən sonra mütləq dirildiləcəksiniz» desən, kafirlər «bu (cür sözlər), açıq-aşkar cadudan başqa bir şey deyil» deyəcəklər.
Və əgər əzabı az bir müddətə qədər təxirə salsaq, mütləq (istehza ilə) «ona nə mane olur?!» deyəcəklər. Bilin, (əzab) onlara gələn gün, (o) əsla onlardan dəf olunan deyil və istehza etdikləri şey onları bürüyəcəkdir.
Və şübhəsiz, əgər insana Öz tərəfimizdən (sağlamlıq, övlad və var-dövlət kimi) bir rəhmət daddırsaq, sonra onu (etdiyi günaha görə ya yaradılışın daha kamil quruluşunun tələbinə əsasən) ondan geri alsaq həqiqətən, o (gələcəyə) çox naümid və (keçmiş nemətlərə görə) nankordur.
Və əgər ona düçar olduğu çətinlikdən və pərişanlıqdan sonra (sağlamlıq, sərvət və əmin-amanlıq kimi) bir rahatlıq və nemət daddırsaq mütləq «çətinliklər və bəlalar məndən (keçib) getdi (və bir daha gəlməz)» deyəcəkdir və həmin halda fərəhlənər və çox öyünər.
Səbr edib yaxşı işlər görənlər (və nəticədə ruhları xatircəmlik məqamına çatmış və halların dəyişməsinin naümidlik, nankorluq, fərəh və məğrurluq yaratmadığı kəslər) müstəsnadır. Bağışlanma və böyük mükafat məhz onlar üçündür.
Buna görə də, bəlkə də sən onların «nə üçün ona bir xəzinə nazil olmayıb və ya onunla birgə bir mələk gəlməyib?» demələrinə görə, (bütlərə və onların cahiliyyət adət-ənənələrinə istehza etmək kimi) sənə vəhy edilənin bəzisini tərk edərsən və onun çatdırılmasından sinən (ürəyin) sıxılar! Əslində sən yalnız bir qorxudansan (xəzinə və mələk sənin ixtiyarında deyildir) və Allah hər bir şeyə nəzarət edən və qoruyandır.
Yoxsa «o, bunu (Qur’anı) özündən uydurmuşdur (və yalandan Allaha nisbət verir)!» deyirlər! De: «Əgər doğruçusunuzsa, siz də onun kimi on uydurma surə gətirin və (onu düzəltmək üçün) Allahdan başqa, kimi bacarırsınız çağırın».
Buna görə də (ey müsəlmanlar), əgər inkar edənlər sizin bu dəvətinizi qəbul etməsələr (və ey müşriklər, əgər alimləriniz bu üzləşmədən boyun qaçırsalar), onda bilin ki, şübhəsiz bu (kitab) Allahın elmi ilə nazil olmuşdur və Ondan başqa bir məbud yoxdur. Belə isə (haqqa) təslim olacaqsınız?!
Biz (dini qəbul etməyib) dünya həyatını və onun zinət və bəzəyini istəyənlərin (gözəl rəftarları, pul xərcləmələri, ixtiraları və müxtəlif xidmətlər kimi xeyir) əməllərini(n dünya mükafatını, mükafatın əməlin təbii nəticəsi, yaxud ilahi bəxşiş olmasından asılı olmayaraq) dünyada kamil surətdə onlara verərik və dünyada onlardan əsla bir şey kəsilməz.
Onlar o kəslərdir ki, axirətdə onlar üçün oddan başqa bir şey (pay) yoxdur. Onların yerinə yetirdikləri orada puç və təsirsiz olacaqdır və etdikləri əməllər (iman şərtinin və çox vaxt da Allaha yaxınlaşmaq qəsdinin olmaması üzündən, kökündən) boşa çıxacaqdır.
Məgər (əməl və etiqadında) öz Rəbbi tərəfindən (Qur’an kimi) aydın bir dəlil üzərində dayanan, ardınca Allah tərəfindən bir şahidi (məsumun təsdiqi, eləcə də onun Qur’anın təsdiqi olan möcüzəsi və ağılın hökmü) olan və ondan qabaq Musanın rəhbər və rəhmət olan kitabı olmuş bir şəxs (yalnız gümana və şəkkə əsaslanan bir kəs kimidir)? (Bəli,) bu Qur’ana iman gətirənlər onlardır. Və dəstələrdən kim ona kafir olsa, onun vədə yeri oddur. Buna görə də, onun barəsində şəkk və tərəddüddə olma. Şübhəsiz o, sənin Rəbbin tərəfindən olan sabit bir haqdır və lakin insanların çoxu iman gətirmirlər.
Kim Allaha yalan nisbət verəndən (Onu olmadığı kimi vəsf edəndən, qeyri-asimani bir dini Ona nisbət verəndən, şəriətdə bir bidət yaradandan) daha zalımdır? Onlar (Qiyamət günü) özlərinin Rəbbinə təqdim ediləcəklər və şahidlər (əməlləri yazan mələklər, hər bir əsrin məsumu və özlərinin bədən üzvləri) deyəcəklər: «Bunlardır özlərinin Rəbbinə yalan nisbət vermiş kəslər! Bilin! Allahın lənəti olsun zalımlara!
O kəslər(ə) ki, (insanları) Allahın yolundan saxlayır və onu əyri göstərirlər (yaxud ona əyri mətləblər daxil edirlər) və o kəslər ki, axirət gününə olduqca kafirdirlər.
Onlar yer üzündə (Allahı) əsla aciz qoya (Onunla mübarizə apara və ya Onun əzabından qaçıb qurtula) bilməzlər və onlar üçün Allahdan başqa yardımçı və başçılar yoxdur. Onların axirət əzabı (özlərinin və onlara tabe olanların əməllərinin cəzası olaraq) ikiqat olacaqdır. Onların (haqqı) eşitməyə taqətləri yox idi və heç vaxt (qəlb gözü ilə) haqqı görmürdülər.
123 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
7 Səhifə