"Əl" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl" üzrə 4804 ayə tapıldı.
Və (yada sal) o gün(ü) ki, göy onda olan ağ buludla parçalanar (və ya dünyanın nadanlıq və maddiyyat buludu kənara çəkilər və uca aləmin həqiqətləri zahir olar) və mələklər xüsusi nizamla yerə endirilərlər.
Həmin gün (bütün varlıq aləmi üzərində) həqiqi mülkiyyət və hakimiyyət Rəhman olan Allaha məxsus olar və o gün kafirlər üçün çox çətin bir gün olacaqdır.
Və (yada sal) o gün(ü) ki, zalım öz əllərinin arxasını çeynəyərək deyəcək: «Kaş peyğəmbərlə birlikdə (mən də Allaha tərəf gedərək) bir yol tutaydım.»
«Həqiqətən o, Allahın zikr edilərək xatırlanması (və ya Peyğəmbər və Qur’anın həqiqəti) mənə çatdıqdan sonra o (həmin dost) məni ondan (zikrdən, Peyğəmbərdən və Qur'andan) yayındırdı.» Şeytan insanı həmişə xar edib və (indi də) edir.
(Həmin gün) Allahın peyğəmbəri deyəcəkdir: «Ey mənim Rəbbim! Həqiqətən mənim qövmüm (peyğəmbərliyin əvvəlindən dünyanın sonuna kimi) bu Qur’anı tərk etdi (və onun təlimlərini dərk etməkdən və ona əməl etməkdən üz döndərdi).»
Biz beləcə (insanda nəfsi istək yaratmaq, şeytanı insana vəsvəsə etməkdə azad buraxmaqla) hər bir peyğəmbər üçün günahkarlardan düşmənlər qoyduq. Sənə Rəbbinin doğru yol göstərən və yardımçı olması kifayətdir.
Küfr edənlər dedilər: «(Əgər Qur’anın mənbəyi Allahın elmidirsə onda) nə üçün Qur’an ona bir yerdə (bütöv halda) nazil olmayıb?» Onun vasitəsi ilə sənin qəlbinə sabitlik və möhkəmlik vermək üçün (onun nazil olması) belədir. Və (buna görə də) onu yavaş-yavaş, bir-birinin ardınca (iyirmi üç il ərzində müxtəlif həcmlərdə sənə) oxuduq.
Onlar sənin (peyğəmbərliyinə tənə vurmaq) üçün (sehrbaz, şair, əfsanə söyləyən və bu kimi) hər nə məsəl və sifət gətirsələr, Biz (cavabında) sənin üçün həqiqəti və daha gözəl izah, açıqlama gətiririk.
(Qiyamət günü) üzü üstə düşüb Cəhənnəmə tərəf toplanılanlar ən pis yerdədirlər və onlar ən azğın insanlardır.
Həqiqətən Biz Musaya (səma) kitab(ı olan Tövratı) verdik və qardaşı Harunu onun yanında (Tövrat elmi, onun qorunması, əməl edilməsi və çatdırılması işində, eləcə də düşmənlə mübarizədə ona) yardımçı etdik.
Beləliklə (onlara) dedik: «Bizim ayə və nişanələrimizi təkzib etmiş dəstənin (Firon və onun tayfasının) yanına gedin.» (Onlar deyilən yerə getdilər və həmin tayfa onları təkzib etdi.) Belə olduqda Biz onları ən ağır üsulla həlak etdik.
Nuhun qövmünü Bizim elçilərimizi (bütün peyğəmbərlərin təkzibi ilə nəticələnən ilahi peyğəmbərliyin əsasını) təkzib etdikləri zaman suda batırdıq və onları(n hekayətini) insanlar üçün (Öz qüdrət və əzəmətimizi göstərən) bir nişanə etdik. Biz zalımlar üçün ağrılı bir əzab hazırlamışıq.
Və (Hudun qövmü) Adı, (Salehin qövmü) Səmudu, (Şüeybin qövmü olan və ya şam ağacına ibadət edən) Rəss əhlini və bu fasilədə (onların arasında dünyaya gəlmiş) bir çox cəmiyyətləri (həlak etdik).
(Həmin qövmlərin) hər birinə (ibrətamiz) məsəllər çəkdik və (qəbul etmədikləri üçün onların) hamısını pərən-pərən (saldıq) və məhv etdik.
Onlar (Məkkə müşrikləri) yəqin ki, pis yağış yağdırılmış şəhərdən (Lutun qövmünün daş yağışı yağdırılmış məskənlərindən) keçiblər. Belə isə məgər oranı görməyiblər? (Görməyə bilməzlər,) lakin onların yenidən dirilməyə ümidləri (və etiqadları) yoxdur.
Onlar səni görən zaman yalnız məsxərə edərlər (və deyərlər:) «Allahın peyğəmbərliyə göndərdiyi (şəxs) budur?!»
«Doğrudan da əgər biz onlara (bütlərimizə ibadətdə) səbr etməsəydik az qalmışdı ki, o bizi tanrılarımızdan azdırsın.» Əzabı (qəbr, Qiyamət və yaxud da Bərzəx əzabını) görəndə kimin daha azğın olduğunu biləcəklər.
Nəfsi istəklərini öz tanrısı etmiş (ağıl, fitrət və millətlərin qəbul etdiyi Allahı öz nəfsi istəklərinə uyğun gələn həddə aşağı endirən) kəsi gördünmü? Yoxsa sən onun (doğru yola gəlməsi və ya axirət əzabından qorunması) işlərini düzəldəcəksən?!
4804 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
241 Səhifə