"m" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "m" üzrə 5960 ayə tapıldı.
Ey (Bizim peyğəmbərimiz Muhəmmədə – səlləllahu əleyhi və alih) iman gətirənlər, ruku və səcdə edin, Rəbbinizə ibadət edin və xeyir iş görün ki, bəlkə nicat tapasınız. (Bu ayə bütün şəriətlərin və ictimai xeyir əməllərin xülasəsidir.)
Və Allah (yolun)da Ona layiq tərzdə cihad edin. O, (Qur’an və İslam neməti ilə) sizi seçib və İslam dinində sizin üçün heç bir məşəqqət və dözülməz çətinlik qoymayıb. (Heç bir çətin hökm çıxarılmayıb və qarşıya çıxan hər bir çətinliyə bir yol qoyub.) Bu din (özünün əsas və qolları ilə) atanız İbrahimin dini və şəriətidir. (İbrahim Muhəmmədin, Muhəmməd isə İslam ümmətinin atasıdır. Deməli İbrahim müsəlmanların atasıdır.) Sizi əvvəldən (keçmiş peyğəmbərlərin kitablarında) və bunda (bu kitabda) müsəlman adlandıran o olub. (Bu seçim) bu peyğəmbərin (Qiyamət günü) sizə və sizin insanlara şahid olmağınız üçündür. (Məsumlar və onların canişinləri Qiyamətdə bu ümmətə və həmçinin keçmiş ümmətlərə şahid olacaqlar.) Buna görə də namaz qılın, zəkat verin və Allaha sığının. Sizin hami, sahib və başçınız Odur. O necə də gözəl hami və necə də gözəl yardımçıdır.
Həqiqətən (İslamın əqidə əsaslarına) iman gətirənlər nicat tapdılar (sanki onlar artıq axirətdə əməllərinin bütün mükafatlarını alıblar).
Öz zövcələrinə və kənizlərinə qarşı istisna olmaqla ki, onlar (zövcə və kənizləri ilə şəhvətlə davranmağa görə) qınanmazlar.
Odur ki, bundan (bu ikisindən) başqasını axtaranlar (bu ikisindən başqasından hər hansı cinsi ləzzət alanlar İslamın müəyyənləşdirdiyi) həddi aşanlardır.
Və o kəslər ki, özlərinin (xalqla və yaradanla) əmanətlərinə və (Allahın onlarla bağladığı, yaxud özləri öz aralarında bağladıqları və ya camaatla bağladıqları) əhd-peymanlarına riayət edirlər.
Uca Cənnətə varis olanlar (şəxsi malları kimi Cənnətə mütləq və daimi sahib olanlar və ya kafirlərin Cənnət payına da varis çıxıb yiyələnənlər)! Onlar orada əbədidirlər.
Şübhəsiz, Biz insanı(n ulu baba və nənəsini) gilin cövhərindən (ruh üfürməklə və ona möcüzəvi şəkildə can verməklə) yaratdıq.
Sonra onu(n nəslini) nütfə (torpağın maddələrinin cövhəri) şəklində möhkəm bir yerə (ana bətninə) qoyduq.
Sonra nütfəni ələqə etdik (laxta qana çevirdik), sonra ələqəni muzğə etdik (çeynənmiş ət şəklinə saldıq). Ondan sonra muzğəni (yumşaq) sümüklər etdik. Beləliklə sümüklərə ət (libası) geyindirdik. Sonra onu (inkişaf etmək qabiliyyəti olan həmin cismi ruh üfürməklə ağıl və elmə layiq) başqa bir (canlı) məxluq (şəklində) vücuda gətirdik. Buna görə də afərin Allaha! Yaradanların ən yaxşısı olan Allah, çox xeyir-bərəkətlidir!
Daha sonra siz şübhəsiz, Qiyamət günü (özünüzün torpaqdan başlayıb belləri, bətnləri, dünyanı və Bərzəx aləmini keçmiş hərəkətinizi kamala çatdırmaq üçün qəbirlərdən) qaldırılacaqsınız.
Həqiqətən Biz sizin başınız üzərində yeddi yol (mələklərin get-gəl yerləri olan yeddi göy) yaratmışıq və Biz yaradılış və yaradılmışların işində əsla qafillərdən deyilik.
Və göydən (yağış, qar və dolu şəklində) müəyyən miqdarda (yer və insanların layiq olduqarı qədər) su endirdik. Sonra onu yer(in dərinliklərin)də yerləşdirdik. Əlbəttə, Biz onun hamısını yox etməyə qadirik.
5960 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
298 Səhifə