Onun zamanını Allahdan başqa bir aşkar edən yoxdur və (gerçəkləşən zaman) onu Allahdan başqa heç kəs yox edə, təxirə sala və (qorxu və əzabını) dəf edə bilməz.
Və (səni və sənin Qur'anını) təkzib edərək nəfsi istəklərinin arxasınca getdilər. Halbuki hər bir iş (onsuz da haqq və ya batil kürsüsündə) qərar tutacaqdır. (Buna görə də Peyğəmbərin və Bizim kitabımızın doğruçuluğu hamıya məlum olacaqdır.)
Buna görə də onlardan üz döndər (və onlarla mübahisə etmə), Carçının qorxunc bir şeyə tərəf dəvət edəcəyi (İsrafilin üçüncü suru çalmaqla hesaba çağıracağı) günü (gözlə).
Onlar boyunları uzanmış və gözləri bərəlmiş halda tələsik və qorxu ilə carçıya (İsrafilə və üçüncü sura) tərəf gedərlər. Kafirlər «bu çox çətin bir gündür» deyərlər.
Onlardan qabaq Nuhun qövmü (də öz peyğəmbərlərini) təkzib etmişdi. Bizim bəndəmizi (Nuhu) yalançı adlandıraraq «cin vurmuş bir dəlidir» demişdilər və (o, bu töhmətlə onların arasından) qovulmuşdu.
Onlar dedilər: «Biz tək, qohum-əqrabasız və bizdən aşağı təbəqədən çıxmış (mələk və pərilərdən olmayan) bir kəsə tabe olaq? Onda biz azğın və dəli olmuş olarıq.»
(Salehə buyurduq:) «Həqiqətən Biz (onların istədiyi) o dişi dəvəni (yoxdan möcüzəvi şəkildə) onları sınamaq üçün göndərdik. Buna görə də onları(n aqibətlərinin necə olacağını) gözlə və səbr et.»
Biz onlara (yaratmaqla və ya mələk vasitəsi ilə) qorxunc bir səs göndərdik. Beləliklə onların hamısı quru və sınmış çubuqlar, ağıl (heyvanların yatdığı yer) sahibinin tədarük gördüyü quru ot halına düşdülər.