"it" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "it" üzrə 1171 ayə tapıldı.
Kitab əhli səndən onlar üçün səmadan bir kitab endirməyini istəyirlər! Əlbəttə onlar Musadan bundan da böyüyünü istəyib «Allahı aşkar şəkildə bizə göstər!» dedilər. Beləliklə zülmlərinə görə onları ildırım vurdu. Yenə onlara aşkar dəlillər gəldikdən sonra buzovu özlərinə tanrı etdilər. Onda Biz bundan da keçdik və Musaya aydın dəlil-sübut (və aşkar qüdrət) verdik.
Kitab (Tövrat və İncil) əhlindən elə bir nəfər yoxdur ki, ölümündən (bir neçə an) qabaq ona (İsanın Allahın elçisi və qulu olmasına) iman gətirməsin (lakin bu imanın heç bir xeyri yoxdur). (Yaxud: Kitab əhlinin hamısı (dünyanın sonunda İsa göydən yerə gələndən sonra və) ölümündən qabaq ona iman gətirəcək.) O da Qiyamət günü onlara şahid olacaqdır.
Şübhəsiz, Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi sənə də vəhy göndərdik. Həmçinin İbrahimə, İsmailə, İshaqa, Yəquba, Əsbata (Yəqubun övladlarından olan peyğəmbərlərə), İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana vəhy göndərdik. Və Davuda Zəburu əta etdik (deməli sən peyğəmbərlik iddiası etmək və kitab verilmək baxımından ilk şəxs deyilsən).
Həmçinin (başlarına gələnləri) bundan öncə sənə söylədiyimiz və söyləmədiyimiz peyğəmbərləri (göndərdik). Və Allah Musa ilə məxsus bir tərzdə (pərdəsiz və vasitəsiz yetmiş iki saat ayaq üstə durduğu halda bütün Tövratı onun qulağına oxumaqla) danışdı.
(Kitab əhlindən olan kafirlər sənə vəhy və kitab nazil olmasına şəhadət vermirlər) lakin Allah sənə nazil etdiyinə şəhadət verir ki, onu Öz elmi ilə nazil etmişdir (kəlmələrin nəzmlə düzülüşü, məzmunu və bəşər cəmiyyətinə nazil olması – bunların hamısı Onun əzəli elmi ilədir) və (buna) mələklər də şəhadət verirlər. Allahın şahid olması kifayətdir.
Ey insanlar, həqiqətən Bizim elçimiz sizə Rəbbiniz tərəfindən haqq (din və kitab)ı gətirmişdir. Buna görə də iman gətirin ki, (bu) sizin xeyrinizədir. Əgər kafir olsanız, onda (bilin ki, Allahın sizə ehtiyacı yoxdur, çünki) həqiqətən göylər və yer Allahın həqiqi mülküdür və Allah həmişə bilən və hikmət sahibidir.
Ey kitab əhli (ey xaçpərəstlər), öz dininizdə həddi aşmayın və Allaha qarşı haqq və həqiqətdən başqa bir şey deməyin («Allah allahlıqdan İsanın vücuduna çevrilmişdir» və ya «Allah ruh kimi İsanın bədəninə daxil olmuşdur» deməyin). Həqiqətdə Məryəm oğlu İsa Məsih Allahın elçisi, Məryəmə təlqin etdiyi bir kəlmə («ol!» kəlməsi ilə onu Məryəmin bətnində yaradıb) və Onun tərəfindən olan (və canlara həyat bəxş edən) bir ruhdur. Odur ki, Allaha və Onun peyğəmbərlərinə iman gətirin və «(Allah) üçlükdür (Allahın zatının cövhəri üç mövcuda – ata, oğul və Ruhul-Qudusa bölünüb)» deməyin. (Bu sözdən) çəkinin ki, sizin xeyrinizədir. Həqiqətən Allah tək olan tanrıdır, övladı olmaqdan pak (və uzaq)dır. Göylərdə və yerdə olanlar Onun həqiqi mülküdür. Allah (varlıq aləminin işlərini) düzəltmək üçün kifayətdir.
Ölü (kəsilmədən murdar olmuş) heyvan, qan, donuz əti, (kəsilən zaman başı üzərində) Allahdan qeyrisinin adı çəkilmiş, boğulmuş, vurmaqla öldürülmüş, hündürlükdən yıxılaraq ölmüş, başqa bir heyvanın buynuzu vasitəsilə ölmüş və yırtıcı heyvanın öldürərək yediyi heyvan – (yuxarıda qeyd edilən heyvanların əti halal olanlarından canı çıxmamış) şəriət qanunu ilə kəsə bildikləriniz istisna olmaqla – (bunları yemək,) həmçinin, müqəddəs daşın üzərində (ya bütlər üçün) kəsilmiş heyvan(ın ətini yemək) və eləcə də (heyvanın ətini) qumar oxları ilə bölmək sizə haram oldu. Bu əməllərin hamısı Allaha qarşı itaətsizlikdir. Bu gün kafirlər sizin dininiz(i məhv edib aradan apara biləcəklərin)dən ümidlərini kəsiblər. Odur ki, onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim. Beləliklə əgər kimsə qəhətlik və şiddətli aclıq halında günaha meyli olmadan (həmin haram şeylərin bəzilərindən yeməyə) məcbur olsa, Allah çox bağışlayan və mehribandır.
Səndən onlara nəyin halal edildiyini soruşurlar. De: «Bütün pak şeylər (ağılın qəbul etdiyi və insan təbiətinin meyl göstərdiyi ərzaq, geyim və digər yaşayış vasitələri) sizə halal edildi. (Həmçinin) Allahın sizə öyrətdiklərindən onlara öyrədərək təlim keçib əhliləşdirdiyiniz ov heyvanlarının (ovladıqları sizə halaldır). (Beləliklə) sizin üçün tutub saxladıqları hər bir heyvandan yeyin və (onları ov üzərinə göndərərkən) onun üçün Allahın adını çəkin. Allahdan qorxun. Şübhəsiz Allah tez hesab çəkəndir.
Bu gün, pak olan şeylər sizə halal oldu. (Səmavi) kitab verilmiş kəslərin yeməyi sizə halal, sizin yeməyiniz onlara halaldır. (Həmçinin) zina əhli olmadan və gizlində qeyri-qanuni aşna saxlamadan, ismətli olub mehriyyələrini ödəyəcəyiniz təqdirdə möminələrdən olan azad və ismətli qadınlar(la), eləcə də sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən olan azad və ismətli qadınlar(la evlənmək sizə halaldır). Kim iman gətirməli olduğu şeyə kafir olsa, həqiqətən onun əməli puç olub və o, axirətdə ziyana uğrayanlardan olacaqdır.
Allahın sizə olan nemətini və «eşitdik və itaət etdik» dediyiniz zaman (peyğəmbərliyi və dini qəbul etməklə) sizinlə bağladığı əhd-peymanını xatırlayın. Allahdan qorxun ki, həqiqətən Allah ürəklərdə olanı biləndir.
Həqiqətən Allah İsrail övladlarından əhd-peyman aldı. Biz onlardan (on iki qəbilə üçün) on iki nəfər başçı seçdik. Allah onlara dedi: «Şübhəsiz, Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, (gələcəkdə göndərəcəyim) peyğəmbərlərimə iman gətirsəniz, onlara ehtiramla kömək etsəniz və Allaha gözəl borc versəniz (mallarınızı Allah yolunda xərcləsəniz), mütləq sizin günahlarınızı təmizləyər və sizi (binalarının və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edərəm. Beləliklə, əgər bundan sonra sizdən kimsə kafir olsa, doğrudan da o, doğru yolu itirmişdir.
Ey kitab əhli, şübhəsiz, sizə Bizim peyğəmbərimiz gəlib ki, o, sizin üçün öz kitabınızdan (İslam peyğəmbərinin xüsusiyyətləri və Onun peyğəmbərliyinin nişanələri kimi) gizlətdiklərinizin bir çoxunu bəyan edir və bir çoxuna (Allahın cism olması barəsindəki sözlərə və peyğəmbərlərə günah nisbət verilməsinə də hələlik) göz yumur. Həqiqətən Allah tərəfindən sizə bir nur və (özü) aydın (olan) və aydınlıq gətirən bir kitab gəlib.
Allah (iman gətirib) Onun razılığına tabe olanları o (nur və kitabın) vasitəsilə (üsulid-din və füruid-dinin yolu olan) salamatlıq yollarına hidayət edir, onları Öz köməyi ilə qaranlıqlardan (küfr, nifaq və itaətsizlik zülmətlərindən) nura tərəf çıxardır və doğru yola hidayət edir.
Ey kitab əhli, həqiqətən (Qiyamət günü) «bizə heç bir müjdə verən və qorxudan gəlmədi» deməməyiniz üçün Bizim peyğəmbərimiz sizin yanınıza gəldi ki, o, peyğəmbərlər silsiləsinin arası kəsildiyi dövrdə (İsa ilə Muhəmmədin – səlləllahu əleyhi və alihi və səlləm – peyğəmbərlik dövrləri arasındakı zaman fasiləsində dini maarifi) sizə bəyan edir. Deməli doğrudan da sizə müjdə verən və qorxudan gəldi. Allah hər şeyə qadirdir.
(Musa) dedi: «Ey Rəbbim, (boynuma qoyduğun vəzifənin çatdırılması və cihada dəvət etmək barəsində) mənim özümdən və qardaşımdan başqa heç kəsə gücüm çatmır (və tayfadan yalnız az bir hissəsi mənim tabeçiliyimdədir). Odur ki, bizimlə bu itaətsiz dəstə arasında ayrılıq sal».
(Allah) dedi: «Bu torpaq (günahlarının cəzası olaraq) qırx il onlara haram oldu. (Bu müddət ərzində) onlar daim yer üzündə (Sina çölündə) sərgərdan qalacaqlar. Odur ki, bu itaətsiz dəstəyə görə qəmgin olma».
Bu səbəbdən (belə bir faciə baş verdiyi üçün) İsrail övladlarına (və tarix boyu olacaq bütün millətlərə belə) yazdıq və qərara aldıq ki, kim can qisası (haqqına malik) olmadan və ya yer üzündə fitnə-fəsad törətməmiş bir insanı öldürsə (ya İslamdan küfrə aparsa), sanki bütün insanları öldürmüşdür (və azdırmışdır və o, günahsızların qatillərinə məxsus Cəhənnəmdə olacaqdır) və kim bir insana həyat bəxş etsə (ölümdən nicat versə, yaxud küfrdən İslama gətirsə), sanki bütün insanları diriltmiş (və hidayət etmiş)dir. Doğrudan da Bizim peyğəmbərlərimiz onlar (İsrail övladları) üçün aydın dəlillər gətirdilər, sonra onların çoxu onun ardınca yer üzündə həddən artıq fəsad və qan tökməyə başladılar.
Həqiqətən Allahla və Onun peyğəmbəri ilə vuruşan və yer üzündə fitnə-fəsad törətmək istiqamətində çalışan (insanları qorxutmaq, asayişi pozmaq və onların haqlarına təcavüz etmək məqsədi ilə soyuq və ya isti silahla zahir olan) kəslərin cəzası yalnız öldürülmək və ya dar ağacından asılmaq, yaxud əlləri və ayaqlarının (bir əlin dörd barmağı ilə bir ayağın dörd barmağının) çarpazvari kəsilməsi və ya həmin yerdən sürgün olunmaqdır. Bu, onlar üçün dünyada həqirlik və xarlıqdır və onlar üçün axirətdə böyük bir əzab vardır.
Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız.
1171 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
59 Səhifə