"Z" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Z" üzrə 5453 ayə tapıldı.
Məgər görmürsənmi ki, Allah (müxtəlif istiqamətlərdən) buludu yavaş-yavaş qovur sonra onu(n parçalarını) bir-birinə qovuşdurur, daha sonra onları üst-üstə yığır? Beləliklə onun (buludun) arasından yağışın çıxdığını görürsən. Həmçinin (Allah) göydən, onda olan donmuş bulud dağlarından qar və dolu nazil edir. Onun vasitəsi ilə (dünyada cəzalandırmaq) istədiyi qövmə ziyan vurur və onu, istədiyi qövmdən sovuşdurur. Onun şimşəyinin parıltısı az qalır gözləri(n işığını) yox etsin.
Allah gecə - gündüzü dəyişdirir (onların birini digərinin arxasınca gətirir və yaxud birindən azaldaraq digərinə artırır). Həqiqətən bunda (bu dəyişkənlik və onun mənşəyində) bəsirət sahibləri üçün bir ibrət (və Allahın tovhid, qüdrət və hikmətinə dair bir dəlil) vardır.
Allah hər bir canlını sudan yaratmışdır. Onların bəzisi (ilan, balıq və digər sürünənlər) qarnı üstə sürünür, bəzisi (insan və quşlar kimiləri) iki ayağı üstə yeriyir və bəzisi dörd ayağı üstə yeriyir. Allah istədiyini yaradır. Həqiqətən Allah hər şeyə qadirdir.
Şübhəsiz, Biz aydınlıq gətirən ayələr nazil etmişik. Allah (ümumi hidayətdən sonra) istədiyini doğru yola (mənəvi kamilliklərə) tərəf yönəldir.
(Münafiqlər) «Allaha və bu peyğəmbərə iman gətirdik və itaət etdik» deyir, sonra bunun ardınca onların bir dəstəsi üz döndərirlər. Onların (iman iddiasında olanlarının) heç biri iman gətirən deyildirlər.
(Mövcud ixtilaf və çəkişmə barəsində) aralarında (peyğəmbərin) hakimlik etməsi üçün Allaha və Onun Peyğəmbərinə tərəf çağırıldıqları zaman onların bir dəstəsi dərhal (Peyğəmbərin yanına getməkdən) üz döndərərlər.
Onların qəlblərində xəstəlik (iman zəifliyi xəstəliyi) var, yoxsa (imandan sonra) şəkk-şübhəyə düşüblər? Yoxsa Allahın və Onun Peyğəmbərinin (hakimlik edən zaman) onlara zülm etmələrindən qorxurlar? (Bunların heç biri deyil,) əksinə, onlar (batini nifaqlarına görə) doğrudan da zalımdırlar.
Möminlər (mövcud ixtilaf və çəkişmə barəsində) aralarında (peyğəmbərin) hakimlik etməsi üçün Allaha və Onun Peyğəmbərinə tərəf çağırıldıqları zaman onların sözləri yalnız «eşitdik və itaət etdik» olar. Həqiqi nicat tapanlar onlardır.
Kim Allaha və Onun Peyğəmbərinə itaət etsə, Allahdan qorxsa və Ondan çəkinsə, belələri həqiqətən uğur qazananlardır.
Özlərinin ən möhkəm andları ilə Allaha and içdilər ki, əgər onlara (cihada getməyi və ya evlərindən çıxmağı) əmr etsən, mütləq çıxacaqlar. De: «And içməyin, (sizə) gözəl və səmimi itaət (vacib)dir (and içmək yox)! Əlbəttə, Allah, etdiklərinizdən xəbərdardır.»
De: «(Bütün hökmlərdə) Allaha itaət edin və (işlərin ixtiyar sahibi kimi verdiyi göstərişlərdə) bu Peyğəmbərə itaət edin. Beləliklə əgər üz döndərsəniz (bilin ki,) onun borcu yalnız boynuna qoyulmuş vəzifəni (ilahi tapşırıqları) çatdırmaq, sizin borcunuz isə boynunuza qoyulmuş vəzifə(ni qəbul edərək ona əməl etmək)dir. Əgər ona itaət etsəniz, doğru yolu taparsınız. Peyğəmbərin vəzifəsi yalnız aşkar (tapşırığı) çatdırmaqdır. (Hökmlərin icrası imamət məqamının, dünya və axirətdə cəza vermək isə Allahın işidir.)
Allah sizdən (müsəlmanlardan) iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları (Nuhun, Hudun, Salehin və Yunusun qövmlərinin möminlərini) canişin etdiyi kimi yer üzündə (Öz) canişin(i) və hakim edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir. Belə ki, yalnız Mənə ibadət etsinlər və heç nəyi Mənə şərik qoşmasınlar. Kim bundan (bu böyük nemətdən) sonra nankorluq etsə, belələri doğrudan da itaətsizdirlər.
Namaz qılın, zəkat verin və bu Peyğəmbərə itaət edin ki, bəlkə rəhm olundunuz (Allah sizə rəhm etdi).
Küfr edən kəslərin yer üzündə (Allahı Öz hədəflərini gerçəkləşdirməkdə və ya düşmənlərini məhv etməkdə) aciz qoyacaqlarını güman etmə. Onların yeri oddur və (ora) doğrudan da pis bir sonluqdur.
Ey iman gətirənlər, sizin qullarınız və həddi-buluğa çatmayanlarınız (şəxsi yaşayış yerlərinizə daxil olanda qəflətən girməli deyil,) üç dəfə (üç vaxtda) icazə almalıdırlar: Sübh namazından qabaq, günorta paltarlarınızı çıxardığınız zaman və işa namazından sonra ki, (həmin) üç vaxt sizin xəlvət vaxtlarınızdır. Bundan (həmin üç vaxtdan) sonra sizə və onlara (icazəsiz daxil olmaq) günah deyildir, (çünki) onlar həmişə (ünsiyyət zərurəti üzündən) sizin ətrafınıza dolanırlar (və yaxud sizin bir-birinizlə işiniz olur, get-gəl edirsiniz və hər dəfə icazə almaq çətindir). Allah ayələri (hökmlərini) sizə bu cür bəyan edir. Allah bilən və hikmət sahibidir.
Uşaqlarınız (da) həddi-buluğa çatan zaman(dan sonra) onlardan qabaqkılar (onlardan qabaq həddi-buluğa çatmış şəxslər) icazə aldıqları kimi (sizin yatdığınız yerə daxil olmaq üçün həmişə) icazə almalıdırlar. Allah Öz ayələrini (hökmlərini) sizin üçün bu cür açıqlayır. Allah bilən və hikmət sahibidir.
(Heyz və hamiləlikdən kəsildiyi üçün təbii olaraq) evlənmək (cinsi yaxınlıq) meylləri olmayan qoca qadınların öz zinət və bəzəklərini göstərmədən (baş örtüyü və bu kimi üst) paltarlarını çıxarmalarında bir günah yoxdur. İffətli olmaları onlar üçün daha yaxşıdır. Allah eşidən və biləndir.
(Xüsusi olaraq) kora, topala, xəstəyə, (ümumilikdə isə) sizin özünüzə (bu on bir evdə:) öz evlərinizdə (övladlarınızın və yaxud həyat yoldaşlarınızın evlərində), atalarınızın evlərində, analarınızın evlərində, qardaşlarınızın evlərində, bacılarınızın evlərində, əmilərinizin evlərində, bibilərinizin evlərində, dayılarınızın evlərində, xalalarınızın evlərində, açarları ixtiyarınızda olan evlərdə və dostlarınızda (onların evlərində) yemək yeməkdə günah yoxdur. (Həmin evlərə) hamılıqla və ya ayrı-ayrı (daxil olmaq, istirahət etmək, yemək və digər şeylərdən) istifadə etməkdə sizə bir günah yoxdur. Evlərə daxil olan zaman özünüzə (qohum və dindaşlarınıza) salam – Allah tərəfindən olan bərəkətli və pak bir salam verin. Allah, ayələri (hökmləri) sizin üçün bu cür açıqlayır ki, bəlkə düşünəsiniz.
(Həqiqi) möminlər yalnız Allaha və Onun Peyğəmbərinə iman gətirmiş və (məsləhət, müharibə, cümə namazı və bayram tədbirləri kimi) mühüm ictimai işdə onunla birlikdə olanda icazə almayınca onun yanından getməyən kəslərdir. Allaha və Onun Peyğəmbərinə imanı olanlar səndən icazə istəyənlərdir. Buna görə də əgər bəzi işlərinə görə səndən icazə istəsələr, onlardan istədiyin kəsə icazə ver və Allahdan onlar üçün bağışlanmaq dilə. Allah çox bağışlayan və mehribandır.
Peyğəmbərin sizin aranızdakı (hər hansı bir din və dünya işindəki) dəvət və çağırışını sizdən birinin digərini dəvət və çağırması kimi hesab etməyin (və onu əhəmiyyətsiz saymayın). Həqiqətən Allah (Peyğəmbərin dəvətindən sonra onun məclisindən) bir-birinin kölgəsində (xəlvətcə) yavaş-yavaş camaatın arasından çıxanları tanıyır. Buna görə də gərək Peyğəmbərin əmrindən çıxanlar onlara (dünyada) bir bəla və ya (axirətdə) ağrılı bir əzab gəlməsindən çəkinsinlər.
5453 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
273 Səhifə