"m" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "m" üzrə 5960 ayə tapıldı.
Bütün namazları və (xüsusilə) orta namazı (zöhr namazını) qoruyun və (namazda, həmçinin hər bir işdə) Allaha xatir itaətkar halda ayağa qalxın.
Beləliklə əgər (düşməndən və ya başqa bir təhlükədən) qorxsanız, piyada, ya minikdə («xof» ya «mütaridə» namazı qılın). Asayiş tapdıqda isə (adi namazlarda və namazdan başqa yerlərdə) Allahı sizə bilmədiyiniz şeyləri öyrətdiyi kimi yada salın.
Sizdən ölümləri yaxınlaşan və özlərindən sonra arvadlarını qoyub gedən şəxslər arvadları və (onların evdən) çıxarılmadan bir illik yaşayış xərcləri(nin təmin olunması) barəsində vəsiyyət etməlidirlər. Əgər onlar özləri çıxıb getsələr, onda, onların özləri barədə bəyənilən şəkildə gördükləri işdə (evlənmələrində və ya başqa bir işi seçmələrində) sizə (meyidin varislərinə) günah yoxdur (və xərclər boyundan götürülür). Allah qüdrətli və hikmətlidir. (Bu hökm İslamın ilkin çağlarında qüvvədə olub və sonradan nəsx edilərək, irs və iddə hökmü ilə əvəz edilib).
Və talaq verilmiş qadınlara (ər tərəfindən) münasib mal və yaşayış şəraiti lazımdır (iddə gözlədiyi müddətin xərcləri və talaqın növündən asılı olaraq mehriyyənin hamısı və ya bir hissəsi onlara verilməlidir). Bu, təqvalıların boynunda sabit və vacib (bir vəzifə)dir.
Sayları minlərlə olduğu halda ölümün qorxusundan (və cihaddan qaçmaq üçün) öz evlərindən çıxan kəslərə (ibrət gözü ilə) baxmadınmı? Onda Allah onlara dedi: «Ölün! (Allah onların ölümünü istədi, onlar da dərhal öldülər.)» Sonra onları diriltdi (ki, ölümdən qaçmağın mümkün olmamasını başa düşsünlər). Doğrudan da Allah insanlara qarşı lütf və bəxşiş sahibidir. Lakin insanların çoxu şükr etmirlər.
Kim Allaha gözəl bir borc verməyə hazırdır ki, Allah (da) onu (qaytararkən) onun üçün neçə qat artırsın? (Ruzini) azaldan da, çoxaldan da Allahdır. Ona tərəf qaytarılacaqsınız.
Musa(nın vəfatın)dan sonra Bəni-İsrail böyüklərindən (əyan-əşraflarından) öz peyğəmbərlərindən birinə (Şəmuilə) «Allah yolunda döyüşməyimiz üçün bizə bir hökmdar göndər» deyən dəstəyə (onların halına qəlb gözü ilə) baxmadınmı? (Peyğəmbərləri onlara) dedi: «Heç sizə döyüş yazılacağı təqdirdə vuruşmayacağınız (və itaətsizlik edəcəyiniz) ehtimalını vermirsiniz?» Dedilər: «Bizə nə olub ki, öz ev-eşiyimizdən və övladlarımızın yanından çıxarıldığımız halda Allah yolunda vuruşmayaq?» Beləliklə onlara döyüş yazılan zaman, onların az bir qismi istisna olmaqla (hamısı) arxa çevirdilər. Allah zalımları tanıyandır.
Peyğəmbərləri onlara dedi: «Həqiqətən, Allah Talutu sizə hökmdar göndərdi.» Dedilər: «Hökmdarlığa biz ondan daha layiq olduğumuz və ona çoxlu var-dövlət verilmədiyi halda o bizə necə hökmranlıq edə bilər?!» (Peyğəmbərləri) dedi: «Şübhəsiz, Allah onu sizin üzəriniz(d)ə (hökmranlıq etmək üçün) seçib və ona artıq elm və cismani güc verib. Allah Öz hökmdarlıq və şahlığını istədiyi şəxsə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir.»
Peyğəmbərləri onlara dedi: «Onun hökmranlığının nişanəsi, içərisində (sizin üçün) Rəbbiniz tərəfindən qəlb rahatlığı və Musa və Harun ailəsinin qoyub getdikləri şeylərin qalıqları (Musanın əsası, zirehi və nə’leyni, Tövratın lövhələri və Harunun əmmaməsi) olan və mələklərin daşıdıqları tabutun (Musanın içərisində suya atıldığı əhd sandığının) sizin yanınıza gəlməsidir. Əlbəttə, əgər iman əhli olsanız onda sizin üçün (Talutun hakimiyyətinin doğruluğu barəsində) nişanə vardır «.
Beləliklə Talut (Əmaliqə ilə döyüşmək üçün) qoşunla birgə (öz qərargahlarından) ayrılarkən dedi: «Həqiqətən, Allah sizi bir çay ilə imtahan edəcəkdir. Odur ki, kim ondan (doyunca) içsə, məndən deyil və kim ondan içməsə məndəndir, əlinə bir ovuc su götürən istisna olmaqla (ki, o da məndəndir). Beləliklə, onların az bir hissəsi istisna olmaqla hamısı ondan içdilər. Talut və onunla birgə iman gətirənlər çaydan keçdikdən sonra (onlardan bəziləri) dedilər: «Bizim bu gün Calut və onun qoşunu ilə qarşılaşmağa taqətimiz yoxdur». Allaha qovuşacaqlarına inananlar (axirətə imanları olanlar isə) dedilər: «O qədər az (saylı) dəstə Allahın köməyi ilə çox (saylı) dəstəyə qalib gəlib ki! Allah səbirlilərlədir».
Onlar Calut və onun qoşunu ilə vuruşmaq üçün qarşılaşdıqları zaman dedilər: «Ey Rəbbimiz, biz(im qəlblərimiz)ə səbr və dözüm nazil et, qədəmlərimizi möhkəmləndir və bizə kafir qövm üzərində kömət et.
Beləliklə Allahın köməyi ilə onları məğlub etdilər və (Talutun əsgərlərindən olan) Davud Calutu öldürdü. Allah ona səltənət, hökmdarlıq və hikmət (şəriət elmləri və əqli maarif) verdi və (Zəbur kitabı, gerçəklik əsasında hökm çıxarmaq, quşların dilləri və dəmirdən zireh toxumaq kimi) istədiyi şeylərdən ona öyrətdi. Əgər Allah insanların bəzisini digər bəzilərinin vasitəsi ilə dəf etməsəydi, yer üzünü mütləq fitnə-fəsad bürüyərdi. Lakin Allah bütün aləmdəkilərə qarşı lütf və mərhəmət sahibidir.
Bu peyğəmbərlərdən (adları çəkilən) bəzilərini bəzilərindən üstün etdik. Onlardan eləsi var ki, Allah onunla danışıb (Musa kimi) və bəzilərini bir neçə dərəcə ucaldıb (ulul-əzm peyğəmbərlər kimi). Və Məryəm oğlu İsaya aydın dəlillər (aşkar möcüzələr) əta etdik və onu «Ruhul-Qudus» ilə qüvvətləndirdik. Əgər Allah qəti şəkildə istəsəydi, onlardan sonra (tarix boyu) gələnlər (onların ümmətləri) onlara gəlmiş (bütün bu) aydın dəlillərdən sonra bir-birləri ilə vuruşmazdılar. Lakin ixtilafa düşdülər. Beləliklə onların bəzisi iman gətirdi və bəzisi kafir oldu (və yer üzündə müharibələr törətdilər). Şübhəsiz, əgər Allah istəsəydi, onlar bir-birləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini (bəndələri əqidə və əməllərində ixtiyar sahibi) edir.
Ey iman gətirənlər, nə alış-verişin və nə də dostluq və şəfaətin olmayacağı gün gəlməmişdən qabaq sizə ruzi olaraq verdiklərimizdən (Allah yolunda) xərcləyin. Kafirlərdir zalımlar!
Tək olan Allahdır ki, Ondan başqa bir məbud yoxdur! (Öz zatı ilə var olan) diri və (varlıq aləmini) bərqərar saxlayan qadir və əbədidir. Onu əsla nə mürgi tutar, nə də yuxu! (Yaradılış, qorumaq, idarə etmək və yox etmək Onun istəyindən asılı olduğu üçün) göylərdə və yerdə olanların hamısı (göylər və yer də daxil olmaqla) Ona məxsusdur. İzni olmadan Onun hüzurunda kim vasitəçilik və şəfaət (bu dünyada səbəblərlə nəticələr arasında qeyri-ixtiyari vasitəçilik, o dünyada isə əməllərin cəzasının ləğvi və savabların artırılması üçün olan ixtiyari şəfaət) edə bilər?! İnsanların qarşısında olanı da, arxalarında olanı da (dünyanın keçmiş və gələcək hadisələrini) bilir və onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şeyi bilə bilməzlər. Onun (səltənət və rübubiyyət) kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları (göyləri və yeri) qoruyub saxlamaq Onun üçün çətin və yorucu deyildir. O, çox uca və böyükdür.
Dində (əqidənin əsasalarında) məcburiyyət yoxdur (çünki, daxili inanc və etiqadlar zorla qəbul etdirilə bilməzlər və dəlil-sübuta tabedirlər). Şübhəsiz, (bu Qur’an vasitəsilə) hidayət yolu azğınlıqdan (seçilib) aydınlaşmışdır. Buna görə də, kim azğın və itaətsizə (şeytan və onun ardıcıllarına) kafir olub Allaha iman gətirsə, doğrudan da heç vaxt qırılmayan möhkəm bir dəstəkdən yapışmışdır. Allah eşidən və biləndir.
Allah iman gətirənlərin dostu və başçısıdır. Onları (nadanlıq, küfr və itaətsizliklik) qaranlıqlar(ın)dan (elm, iman və təqva) nur(un)a tərəf çıxarır. Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki, onları (hidayət) nur(un)dan (azğınlıq) zülmətlər(in)ə tərəf çıxarırlar. Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
Allahın verdiyi hökmdarlıq üzündən öyünərək İbrahimlə Rəbbi barəsində höcətləşən kəsi (Nəmrudu, qəlb gözü ilə) görmədinmi? İbrahim «mənim Rəbbim dirildən və öldürəndir» deyən zaman o dedi: «Mən (də) dirildirəm və öldürürəm (iki məhkumdan birini azad edir, digərini isə öldürürəm)». İbrahim dedi: «Həqiqətən (mənim) Allah(ım) günəşi şərqdən çıxarır, sən onu qərbdən çıxar!» Belə olan halda kafir olmuş kəs, mat-məəttəl qaldı. Allah zalım qövmü əsla hidayət etmir.
5960 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
298 Səhifə