"İl" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "İl" üzrə 3852 ayə tapıldı.
Həqiqətən, Biz səni haqla (əqlə, hikmətə, rəhmətə və xilqətin tam quruluşuna uyğun olaraq möminlərə) müjdəverici və (kafirləri) qorxudan (peyğəmbər) olaraq göndərdik. Elə bir ümmət olmamışdır ki, onların içindən qorxudan bir (peyğəmbər, yaxud onun məsum vəsisi və ya saleh bir alim) gəlib-getməmiş olsun.
Və əgər səni təkzib etsələr (təəccüblü olmaz), həqiqətən, onlardan qabaq olanları (Allah rəsullarını) da təkzib etdilər, halbuki peyğəmbərləri onlara möcüzələr və (peyğəmbərliyin) aydın dəlillər(ini) və (məsləhət, nəsihət və ürfan) yazılar(ı) və (şəriətin) aydınlıq bəxş edən (yayan) kitab(ını) gətirmişdilər.
Məgər Allahın göydən suyu (yağış, qar və dolu şəklində) nazil etdiyini görmürsənmi?! Biz onun vasitəsilə (yerdən) müxtəlif növlü, sinifli və rəngli meyvələr çıxartdıq? Dağlardan müxtəlif rəngli ağ, qırmızı, qara rəngli yollar (yer kürəsinin üzərindəki dağlardan rəngarəng silsilələr və dağlarda da rəngarəng yollar yaratdıq).
İnsanların, heyvanların və davarların da müxtəlif növ və rənglərdə olanları vardır. (Bəli, Allahın qüdrət və hikməti) belədir. Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah (hər bir işdə) yenilməz qüdrət sahibi və bağışlayandır.
Allah onların mükafatlarını mükəmməl şəkildə əta etsin və Öz lütfündən onlar(ın mükafatların)ı artırsın. Çünki, O, çox bağışlayan, (qədir bilən) və təşəkkür (şükr) edəndir.
(Ya Peyğəmbər!) Kitabdan sənə vəhy etdiyimiz özündən əvvəlkiləri (səmavi kitabları və İlahi şəriətləri) təsdiq edən bir haqdır. Həqiqətən, Allah bəndələrindən xəbərdardır və onları görəndir.
Sonra Biz bu kitabı bəndələrimizdən (sonuncu ümmət və İslam əhli olaraq) seçdiklərimizə miras verdik. Onlardan bəzisi (ümmətin günahkarları) özünə zülm edər, bəzisi (ümmətin adilləri və əməli-saleh adamları) mötədil, bəzisi isə (Qur’anın varisləri olan ümmətin məsumları) Allahın (yaradılış) izni ilə bütün xeyirlərdə irəli keçənlərdir. (Bəli) bu, (kitab mövcudluğu, məsumların və əməli-saleh şəxslərin varlığı ümmət üçün) böyük lütfdür.
Daxil olacaqları əbədi Cənnətlər (onların mükafatıdır), orada qızıl bilərziklər və incilərlə zinətlənərlər. Orada libasları da ipəkdən olar.
Və deyərlər: «(Dünyada) Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, bizim Rəbbimiz (pislikləri) bağışlayan və (yaxşılıqlar müqabilində) qədirbiləndir».
«Elə bir Allah ki, Öz lütf və kərəmi ilə bizə daimi iqamətgah olan mənzillərdə yer verdi. Orada bizə nə bir əziyyət yetişər və nə də bir yorğunluq üz verər».
Kafir olanlar üçün Cəhənnəm odu vardır. (Orada) nə onların ölümünə hökm olunar ki, ölsünlər və nə də əzabları yüngülləşdirilər. (Bəli,) Biz hər bir kafir və nankora beləcə cəza verəcəyik.
Onlar orada dad-fəryad edərlər: «Ey Rəbbimiz, bizi (buradan) çıxart ki, (indiyədək) etdiklərimizdən fərqli olaraq yaxşı işlər görək». (Onlara deyiləcək:) «Məgər sizə nəsihət qəbul etmək istəyən kimsənin öyüd-nəsihət ala biləcəyi qədər ömür vermədikmi? Və sizə bir qorxudan (peyğəmbər) gəlmədimi?! Belə isə, dadın (Cəhənnəmin əzabını). Əsla zalımların dadına yetən olmaz.»
Həqiqətən, Allah göylərin və yerin qeybini biləndir (orada hər hansı bir şüur sahibinin fikir əhatəsindən və hislərindən gizlin olan hər şeyi bilir). Şübhəsiz, O, sinələrdə olanı da biləndir.
Sizi yer üzündə (keçmişdəkilərin) canişinlər(i) edən Odur. Kim kafir olsa, küfrü onun özünün ziyanınadır. Kafirlərin küfrləri Rəbbi yanında onlara qəzəbdən başqa bir şey artırmaz. Kafirlərin küfrləri (onların) yalnız (axirət) ziyan(ı) artırar.
(Ya Peyğəmbər!) De: «Allahın yerinə çağırdıqlarınız şəriklərə (diqqətlə) baxmısınızmı? Mənə göstərin görüm, (onlar) yerdə nəyi (yerdəki mövcudlardan hansı bir növü) yaradıblar? Yoxsa onların göylərdə (göylərin yaradılışı, qorunub saxlanılması, ya idarə olunmasında Allahla) bir şərikliyimi var? Yaxud onlara (ilahi) bir kitabmı vermişik ki, (onların Allahla şərikliyi barədə) oradakı bir dəlil-sübuta istinad edirlər?! (Belə deyildir), əksinə, zalımlar bir-birlərinə yalnız aldadıcı vədlər verirlər».
Şübhəsiz, Allah göyləri və yeri (varlıq aləminin nizamından) çıxmaması və zavala uğramaması üçün (qoruyub) saxlayır və əgər (onlar) zavala uğrasa və (yolundan) azsa, əsla Ondan (Allahdan) başqa onları heç kəs (qoruyub) saxlaya bilməz. Əlbəttə ki, O, həmişə həlim və bağışlayandır.
(Müşriklər) onlara bir qorxudan (peyğəmbər) gələcəyi təqdirdə (peyğəmbər göndərilmiş ümmətlərdən biri olmaqdan əlavə) ümmətlər içərisində (hamıdan) daha artıq düz yolda olacaqları barədə Allaha çox möhkəm and içmişdilər. (Amma) onlara bir qorxudan (peyğəmbər) gəldikdə (bu onlara haqdan) uzaqlaşmaq və (haqqa) nifrətdən başqa bir şey artırmadı.
(Bu onların) Yer üzündə təkəbbür göstərmələri, məkr və hiylələri ucbatından idi. Pis əməl, məkr (hiylə) yalnız öz əhlini bürüyər. Məgər onlar keçmişdəkilər (barədə ilahi) sünnədən (qanundan) başqa bir şeymi gözləyirlər (ki, qəfil bir əzabla kökləri kəsilsin)? (Ya Peyğəmbər!) Sən Allahın sünnəsində (qoyduğu qayda-qanunda) heç bir dəyişiklik tapmazsan.
Məgər onlar yer üzündə gəzib dolanıb, özlərindən öncəkilərin aqibətinin necə olduğunu görmürlərmi? Halbuki onlar bunlardan daha qüvvətli idilər; Göylərdə və yerdə Allahı aciz qoya biləcək heç bir qüvvə yoxdur. O, hər şeyə qadirdir.
Və əgər Allah insanları etdikləri (günahlara) görə cəzalandırsaydı, yer üzərində heç bir canlını (diri) qoymazdı. Lakin (Allah) (Onun əzəli elmində təyin edilmiş Lövhi-Məhfuzda sabit olan) müəyyən bir müddətədək təxirə salır. Əcəlləri yetişdikdə Allah bəndələrini(n halını) görəndir (və hər kəslə əməlinə uyğun rəftar edəcəkdir.)
3852 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
193 Səhifə