"Əl" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl" üzrə 4804 ayə tapıldı.
Kafirlər dedilər: «Bu (Qur’an), onun (Muhəmmədin (s) ) özündən uydurduğu və digər bir dəstənin (yəhudilərin) bunda ona kömək etdikləri yalandan başqa bir şey deyildir.» Beləliklə onlar doğrudan da (Peyğəmbərə belə bir nisbət verməklə böyük) bir zülmə və yalana batdılar.
Və dedilər: «(Bu kitab) onun istəyi ilə (başqalarının) onun üçün yazdıqları keçmişlərin əfsanələridir; həmin yazı səhər-axşam ona oxunur (və o da eşitdiklərini əzbərləyərək camaata oxuyur)».
De: «Onu (Qur'anı) göylərdə və yerdə olan örtülü sirləri (məxluqatın elm və hisslərinin çərçivəsindən xaric olanları) bilən (Allah) nazil etmişdir.» Həqiqətən O, çox bağışlayan və mehribandır (və bu səbəbdən kafirlərə əzab göndərməkdə tələsmir).
(Müşriklər) dedilər: «Bu necə peyğəmbərdir ki, yemək yeyir və bazarlarda gəzir?! (Halbuki peyğəmbər mələk olmalıdır.) Nə üçün ona (heç olmasa) bir mələk nazil olmur ki, onunla birlikdə (insanları) qorxutsun (və onun peyğəmbərliyini təsdiq etsin)?»
Yaxud nə üçün (göydən) ona bir xəzinə göndərilmir və ya onun bir bağı yoxdur ki, ondan istifadə etsin?! Və bu zalımlar (camaata) dedilər: «Siz yalnız ovsunlanmış bir kişiyə tabe olursunuz.»
Gör sənin üçün necə məsəllər çəkdilər və nə sifətlər dedilər, beləliklə də (Peyğəmbərin və peyğəmbərliyin tanınmasında) yollarını azdılar və onların (haqqa tərəf) bir yol tapmaq qüdrətləri yoxdur.
Uca, əbədi və bərəkətlidir O (Allah) ki, əgər istəsə, sənə ondan (xəzinə və bağdan) daha yaxşısını – (ağaclarının) altından çaylar axan bağlar verər və sənin üçün saraylar yaradar. (Lakin bu kimi şeylər peyğəmbərliyə dəlalət edən işlər deyil.)
(Peyğəmbərin yemək yeməsinə və gəzməsinə görə peyğəmbərliyin inkar edilməsi bəhanədir.) Əksinə, (əslində) onlar Qiyaməti yalan hesab etdilər (və cəza günü olmayanda təbii ki, peyğəmbərlik və din də puç və əbəs bir iş olacaqdır). Biz Qiyaməti yalan sayan kəs üçün yandıran bir od hazırlamışıq.
(Həmin yandıran od) uzaqdan onları görəndə, onlar (kafirlər) onun hiddət və qəzəb nərəsini və şölələrinin səsini eşidərlər.
Əl-ayaqları bağlı və bir-birinə zəncirlənmiş halda həmin odda dar bir yerə atılan zaman onlar orada ah-vay və ölüm diləmək fəryadı ucaldarlar.
(Onlara deyilər:) Bu gün ah-vay və ölüm fəryadını bir dəfə ucaltmayın, ah-vay və ölüm fəryadını çox (dəfələrlə) ucaldın. (Çünki etiqad və əməldə olan hər bir günah üçün əzab, hər bir əzab üçün isə ah-vay və ölüm fəryadı vardır.)
De: «O yaxşıdır, yoxsa təqvalılara (Allahın əzəli elmi və Lövhi-Məhfuzda) mükafat və qayıdış yeri olaraq vəd edilmiş əbədi Cənnət?!»
Onlar üçün orada əbədi qalacaqları halda (Cənnət nemətlərindən) istədikləri şey vardır. Bu iş, sənin Rəbbinin öhdəsində olan (və möminlər tərəfindən həm dil, həm də əməl ilə) istənilmiş bir vəddir.
Və (yada sal) o gün(ü) ki, (Allah) onları (müşrikləri) və Allahın yerinə ibadət etdiklərini (bütləri, ulduzları, Məsihi və mələkləri) bir yerə toplayacaq və (həmin məbudlara) deyəcək: «Mənim bu bəndələrimi siz azdırdınız (və sizə ibadət etməyə dəvət etdiniz) yoxsa yolu onlar özləri azdılar?»
Onlar deyəcəklər: «Paksan Sən (ey Allah)! Bizə Səndən qeyrisini dost götürmək yaraşmazdı (və buna haqqımız da yox idi). Lakin Sən onları və atalarını (dünya nemətlərindən) bəhrələndirdin, nəhayət Səni (və Sənin peyğəmbərlər vasitəsi ilə göndərdiyin ayələrini) unutdular və məhv olmuş bir dəstə oldular.»
(İbadət edənlərə deyilər:) Həqiqətən (məbudlarınız) sizin dediklərinizi təkzib etdilər. Buna görə də nə əzabı (özünüzdən) dəf etmək, nə də (özünüzə) bir kömək etmək qüdrətiniz var. Biz sizdən (bu dünyada) zülm edənə, (axirətdə) böyük bir əzab daddırarıq.
Bizim səndən əvvəl göndərdiyimiz peyğəmbərlər istisnasız olaraq yemək yeyir və bazarlarda gəzirdilər. Biz sizin bir qisminizi digəriniz üçün (peyğəmbər və ümmət, ağıllı və nadan, varlı və yoxsul təbəqələrini) sınaq vasitəsi etmişik, ki, (görək öz vəzifələrinizi yerinə yetirməkdə) səbr edəcəksinizmi? Sənin Rəbbin (hamının halını) həmişə görəndir.
Bizim görüşümüzə ümidi olmayan (axirəti inkar edən) kəslər dedilər: «Nə üçün bizə mələklər göndərilmədi və ya öz Rəbbimizi görmürük?» Doğrudan da onlar öz batinlərində təkəbbür göstərdilər və böyük bir itaətsizlik etdilər.
Mələkləri (ölüm mələklərini və ya Bərzəx aləminin mələklərini və yaxud Qiyamət səhnəsinin mələklərini) görəcəkləri gündə günahkarlara bir müjdə olmaz və onlar (mələklərə) deyəcəklər: «Bizə tam (təhlükəsiz) bir aman (və sığınacaq) verin.» Mələklər deyəcəklər: «(Allahın rəhmət və Cənnəti) sizə qəti qadağandır.»
Biz (onların küfr halında) etdikləri (sədəqə, xalqa xidmət, xeyirli ixtiralar və bu kimi yaxşı) əməllərə üz tutacaq və onları (havada) dağınıq toz-torpaq edəcəyik. (Çünki Allah mükafatı kiminsə haqqı olduğu üçün deyil, Öz lütfü ilə verir. Bundan əlavə, elə dünya nemətlərinin özü mükafatdır. Axirət nemətlərindən bəhrələnmək isə imanın olması şərti ilə mümkündür.)
4804 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
241 Səhifə