"Müşriklər" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Müşriklər" üzrə 150 ayə tapıldı.
Nə kitab əhlindən olan kafirlər, nə də müşriklər Rəbbiniz tərəfindən sizə (vəhy, kitab və qələbə kimi) bir xeyir nazil olmasını sevmirlər, halbuki Allah Öz rəhmətini istədiyi şəxsə məxsus edər. Allah böyük lütf, mərhəmət sahibidir.
Yəhudilər dedilər: «Xristianlar haqq dində deyildirlər.» Və xristianlar dedilər: «Yəhudilər doğru dində deyildirlər.» Halbuki, onların hamısı (səma) kitab(ı) oxuyurlar. (Deməli iddiaların hər ikisi səhvdir və hər iki şəriət yalnız öz zamanlarında haqdır.) (Müşriklər kimi) nadanlar da onların sözləri kimi (sözlər) dedilər (ki, müsəlmanlar haqq deyildirlər). Odur ki, barəsində ixtilafa düşdükləri şey barəsində onların aralarında Qiyamət günü Allah hökm edəcəkdir.
Və (kitab əhli insanlara) dedilər: «Yəhudi yaxud xaçpərəst olun ki, doğru yolu tapasınız.» De: «Əksinə, haqq (yol)a yönəlmiş İbrahimin dininə (tabe olacağıq) və o, əsla müşriklərdən olmayıb.»
(Bəli) və haradan çıxsan (namazda) üzünü Məscidül-Hərama tərəf döndər. Harada olsanız üzünüzü ona tərəf döndərin ki, insanların zalımlarından (məntiqsiz söz danışanlarından) başqalarının sizə (irad tutmağa) bir dəlili olmasın (müşriklər deməsinlər ki, «İbrahimin dininin iddiasını etdiyi halda, onun qibləsi ilə müxalifdir» və ya kitab əhli «gəlməsi vəd edilmiş peyğəmbərin qibləsi Kə’bə olmalıdır, deməli bu şəxs həmin peyğəmbər deyil» deməsinlər). Odur ki, onlardan qorxmayın Məndən qorxun. Və (həmçinin bu qiblənin təyin edilməsi) bəlkə hidayət olundunuz deyə Öz nemətimi sizə tamamlamağım üçündür.
Həqiqətən, Səfa və Mərvə (dağları) Allahın (dininin və Ona sitayişin) əlamət və nişanələrindəndir. Odur ki, Allah evinin «həcc» ziyarətini edən, yaxud «ümrə»ni yerinə yetirən şəxsin o ikisini təvaf etməsində (ikisi arasında «sə’y» etməsində) ona (nəinki) heç bir günah yoxdur (əksinə vacibdir. Çünki, İslamdan qabaqkı müşriklərin Səfa və Mərvənin hər birində bir büt qoyub, hər dövrdə onlara təzim etmələri, sizin Allah üçün olan «sə’y» əməlinizin haramlığına səbəb olmur). Hər kim vacib miqdardan artıq xeyir bir iş görsə (sə’y və təvafın sayını artırsa), Allah qədirbilən (əməli qiymətləndirərək yaxşı mükafatlandıran) və (hər şeyi) biləndir.
Onları (Məkkə müşriklərini) harada ələ keçirsəniz öldürün və sizi qovub çıxardıqları yerdən (Məkkədən) qovub çıxardın. Fitnə (onların Allaha şərik qoşmaları, müsəlmanları incitmələri və Məkkədən çıxarmaları) öldürməkdən daha pisdir. Onlar sizinlə Məscidül-Həramın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın. Beləliklə əgər sizinlə (orada) vuruşsalar, onları öldürün ki, kafirlərin cəzası elə odur.
Sonra (müşriklərin getdikləri yol ilə deyil) camaatın axışdığı yer ilə (Məş’ər çölündən Minaya tərəf) yollanın. Və Allahdan bağışlanmaq diləyin ki, Allah çox bağışlayan və mehribandır.
(İslam döyüşçülərindən bir neçəsi səhvən haram ayda vuruşduqları üçün) səndən haram ayda (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarında) döyüşmək barəsində soruşurlar, de: «Onda hər növ döyüş böyükdür (böyük günahdır), lakin Allah yolunun (insanların İslamı qəbul etmələrinin) qarşısının alınmasının bütün növləri, Ona kafir olmaq, (camaata) Məscidül-Həram(a girməyə mane olmaq) və onun əhalisini oradan çıxarmaq (kafirlərin etdikləri bu işlərin günahı) Allah yanında (haram ayda vuruşmaqdan) daha böyükdür. Və fitnə (Allaha şərik qoşmaq və müsəlmanları incitmək) öldürməkdən daha böyükdür! (Müşriklər) daim sizinlə vuruşacaqlar ki, əgər bacarsalar sizi dininizdən döndərsinlər. Sizdən kim öz dinindən dönsə və küfr halında ölsə, belə şəxslərin (yaxşı) əməlləri dünyada və axirətdə puça çıxacaqdır (bu dünyada camaatın onların qoyub getdikləri yaxşı nişanələrə görə onları xoşluqla xatırlamaları, barələrində dua etmələri və onlar üçün rəhmət diləmələri əks nəticələnəcəkdir). Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
Odur ki, əgər səninlə mübahisə edərək höcətləşsələr de: «Mən vücudumu Allaha təslim etmişəm və həmçinin, mənə tabe olanlar (da özlərini təslim ediblər)!» Və (səmavi) kitab verilmiş kəslərə və savadsızlara (kitabsız müşriklərə) de: «İslamı qəbul etmisiniz?» Beləliklə, əgər İslamı qəbul etsələr mütləq hidayət olunublar və əgər arxa çevirsələr, onda sənin vəzifən (öz vaxtı olan vuruşma və ya Allaha aid olan cəzalandırma deyil) yalnız (peyğəmbərliyi və ondan doğan vəzifələri) çatdırmaqdır. Allah Öz bəndələrini görəndir.
İbrahim nə yəhudi idi, nə də xristian, lakin Allaha təslim olan haqpərəst idi. Həmçinin, müşriklərdən (də) deyildi.
De: «Allah doğru buyurdu (ki, Tövratın haram etdiyi şeylər əvvəlki şəriətlərdə və İbrahimin dinində halal olub). Buna görə də haqpərəst olan və müşriklərdən olmayan İbrahimin dininə tabe olun.»
Şübhəsiz, Allah (Ühüd müharibəsində) Onun əmri ilə onları (müşrikləri) əzib-tökdüyünüz zaman Öz vədini sizin üçün gerçəkləşdirdi, o vaxta kimi ki, süstləşdiniz, (sizə əmr olunmuş) işdə (yəni düşmənin qəflətən hücum edə biləcəyi mövqeyin qorunmasında) ixtilafa düşdünüz və sevdiyiniz şey (düşmən üzərində qələbə) sizə göstərildikdən sonra itaətsizlik etdiniz. Sizlərdən bəzisi dünyanı (döyüş qənimətlərini), bəziləriniz isə axirəti istəyirdi. Sonra sizi sınamaq üçün onlardan (onlara qalib gəlməkdən) yayındırdı. Əlbəttə sizi əfv etdi və Allah möminlərə qarşı (böyük) mərhəmət sahibidir
Mallarınız və canlarınız barədə mütləq imtahan ediləcəksiniz və mütləq sizdən əvvəl (səmavi) kitab verilmiş şəxslərdən və həmçinin müşriklərdən (dinin və Peyğəmbərin inkarı və istehza olunması, eləcə də insanların İslam əleyhinə təhrik olunmaları barəsində) çoxlu cansıxıcı sözlər eşidəcəksiniz. Əgər səbr və təqvaya yiyələnsəniz, bu (dözümlülük), həqiqətən, böyük və əhəmiyyətli işlərdəndir.
Sizə nə olub ki, Allah yolunda və (o günlərdə müşriklərin hakimiyyəti altında olan Məkkə müsəlmanlarının, eləcə də bütün əsrlərdə zəmanə imperiyalarının hakimiyyəti altında olan) kişi, qadın və uşaqlardan ibarət müstəzəflərin (zəif hala salınıb həmin halda saxlanılan təbəqənin) - həmişə «ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə Öz tərəfindən bir başçı ver və bizə Öz tərəfindən bir köməkçi təyin et» deyən kəslərin (nicatı) uğrunda vuruşmursunuz?!
Məgər (cihad hökmündən qabaq Məkkədə) «(müşriklərlə döyüşdən) əl saxlayın, namaz qılın və zəkat verin» deyilən (lakin döyüşə tələsən), amma (Mədinədə) döyüş yazılan və qərara alınan zaman, bir dəstəsi insanlardan Allah qorxusu qədər və ya ondan da artıq qorxan və «ey Rəbbimiz, nə üçün bizə döyüş qərara aldın (yazdın)? Nə üçün bizə azacıq bir möhlət vermədin?» deyən kəsləri görmədinmi?! De: «Dünyanın mənfəəti azdır və təqvalılar üçün axirət daha yaxşıdır. (Orada) sizə hətta xurma çərdəyinin yarığındakı nazik tel qədər zülm olunmayacaq və haqqınızdan kəsilməyəcəkdir.»
(Bu ayə kitab əhli və müşriklərdən olan kafirlərin öz müşrik qohum və dostlarının içərisində olanlar barəsindədir.) Onlar sizin də özləri kimi kafir olmanızı istəyirlər ki, bir-birinizlə bərabər olasınız. Buna görə də onlar Allah yolunda (və dini qəbul etmələrini sübuta yetirmək üçün İslam diyarına) hicrət etməyincə, əsla onlardan dostlar götürməyin. Beləliklə əgər (bu işdən) üz döndərsələr onları (müşriklər kimi) harada tapsanız tutun və öldürün. Onlardan heç vaxt dost və köməkçi götürməyin.
Onların çoxunu kafirlərlə (müşriklərlə) dostluq edən görürsən. Doğrudan da nəfsi istəklərinin onlar üçün qarşıya çıxardığı şey pisdir ki, Allah onlara qəzəb etmiş və onlar ilahi əzabda həmişəlikdirlər.
Əgər onların Allaha və Peyğəmbərə və ona nazil olana imanları olsaydı, onları (müşrikləri) dost tutmazdılar. Lakin onların çoxu itaətsizdirlər.
Şübhəsiz, insanların iman gətirənlərə qarşı düşmənçilikdə ən qatısının yəhudilər və müşriklər olmasını görəcəksən. Onların möminlərlə dostluqda ən yaxın olanlarının isə «biz xaçpərəstlərik» deyənlər olduğunu görərsən. Bu, ona görədir ki, onların bir qismi keşişlər və rahiblərdir və onlar təkəbbürlənmir, özlərini yuxarı tutmurlar.
De: «Göylərin və yerin yaradanı olan və (başqalarını) yedizdirib Özü yedizdirilməyən Allahdan qeyrisinimi özümə başçı və yardımçı götürüm?!». De: «Həqiqətən, mənə İslamı qəbul edən ilk şəxs olmağım əmr olunmuşdur və (mənə deyilmişdir ki,) əsla müşriklərdən olma(yım)».
150 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
8 Səhifə