"Yar" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Yar" üzrə 824 ayə tapıldı.
Həqiqətən sizin Rəbbiniz göyləri və yeri altı gün(ə bərabər olan bir müdət)də (yaxud altı gecə və gündüzdə, ya da altı mərhələdə) yaradan, sonra taxta (qüdrət və tədbir taxtına) hakim olan Allahdır. İşi (yaradılış işini) daim (səbəb-nəticə qanunu əsasında) idarə edir. (Dünyanın səbəb və nəticələri arasında) Onun izni olmadan heç bir şəfaətçi (vasitə) yoxdur. Budur Rəbbiniz olan Allah. Buna görə də Ona ibadət edin. Heç öyüd-nəsihət almırsınız?
Sizin hamınızın dönüşü Ona tərəfdir. (Bu,) Allahın haqq və sabit olan vədidir. Həqiqətən yaradılmışları əvvəldə yaradan, sonra isə onları (ömür müddətləri başa çatdıqdan sonra) iman gətirən və yaxşı işlər görənləri haqq və ədalətlə mükafatlandırmaq üçün (Özünə tərəf) qaytaran Odur. Kafirlər üçün küfrlərinin cəzası olaraq qaynar sudan ibarət içki və ağrılı bir əzab vardır.
Günəşi işıqlı və ayı (günəşin şüaları ilə) nurlu edən və illərin (qəməri illərinin) sayını və hesabı (işlərinizin vaxtını) biləsiniz deyə onun üçün (yer kürəsi ətrafında fırlanmasında) mənzillər müəyyənləşdirən Odur. Allah onları yalnız haqq (məqsəd) üçün yaratdı. O, (Öz) ayə və nişanələri(ni) bilən bir dəstə üçün hərtərəfli (həm xarici aləmdə, həm də söz ilə) açıqlayır.
Şübhəsiz, gecə ilə gündüzün get-gəlində və (fəsillərə və ya yerin məntəqələrinə uyğun olaraq onların) hər birinin uzun və qısalığında və Allahın (planetlər, mələklər və canlılar kimi) göylərdə və (bitkilər, heyvanlar, cinlər və insanlar kimi) yerdə yaratdığında təqvalı olan bir dəstə üçün (Allahın tövhid, əzəmət, qüdrət və hikmətindən) ayə və nişanələr vardır.
Həqiqətən Bizim görüşümüzə ümidi (axirət aləminə imanları) olmayan və dünya həyatına şad olaraq ona ürək bağlayan, həmçinin Bizim ayələrimizdən (müşahidə aləminin yaradılış və əzəmətli kitabın tərtib edilmiş ayələrindən) qafil olan kəslər –
Doğrudan da Biz sizdən öncə müxtəlif əsrlərdə bir-birinin ardınca gələn millətləri zülm edərkən və peyğəmbərlərinin onlara aydın dəlillər gətirmələrinə baxmayaraq iman gətirmək niyyətində olmadıqları zaman həlak etdik. Biz günahkarlar dəstəsini belə cəzalandırırıq.
Bizim aydın ayələrimiz onlara oxunan zaman, Bizə qovuşacaqlarına ümidi olmayan (məadı inkar edən) kəslər «bundan başqa bir Qur’an gətir, ya onu dəyişdir» (məsələn, onun bəzi ayələrini və surələrini çıxart, orada şirkin haramlığından, bütlərin pislənməsindən, Qiyamətdən, murdarın və qumarın haram olmasından bir şey olmasın) deyərlər. De: «onu(n hamısını, ya bəzisini) özbaşıma dəyişdirmək mənə yaraşmaz və (buna) mənim haqqım və qüdrətim yoxdur. Mən yalnız mənə vəhy edilən şeyə tabe oluram. Şübhəsiz, əgər mən Rəbbimə qarşı itaətsizlik etsəm, böyük bir günün əzabından qorxuram.
Və «nə üçün Rəbbi tərəfindən ona (Salehin dəvəsi, Musanın əsası, mələyin gəlməsi kimi camaatı iman gətirməyə vadar edən) bir möcüzə nazil olmayıb?» deyirlər. De: «Qeyb (pərdə arxasındakı işlər) yalnız Allahın ixtiyarındadır (və bəlkə də nazil etdi). Buna görə də, gözləyin ki, mən də mütləq sizinlə birgə gözləyənlərdənəm».
Həqiqətən dünya həyatı göydən (qar və yağış şəklində) nazil etdiyimiz su kimidir ki, onun vasitəsilə insanların və heyvanların yedikləri yer bitkiləri bir-birinə qarışır. Nəhayət, yer üzü öz gözəlliyini əldə etdiyi və zinətləndiyi və onun sakinləri özlərinin ona (ondan bəhrələnməyə) qadir olduqlarını güman etdikləri zaman, (birdən) Bizim əmrimiz gecə, ya gündüz çağı (soyuq və ya isti, sel və ya da dolu şəklində) gəlib ona çatır. Beləliklə, onları sanki dünən ayaq üstə olmamış kimi biçilmiş, quru ot şəklinə salırıq. Biz (Öz qüdrət və qəzəb) nişanələri(mizi) düşünən dəstə üçün (yaradılış və təqdir kitabında) belə ətraflı izah edirik.
Və (yada salın) o gün(ü) ki, onların hamısını (Qiyamət meydanında) bir yerə toplayacaq, sonra (Allaha) şərik qoşanlara «siz və şərikləriniz (büt ya qeyri-büt olmasından asılı olmayaraq, hər biriniz sorğu-sual və mühakimə olunmaq üçün) öz yerinizdə durun» deyəcəyik. Beləliklə (həmin gün həqiqətləri aşkar etməklə) onların bir-birləri ilə əlaqələrini kəsərik və (buna görə də) onların şərikləri deyərlər: «Siz (dünyada əslində) bizə ibadət etmirdiniz (öz nəfsi istəklərinizə ibadət edirdiniz)».
De: «Sizin şəriklərinizdən (Allaha şərik hesab etdiyiniz bütlərdən) məxluqatı əvvəlcə yaradan, sonra onları qaytaran bir kəs varmı?» De: «Məxluqatı əvvəlcə yaradan, sonra onları qaytaran (öldürdükdən sonra Qiyamətdə dirildən) Allahdır. Belə isə, necə və haraya döndərilirsiniz?!»
De: «Mən hətta öz barəmdə Allahın istədiyindən başqa bir ziyan və mənfəət ixtiyarına malik deyiləm (o ki, qalmış sizin əzabınız, yaxud Qiyamətin gəlməsi ola)! Hər bir ümmət və dəstənin (Allahın əzəli elmində və Onun Lövhi-Məhfuzunda müəyyən bir) əcəli vardır ki, əcəlləri sona çatanda, bir saat olsun belə, gecikməzlər və əlbəttə, bir saat qabağa da keçməzlər.»
Bilin ki, həqiqətən, göylərdə və yerdə olanların hamısı (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür (çünki yaratmaq, qorumaq, idarə etmək və yox etmək – bunların hamısı Onun istək və iradəsindən asılıdır). Bilin ki, Allahın vədi mütləq haqdır və lakin onların çoxu bilmirlər.
Gecəni sizin dincəlməyiniz üçün yaradan və gündüzü (işlə və çalışmaqla məşğul olmağınız üçün) aydınlıq edən Odur! Həqiqətən bunda (bu yaradılış və idarəetmədə) eşidən bir dəstə üçün (Onun qüdrət, hikmət və rəhmətindən) nişanələr vardır.
Və əgər sənin Rəbbin (yaradılış iradəsi ilə) istəsəydi, yer üzündə olanların hamısı mütləq bütünlüklə məcburi surətdə iman gətirərdilər. (Lakin Allah məcburiyyət olmadan iman gətirilməsini buyurmuşdur.) Yoxsa sən camaatı zorla mömin olmağa məcbur edəcəksən?!
De: «Göylərdə və yerdə (yaradılışın) nə (cür heyrətamiz qəribəliklərinin) olmasına baxın. Lakin nişanələr və öyüdlər iman gətirməyən dəstəyə əsla fayda vermir və (qəflət və zəlaləti) onlardan uzaqlaşdırmır.
Və əgər Allah (yaradılış aləminin tələbinə uyğun olaraq, yaxud şəriətlə müəyyənləşdirdiyi cəzaya görə) sənə (xəstəlik, yoxsulluq, ziddiyyət və müharibədə məğlubiyyət kimi) bir ziyan yetirsə, onu Ondan başqa aradan qaldıran olmaz və əgər sənin üçün bir yaxşılıq istəsə, Onun fəzlini əsla dəf edən olmaz. O, Öz xeyrini bəndələrindən istədiyinə yetirər. O çox bağışlayan və mehribandır.
Bu yer üzündə (heyvan, cin və insan olmasından asılı olmayaraq) hərəkət edən hər bir canlının ruzisi Allahın öhdəsinədir və O, onların əsl məkanlarını və müvəqqəti yerlərini (onların atalarının belində və analarının bətnində olan yerlərini) bilir. [Yaxud: O, onların (həyatda) məskunlaşdıqları məkanı və (ölümdən sonra) əmanət qoyulduqları yeri bilir.] (Bunların) hamısı aydın kitabda (uca aləmdə Allah dərgahına yaxın olanların nəzərlərində aydın olan Lövhi-Məhfuzda) qeyd olunmuşdur.
Sizin hansınızın daha gözəl əməl sahibi olmasını imtahan etmək üçün göyləri və yeri (səltənət) taxtı suyun üzərində olan halda, altı gündə (altı günə və ya altı gecə-gündüzə bərabər olan bir müddətdə, ya altı mərhələdə) yaradan Odur. Və əgər «siz öldükdən sonra mütləq dirildiləcəksiniz» desən, kafirlər «bu (cür sözlər), açıq-aşkar cadudan başqa bir şey deyil» deyəcəklər.
Və şübhəsiz, əgər insana Öz tərəfimizdən (sağlamlıq, övlad və var-dövlət kimi) bir rəhmət daddırsaq, sonra onu (etdiyi günaha görə ya yaradılışın daha kamil quruluşunun tələbinə əsasən) ondan geri alsaq həqiqətən, o (gələcəyə) çox naümid və (keçmiş nemətlərə görə) nankordur.
824 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
42 Səhifə