"hi" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "hi" üzrə 1548 ayə tapıldı.
Sizlərdən azad və möminə qadınlarla evlənməyə maddi imkanı olmayan şəxs malik olduğunuz kənizlərdən cavan və möminə qızlarla evlənsin. Allah imanınızı daha yaxşı bilir. Hamınız bir-birinizdənsiniz (hamınız iman telləri vasitəsi ilə bir-birinizə bağlanmış bədənin üzvlərisiniz). Buna görə də sahiblərinin icazəsi ilə onlarla evlənin və mehriyyələrini zina əhli və gizlin aşnası olana deyil, namuslu olduqları təqdirdə gözəl bir tərzdə onlara ödəyin. Beləliklə əgər bu qadınlar (kənizlər) evlənəndə(n sonra) çirkin işə (zinaya) mürtəkib olsalar, onların cəzası azad qadınlar üçün olanın yarısı qədərdir. (Kənizlə evlənməyə verilən) bu (icazə) sizin (subaylıq) məşəqqət(in)dən və (zinanın) zərər(in)dən qorxanınız üçündür. Sizin üçün səbr etmək daha yaxşıdır. Allah çox bağışlayan və mehribandır.
Allah (dinin hökm və maarifini) sizə aydınlaşdırmaq, sizi sizdən əvvəlkilərin (dini) adətlərinə hidayət etmək və nəzərini sizə yönəltməklə tövbənizi qəbul etmək istəyir. Allah bilən və hikmət sahibidir.
Heç vaxt Allahın, vasitəsilə birinizi digərinizdən üstün etdiyi şeyi arzulamayın (kişilər və qadınlar bir-birlərinin şər’i, qanuni, cismi və ruhi üstünlüklərini, eləcə də heç bir şəxs və ya dəstə başqasının Allah tərəfindən verilmiş mal, məqam və övlad kimi üstünlüklərini arzulamasın. Çünki bu imtiyaz və üstünlüklər hikmətə və yaradılış aləminin kamilliyinə əsaslanır və ona zidd arzular cəmiyyətdə paxıllığın və fəsadın aşkar olmasına səbəb olur). Kişilərin (ixtiyari və ya qeyri-ixtiyari xüsusiyyətlərlə) qazandıqlarından (əldə etdiklərindən) payları vardır. Həmçinin qadınların qazandıqlarından payları vardır. Allahdan (bir şey istədikdə) Onun fəzlindən istəyin ki, həqiqətən Allah hər bir şeyi biləndir (hər bir kəsə onun xeyrinə olanı verir).
Ata-ana, yaxınlar və (evlilik, cərirə zəmanəti, yaxud köləlikdən azad olma) əhd – peyman(ı) bağladığınız kəslərin qoyub getdikləri hər bir mal üçün varislər müəyyənləşdirmişik (və qohumluğun dərəcələri arasındakı fərq əsasında onlara irs düşür). Hər bir insan üçün (onun) mirası çatan varislər müəyyənləşdirmişik (və onlar) ata-ana və onun (digər) yaxınları, həmçinin (evlilik, cərirə zəmanəti, köləlikdən azad etmə və imamət) əhd-peyman(ı) bağladığınız kəslər(dən ibarət)dir. Odur ki, (ey zəmanənin hakimləri,) onların paylarını özlərinə verin. Şübhəsiz, Allah hər şeyə şahiddir.
Allah bəzilərini (kişiləri düşüncə, ruh və cismani qüvvə baxımından) digər bəzilərindən (qadınlardan) üstün etdiyi üçün kişilər qadınların ixtiyar sahibidir (və buna görə də cəmiyyətin işlərinin peyğəmbərlik və imamət məqamı ilə, eləcə də məsum tərəfindən təyinatla idarə olunmasını kişilərə məxsus etmişdir). Həmçinin kişilər mallarından (arvadlarına) xərclədikləri üçün öz arvadlarının ixtiyar sahibidirlər. Buna görə də ləyaqətli qadınlar itaətkardırlar və Allahın (onların hüquqlarını) qoruması müqabilində onlar da (ərləri yanlarında olmayanda onların hüquqlarını, sirlərini, mallarını) qoruyurlar. (Müştərək həyatla bağlı məsələlərdə) itaətsizliklərindən qorxduğunuz qadınlara (əvvəlcə) nəsihət edin və (sonra) yataqda onlardan uzaqlaşın və (əgər yenə xeyri olmasa, şəriət qanunu çərçivəsində) onları vurun. Beləliklə əgər sizə itaət etsələr daha (bundan sonra) onlara (əziyyət etmək üçün) bir yol axtarmayın. Həqiqətən Allah məqamı uca və böyükdür.
Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın, ata-anaya həmçinin qohumlara, yetimlərə, yoxsullara, yaxın qonşulara, uzaq qonşulara, yaxın dostlara (həmkar, məclis yoldaşı, səfər yoldaşı və başqalarına), yolda qalana və sahib olduğunuz qul və kənizlərə layiqli bir yaxşılıq edin. Həqiqətən Allah təkəbbürlü və lovğa şəxsi sevmir.
Buna görə də hər ümmətdən (onların iman, küfr, itaətkarlıq və itaətsizliklərinə şahidlik etmək üçün) bir şahid (peyğəmbərlərini) gətirəcəyimiz və səni də bunlara (bu ümmətə, yaxud o şahidlərə) şahid gətirəcəyimiz zaman (sənin və camaatın halı) necə olacaq?!
Yəhudilərdən bəziləri (Tövratın) kəlmələrin(in) yerini (dəyişib) təhrif edir və dillərini (ərəb ləhcəsində olduğu kimi) əyməklə və dinə tənə vurmaq məqsədilə deyirlər: «Eşitdik və (batində deyirlər) itaətsizlik etdik və eşit ki, eşitməyəsən». (Onların bu sözlərinin zahiri mənası budur ki, pis eşitməyəsən. Lakin onu deməkdən məqsədləri budur ki, kar olasan yaxud yaxşı söz eşitməyəsən.) Həmçinin «raina» deyirlər (ki, onun mənası ərəb dilində «bizi riayət et», ibrani dilində isə «ey bizim çobanımız» deməkdir)! Əgər onlar «eşitdik və itaət etdik və eşit və bizə nəzər sal» desəydilər, şübhəsiz (bu) onlar üçün daha yaxşı və düzgün olardı. Lakin Allah onları küfrləri vasitəsilə lənətləmiş və (rəhmətindən) uzaqlaşdırmışdır. Buna görə də onların yalnız az bir hissəsi iman gətirər (və ya onlar həqiqətlərin yalnız az bir qisminə iman gətirərlər).
Məgər onların (Tövrat və İncil alimlərinin) hökümətdən bir payları var (ki, peyğəmbərlik və hidayəti istədikləri şəxsə versinlər)?! Əgər elə olsaydı, onda onlar camaata (mal və məqamdan) hətta xurma tumunun arxasındakı nöqtə qədər də olsun (bir şey) verməzdilər!
Yoxsa onlar Allahın insanlara (Peyğəmbərə və onun əhli-beytinə) Öz fəzlindən verdiyi şeyə görə paxıllıq edirlər? Həqiqətən, Biz İbrahim ailəsinə kitab və hikmət (peyğəmbərlik, şəriət və əqli maarif) verdik və onlara böyük bir hökümət əta etdik.
Beləliklə onların (kitab əhlinin) bəzisi ona (Muhəmmədə-səlləllahu əleyhi və alihi və səlləm) iman gətirdi, bəzisi ondan üz döndərdi və başqalarını da ona iman gətirməkdən saxladı. Alovlanmış od olan Cəhənnəm onlara kifayətdir.
Şübhəsiz, ayələrimizi (Qur’anı) və (tovhid) nişanələrimizi inkar edənləri tezliklə (ölən kimi Bərzəx aləmində, yaxud Allahın nəzərində tez olan Qiyamətdə yandırıcı) oda daxil edəcək və onun istiliyini onlara daddıracağıq. Dəriləri yanıb bişdiyi zaman onların yerinə başqa dərilər gətirərik ki, əzabı (tam) dadsınlar. Doğrudan da Allah qüdrətli və hikmət sahibidir.
Həqiqətən, Allah sizə əmanətləri (vacibi əməlləri Allaha və camaatın haqlarını onlara) öz sahiblərinə qaytarmağınızı əmr edir. İnsanlar arasında (mübahisə və dava-dalaş barəsində və ya şəxslər və hadisələr haqqında) hökm çıxaranda, ədalətlə hökm çıxarın. Doğrudan da Allah sizə gözəl bir öyüdlə nəsihət edir. Həqiqətən Allah həmişə eşidən və görəndir.
Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun. Beləliklə, əgər (din və ya dünya işlərindən) bir şey barəsində mübahisəniz olsa, Allaha və axirət gününə imanınız varsa, onu Allaha və Onun peyğəmbərinə həvalə edin (dini ixtilafı şəriət alimi, dünya barəsindəki ixtilafı isə qazı vasitəsilə Allahın kitabına və Peyğəmbərin sünnəsinə əsaslandırın). Bu (sizin üçün) daha xeyirli və nəticə baxımından daha gözəldir.
Məgər sənə nazil olana və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) iman gətirdiklərini güman edən, lakin (mübahisə zamanı) mühakiməni ona qarşı kafir olmaları əmr olunmuş azğınların (kafirlərin azğın hakimlərinin) yanına aparmaq istəyən kəsləri görmədin?! Şeytan onları uzun-uzadı bir zəlalətlə azdırmaq istəyir.
Allaha və Onun Peyğəmbərinə itaət edənlər (dünya və axirətdə) Allahın nemət verdiyi kəslərlə – peyğəmbərlər, doğruçular, şəhidlər, əməllərə şahid olanlar və saleh insanlarla – birlikdədirlər. Onlar gözəl dostlardır.
İman gətirənlər Allah yolunda vuruşurlar. Küfr edənlər isə azğının (haqqa itaətsizlik edən tüğyançının) yolunda vuruşurlar. Buna görə də siz Şeytanın köməkçiləri və dostlarına qarşı vuruşun. Şübhəsiz Şeytanın məkr və hiyləsi həmişə (Allahın tökdüyü tədbir müqabilində) zəifdir.
(Ey insan,) sənə yetişən hər hansı bir yaxşılıq Allah tərəfindəndir (onun səbəbi Allahın rəhmətidir) və sənə yetişən hər hansı bir pislik sənin öz tərəfindəndir (onun səbəbi sənin günahlarındır). (Ey Peyğəmbər,) Biz səni insanlara elçi olaraq göndərdik. Allahın (sənin peyğəmbərliyinə) şahid olması kifayətdir.
Əgər onlara əmin-amanlıq və ya qorxu (müsəlmanların qələbəsi və ya məğlubiyyətinin səbəbi) barəsində bir xəbər çatsa (araşdırmadan) onu yayarlar, halbuki əgər onu Allahın peyğəmbərinə və özlərinin ixtiyar sahiblərinə həvalə etsəydilər, şübhəsiz onlardan araşdırma əhli olanlar onun həqiqətini dərk edərdilər (və bir çarə yolu tapardılar). Əgər Allah sizə lütf və mərhəmət göstərməsəydi, şübhəsiz ki, az bir qisminizi çıxmaqla hamınız Şeytana tabe olardınız.
1548 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
78 Səhifə