"Bəqərə surəsi" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Bəqərə surəsi" üzrə 293 ayə tapıldı.
Əlif, Lam, Mim. (Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitab «Əlif» (Allah) tərəfindən «Lam»ın (Cəbrailin) vasitəsi ilə «Mim»ə (Muhəmmədə - səlləllahu əleyhi və alih) nazil edilmişdir. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.)
Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı kitab pəhrizkarlar (aşağıdakı beş xüsusiyyəti fitrət və ya peyğəmbərlərin dəvəti yolu ilə əldə etmiş kəslər) üçün hidayət mənbəyidir.
O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad kimi hissiyyatın dərk edə bilmədiyi şeylərə) inanır, namaz qılır (haqqın müqabilində boyun əyir) və ruzi olaraq verdiyimiz şeylərdən (Allah yolunda) xərcləyirlər.
O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub keçmiş peyğəmbərlərə) nazil edilənlərə imanları və axirət (qiyamət) gününə yəqinlikləri vardır.
Məhz onlar (Qur’anın hidayətindən qabaq) Allahları tərəfindən (fitri və əqli) bir hidayətdədirlər və nicat tapanlar da onlardır (və Qur’an onları bu məsələlərin arxasınca gələn kamilliklərə hidayət edir. Bu işləri inkar edən kəslərə isə müsbət təsir göstərmir).
Şübhəsiz, küfr edənlər (və öz küfrlərində israr edənlər) üçün onları qorxutmağınla qorxutmamağın birdir, iman gətirməyəcəklər.
Allah onların qəlblərinə və qulaqlarına (bədbəxtlik) möhür(ü) vurmuşdur və onların gözlərində (qəflət) pərdə(si) vardır. Onlara böyük bir əzab veriləcəkdir.
Allahı və iman gətirənləri aldatmaq istəyirlər, halbuki, özlərindən başqa heç kəsi aldatmırlar və başa (da) düşmürlər.
Onların qəlblərində xəstəlik (küfr, şəkk və nifaq xəstəliyi) vardır, Allah da xəstəliklərini artırmış və artırmaqdadır və danışdıqları yalanın müqabilində onlar üçün ağrılı bir əzab vardır.
Onlara «siz də camaat kimi iman gətirin» deyildikdə (öz qəlblərində) deyərlər: «Biz də səfehlər kimi iman gətirək?!» Bilsinlər ki, onların özləri səfehdirlər, lakin (bunu) bilmirlər.
Onlar iman gətirənlərlə görüşdükləri zaman «iman gətirdik» deyərlər, öz şeytanları (azğın dostları) ilə xəlvətə çəkildikləri zaman isə «şübhəsiz, biz sizinləyik, biz (özümüzü iman gətirmiş kimi göstərməklə onları) yalnız ələ salırıq» deyərlər.
Allah da (Qiyamətdə) onları ələ salacaqdır. (İndi) kor-koranə dolandıqları azğınlıqlarında onlara möhlət verir və (azğınlıqlarını) gücləndirir.
Onlar azğınlığı hidayət bahasına satın almış kəslərdir. Buna görə də nə ticarətləri bir xeyir verdi, nə də (haqq) yolu tapanlardan oldular.
Onların hekayəti (qaranlıq gecədə geniş bir çöldə) od yandıran şəxsin hekayətinə bənzəyir. Beləliklə, (od) onun ətrafını işıqlandıran kimi, Allah (odu söndürməklə) onların nurunu aradan aparar və onları heç görə bilməyəcəkləri bir qaranlıqda boşlayar.
Yaxud (onların hekayəti) səmadan yağan və qaranlıqlar, göy gurultusu və şimşəyi olan doluya (düşmüş şəxslərin hekayətinə) bənzəyir. Onlar ölümdən qaçmaq üçün ildırımın şiddətindən barmaqlarını qulaqlarına tıxayarlar. Allah bütün kafirləri (elm və qüdrət baxımından) əhatə etmişdir.
Çaxan şimşək az qalır ki, onların gözlərinin işığını aradan aparsın. Onlara işıq saçan zaman həmin işıqda yol gedər, fəza qaranlıqlaşanda isə dayanarlar. Əgər Allah istəsəydi, onların eşitmə və görmə (qabiliyyət)lərini əllərindən alardı. Çünki Allah hər şeyə qadirdir.
293 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
15 Səhifə