Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

O gün ki, sizi (sizin Bərzəx ruhlarınızı və torpaqda dağılmış cəsədlərinizi yaradılış iradəsi ilə) çağıracaq, beləliklə siz (bədən üzvlərinizin bir yerə toplanması, dünyada olduğu şəkli alması və Bərzəx ruhlarının onlara daxil olması ilə) Ona sitayiş edən halda (Onun dəvətinə) cavab verəcək (və əmrini yerinə yetirəcək)siniz. Və (həmin vaxt dünyada və Bərzəx aləmində) yalnız az bir zaman qaldığınızı güman edərsiniz (dünya və Bərzəxin hər ikisi sizin nəzərinizdə axirət əbədiyyəti müqabilində az görünəcəkdir).
Və Mənim bəndələrimə de ki, sözün ən gözəlini söyləsinlər (hər bir məqam üçün o məqama münasib sözün ən gözəlini seçsinlər). Həqiqətən Şeytan (fəsad yaradan sözlərin vasitəsi ilə) onların arasını vurur. Çünki Şeytan həmişə insana açıq-aşkar düşmən olmuşdur (və indi də belədir).
Rəbbiniz sizin halınızı daha yaxşı bilir. Əgər istəsə (xeyir əməllərinizə görə və ya Öz geniş rəhmətinin əsasında) sizə rəhm edər, yaxud əgər istəsə (layiq olduğunuza görə) sizi cəzalandırar. Və səni onlara vəkil göndərməmişik (sənin vəzifən tapşırılan ilahi vəzifəni çatdırmaqdır. Dünyada mükafatlandırmaq və axirətdə mükafat və cəza vermək də sənə deyil, Allaha aid olan işlərdəndir).
Sənin Rəbbin göylərdə və yerdə olan hər bir kəsin halını kamil şəkildə bilir. Şübhəsiz, Biz peyğəmbərlərin bəzisini (elm və nəfsi fəzilətlərdə, möcüzələrdə, risalətdə, şəriətdə və kitabda) bəzisindən üstün etdik və Davuda Zəbur verdik.
De: «Barələrində allahlıq gümanında olduğunuz Ondan (Allahdan) qeyrilərini (bütləri, mələkləri, Məsihi və digərlərini) çağırın, onda (görəcəksiniz ki,) sizdən əsla nə bir zərər-ziyanı dəf etməyə malikdirlər, nə də onu başqasına yönəltməyə qadirdirlər.»
(Bu kafirlərin tanrı kimi) çağırdıqlarının özləri hansının (Allaha) daha yaxın olması(nı bilmək) üçün öz Rəbbinə bir vasitə axtarır, Onun rəhmətinə ümid bəsləyir və Onun əzabından qorxurlar. Həqiqətən sənin Rəbbinin əzabı qorxulası və çəkiniləsidir.
Biz Qiyamət günündən qabaq hər bir (azğın) cəmiyyəti (öz cari qayda-qanunlarımıza uyğun olaraq, ümumi bir ölümlə) həlak edəcək və ya şiddətli bir əzaba (qıtlığa, vəbaya və digər xəstəliklərə) düçar edəcəyik. [Və ya: Qiyamət günündən qabaq müqəddimə olaraq hər bir cəmiyyətin yaxşılarını adi ölümlə və pislərini şiddətli bir əzabla həlak edəcəyik ki, yer üzündə heç kəs qalmasın.] (Bizim) bu (üsulumuz əzəli elmə əsasən Lövhi-Məhfuz) kitab(ın)da yazılmışdır.
Möcüzələri (Qüreyşin istədikləri möcüzələri) göndərməyə Bizə yalnız keçmişdəkilərin onları təkzib etmələri (və əzaba layiq olmaları) mane oldu (və bunlar da təbiətcə onlara oxşar olduqları üçün Biz bunlara möhlət vermək istəyirik). Və Səmud qövmünə aşkarcasına dəvə (möcüzəsi)ni verdik. Beləliklə onlar onunla (dəvəni öldürməklə ona və özlərinə) zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk.
Və (yada sal) o zaman(ı) ki, sənə «həqiqətən sənin Rəbbin insanları (elm və qüdrət baxımından) əhatə etmişdir, (buna görə də qəm yemə və öz işində möhkəm ol)» dedik. Və Biz sənə (meymunların sənin minbərindən yuxarı çıxmalarını) göstərdiyimiz o yuxunu və Qur’anda lənətlənmiş o ağacı (xəbis Bəni-Üməyyə ağacını) insanlar üçün yalnız bir sınaq etdik. Biz onları qorxuduruq, lakin (bu,) onlarda böyük itaətsizlikdən başqa bir şey artırmır.
Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Beləliklə İblisdən başqa onların hamısı səcdə etdi. O, «palçıqdan yaratdığın bir kəsə səcdə edim?!» dedi.
(Sonra) dedi: «Mənə de (görüm): Məndən üstün və şərafətli etdiyin bu kəs (nə üçün belə olmuşdur)? And olsun ki, əgər mənə (onun nəslinin həyatının sonu olan) Qiyamət gününədək möhlət versən, onun az bir qismi istisna olmaqla bütün övladlarına cilov vuracağam (və doğru yoldan azdıracağam).»
(Allah) buyurdu: «(Uca mələklər aləmindən xaric ol və öz məqsədinin ardınca) get! Onlardan kim sənə tabe olsa, şübhəsiz, kamil və bolluca bir cəza olan Cəhənnəm sizin cəzanızdır!»
Və onlardan bacardığın kəsi öz səsinlə (günaha tərəf) təhrik et və (onları itaətsizliklərə tərəf qovmaq üçün ordundakı) öz süvarilərin və piyadaların ilə onların üzərinə fəryad qopar; və onların mallarına və övladlarına şərik ol və (hər bir vacibin tərk olunmasında və hər bir haramın yerinə yetirilməsində) onlara vəd ver. (Onlar bilməlidirlər ki,) Şeytan onlara yalan və hiylədən başqa əsla bir vədə vermir.»
Şübhəsiz, sənin Mənim (itaətkar) bəndələrim üzərində (vəsvəsə etməkdən başqa) heç bir hökmranlığın yoxdur və Rəbbinin (Öz bəndələrinin işlərinin) vəkil(i) olması kifayətdir.
Sizin Rəbbiniz Onun lütf və ruzisindən arayasınız deyə (gəmini icad etmək qüdrəti və onun düzəldilməsi üçün gərəkli olan ləvazimatları verməklə və suyun təbiətini yumşaltmaqla) gəmiləri dənizdə sizin xeyrinizə hərəkət etdirəndir. Çünki O, sizə qarşı həmişə mehribandır.
Dənizdə sizə (suda batmaq qorxusunun yaranmasına səbəb olan) bir çətinlik və müsibət üz verən zaman, Ondan başqa, (ibadət üçün) çağırdıqlarınızın hamısı (fikrinizdən) itər (diqqətiniz yalnız Ona yönələr). Sizə nicat verib quruya çıxaranda isə (Ondan) üz döndərərsiniz. İnsan həmişə çox nankordur.
Belə isə, məgər (dənizdən çıxdıqdan sonra) sizi quruda yerə batırmasından, yaxud başınıza xırda daş yağdıran güclü külək göndərməsindən xatircəmsiniz?! Sonra özünüzə sizi müdafiə edəcək bir vəkil də tapmazsınız.
Yoxsa sizi yenidən ora (dənizə) qaytarıb üzərinizə dağıdıcı bir fırtına göndərərək küfrünüzün cəzası olaraq sizi batırmasından xatircəmsiniz?! (Bunu etdikdən) sonra (bu) işimizin müqabilində özünüz üçün Bizə qarşı (bu işlərin) arxasınca düşən bir kəs də tapmazsınız?!
Həqiqətən Biz Adəm övladlarına (maddi və mənəvi nemətlərdə atanın varisi olmaqla) kəramət və şərafət bəxş etdik, onları quruda və dənizdə (hər birinə münasib miniklərə) mindirdik, onlara müxtəlif paklardan (təbiətlərinə uyğun olan şeylərdən) ruzi verdik və onları yaratdıqlarımızın bir çoxundan (canlılardan, cinlərdən və mələklərin bir çoxundan) tam üstün etdik.
(Yada sal) o gün(ü) ki, (əməl kitabını almaq üçün) insanların hər bir dəstəsini (tabe olduqları) öz imamı və səma kitabları ilə çağıracağıq. Beləliklə, (əməl) kitabları sağ əllərinə verilən kəslər, öz kitablarını oxuyarlar və onlara xurma çərdəyinin arxasındakı tel qədər zülm edilməz (nə günahlarından artıq cəza görərlər və nə də layiq olduqlarından az mükafat alarlar).
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə