"Yar" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Yar" üzrə 824 ayə tapıldı.
(Müşriklərə) de: «Göylərin və yerin Rəbbi kimdir?» (Sonra özün) de: «Allah!» (Çünki bundan başqa bir cavab yoxdur və onlar inadkarlıq üzündən susurlar. Və onların etiqadlarını inkar etmək və bunun ağıl baxımından qeyri-mümkün olduğunu çatdırmaq məqsədilə) de: «Belə isə, hətta özləri üçün (heç) bir xeyir və ziyan qüdrətinə malik olmayan, Ondan qeyrisini yardımçı və başçı götürmüsünüz?! De: «Məgər korla görən birdir? Yaxud zülmətlərlə nur bərabərdir?» Yoxsa Allaha Onun yaratdıqları kimi (bəzi şeylər) yaradan şəriklər qoşublar və (nəticədə bu) iki cür yaradılış, ya yaradılmışlar, ya yaradanlar (arasındakı oxşarlıq) onları çaş-baş salıb (və buna görə də şərikləri də ibadətə layiq biliblər)? De: «(Şübhəsiz) hər bir şeyin yaradanı Allahdır və Odur tək, (varlıq aləminin bütün hissəciklərinə) qalib və mütləq hakim!
Və əgər vasitəsilə dağların hərəkətə gətirildiyi, ya yerin yarılıb parça-parça olduğu, yaxud vasitəsilə ölülərlə danışılan bir Qur’an olsaydı (bunun onların imanına yenə də heç bir təsiri olmazdı). (Çünki iman və hidayət,) hətta işlər və əmrlər bütünlüklə Allaha məxsusdur. Buna görə də məgər iman gətirən kəslər (hələ də bunların imanından) ümidlərini üzüb başa düşməyiblərmi ki, əgər Allah istəsəydi insanların hamısını (məcburi surətdə) hidayət edərdi?! (Lakin Allahın qanunu imana məcbur etmək deyildir.) Və küfr edən kəslərə daim etdiklərinin cəzası olaraq əzici bir müsibət yetişər, yaxud onların evlərinin yaxınlığında nazil olar ki, Allahın (son) vədəsi yetişsin. Həqiqətən Allah vədə xilaf çıxmaz.
Belə isə, məgər hər bir cana hakim olan və onun əməlinə nəzarət edən kəs (cansız bütlər kimidir? Bununla belə) onlar Allaha şəriklər qoşublar. De: «Onları (sifətləri ilə) adlandırın (deyin ki, onlar diri, yaradan, eşidən və görəndirlər)! «Doğrudanmı Allaha yer üzündə (səlahiyyətini) tanımadığı bir şeydən xəbər verirsiniz? Yoxsa quru və boş söz deyirsiniz? (Xeyir, şübhəsiz, Allahın heç bir şəriki yoxdur,) əksinə, küfr edən kəslər üçün onların məkr və hiylələri zinətləndirilib və onlar (haqq) yoldan saxlanılaraq məhrum ediliblər. Allahın azğınlıqda boşladığı kəsə əsla yol göstərən olmayacaqdır.
(Səma) kitab(ı) verdiyimiz kəslər (İslamı təsdiq edən yəhudilər və xristianlar) sənə nazil olana sevinirlər. Və (kitab əhlindən olan) dəstələrdən bəziləri onun bəzi yerlərini (özlərinin üç üqnuma, cismiləşdirmə və təhrif kimi batil əqidələri ilə müxalif olan yerlərini) inkar edirlər. De: «Həqiqətən mənə Allaha ibadət etməyim və Ona (üluhiyyətdə, rübubiyyətdə, yaradılışda və ibadətdə) bir şərik qoşmamağım əmr olunmuşdur. Yalnız Ona tərəf çağırıram və dönüşüm də yalnız Ona tərəfdir».
O Allah ki, göylərdə və yerdə olanların hamısı (onların özləri də daxil olmaqla) Onun həqiqi mülküdür (çünki onların yaradılışı, qorunması, idarə edilməsi və sonda yox edilməsi Onun istək və iradəsindən asılıdır). Çətin əzaba görə vay və ölüm olsun kafirlərə!
Biz hər bir peyğəmbəri (hətta peyğəmbərlik dairəsi digər dillərdə olan insanları da əhatə etmiş olsa belə) yalnız öz qövmünün dilində göndərdik ki, (həqiqətləri) onlara bəyan etsin. Beləliklə, Allah (ilahi dəlil-sübutu qəbul etməyənlərdən) istədiyini azğınlıqda boşlayır və istədiyini (ilahi dəlil-sübutu qəbul etdikdən sonra, kamilliklərə doğru) hidayət edir. Odur yenilməz qüdrət və (yaradılış və şəriətdə) hikmət sahibi!
Musa (öz qövmünə) dedi: «Əgər siz və yer üzündə olanların hamısı Allaha kafir olsanız, yaxud Onun nemətlərinə qarşı nankorluq etsəniz (Ona bir zərər vurmazsınız, çünki) həqiqətən Allah ehtiyacsızdır və sifət və işləri mədh olunandır (ki, mələklər və möminlər Onu dilləri ilə, yaratdıqlarının kamilliyi isə Onu öz halları ilə mədh edirlər).»
Peyğəmbərləri onlara dedilər: «Məgər göyləri və yeri yaradan Allah barəsində şübhə var?! O sizi günahlarınızdan bəzisini bağışlamağa və sizə (ömrünüzün) müəyyən bir müddət(in)ədək möhlət verməyə çağırır. Dedilər: «Siz də bizim kimi yalnız bir bəşərsiniz (və) bizi atalarımızın ibadət etdikləri şeylərdən saxlamaq istəyirsiniz.Odur ki, bizim üçün açıq-aşkar bir dəlil (bu gətirdiklərinizdən qeyrisini) gətirin».
Məgər (qəlb gözü ilə) Allahın göyləri və yeri (və bu heyranedici əzəmətli quruluşu) haqq olaraq (uca və əqli bir məqsəd üçün) yaratdığını görmədin? Əgər istəsə sizi (azğınlıq və itaətsizlik edəcəyiniz təqdirdə) yox edər və (varlıq səhnəsinə) yeni bir məxluq gətirər.
Məgər (küfr başçılarından və rifaha uyanlardan) Allahın nemətlərini (nemətlərin şükrünü) nankorluğa dəyişənlərin və öz qövmlərini (onlara tabe olanları) həlakət diyarına salanların halına baxmadın?!
Allah göyləri və yeri yaradan, göydən (yağış, qar və dolu şəklində) su nazil edən, beləliklə, onun vasitəsilə müxtəlif məhsullardan sizin (yeməyiniz, müalicəniz və geyinməyiniz) üçün ruzi çıxardan və gəmiləri Onun istək və iradəsi ilə dənizdə üzsünlər deyə sizin üçün ram edən və həmçinin çayları sizin üçün ram edəndir.
Həmçinin (yaradılış məcburiyyəti ilə) daim (hərəkətdə, nur saçmaqda və yerə təsir göstərməkdə) olan günəşi və ayı sizə ram etdi. Və (yerin hərəkətini günəşlə tənzim etməklə) gecə ilə gündüzü də sizə ram etdi.
Bir çox kafirlər (müsəlmanların qələbəsini görəndə və ya ölən zaman və yaxud cəza günü) kaş müsəlman olmalarını arzulayarlar.
Həqiqətən bu zikri (Qur’anı) Biz nazil etdik və şübhəsiz, onu (təhrifdən, nəsx olunmaqdan və müddətinin sona çatmasından) Biz Özümüz qoruyarıq.
Həqiqətən Biz göydə (günəşin il uzunu ətrafına fırlandığı) bürclər yaratdıq və onu baxanlar üçün (ulduzlarla) zinətləndirdik.
(Varlıq aləmində və sizin təsəvvür aləminizdə) elə bir şey yoxdur ki, onun xəzinələri (onun vücudunun Bizim mütləq iradəmiz və «ol» kəlməsi olan mənbələri) Bizim yanımızda olmasın və Biz onu (vücud mərhələsinə) yalnız müəyyən miqdarda nazil edirik. [Və həmçinin sizin yaşayış vasitələrinizdən elə bir şey yoxdur ki, (onun bu dünyanın varlıqlarından olan ilkin maddəsi) Bizim ixtiyarımızda olmasın və onu yalnız müəyyən miqdarda nazil edirik (gerçəkləşdiririk).]
Həqiqətən Biz sizin həm (yaradılışın əvvəlindən indiyə qədər olmuş) keçmişlərinizi(n sayını), həm də gələcəklərinizi(n sayını) bilirik [və sizin (iman və təqvada) irəlidə olanlarınıza da elmimiz var, sizin (iman və təqvada) geridə qalanlarınıza da]!
Şübhəsiz, Biz (ilk) insanı qoxumuş palçıqdan götürülmüş quru, çiy və səs çıxaran (insan surətinə düşmüş) gildən yaratdıq.
Və Cannı (şeytanların atası olan birinci İblisi) ondan qabaq tüstüsüz, çox isti və sirayət edən oddan yaratdıq.
Və (yada sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Şübhəsiz, Mən qoxumuş palçıqdan alınmış quru gildən bəşər yaradacağam».
824 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
42 Səhifə