"ya" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "ya" üzrə 3735 ayə tapıldı.
(Mal-dövlət cəhətindən) zəngin olan kimsə (zövcəsi və övladı üçün) öz var-dövlətinə görə xərcləsin və ruzisi az olan kimsə Allahın ona verdiyindən xərcləsin; Allah əsla imkan verdiyindən artıq bir şeyi heç kəsin üzərinə vəzifə qoymaz. Allah hər hansı çətinlikdən sonra tezliklə bir asanlıq yaradar.
Elə bir Peyğəmbər (göndərmişdir) ki, iman gətirib yaxşı işlər görənləri (şirk, küfr və cəmiyyətdəki digər mənəvi pozğunluqların) zülmət(in)dən (hidayət və tovhid) nur(un)a tərəf çıxarmaq üçün Allahın aşkar və aydınlıq gətirən ayələrini sizə oxuyur. Və kim Allaha iman gətirsə və yaxşı işlər görsə, Allah onu (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara daxil edər, orada əbədi qalarlar. Həqiqətən, Allah ruzini ona gözəl etmişdir!
Allah yeddi göyü və bir o qədər də yeri (yeddi ədəd yer kürəsi yaxud yerin yeddi təbəqəsi və yaxud yer kürəsinin səthində yeddi iqlim qurşağını) yaradandır. (Vacib başlanğıcın) mütləq baş verəcək iradə(si) (yaradılışın tərtibinə uyğun olaraq) onların arasında (mümkün olan ilk məxluqdan tutmuş, onun axırıncı mərtəbələrinə kimi tədriclə) nazil olurdu. (Beləliklə, hamısına varlıq libası geyindirdi) və (həqiqi hakimin) əmr(i mələklərə) onların arasında (onların kamil nizamının tədbiri, intizamı barədə) daim nazil olur ki, biləsiniz. Allah hər şeyə qadirdir və Allahın elmi hər şeyi əhatə etmişdir!
Ey Peyğəmbər, niyə Allahın sənə halal etdiyini (bal yeməyi və zövcə ilə yaxınlıq etməyi and içməklə) özünə haram edirsən?! Bununla (yerinə yetirlməsi daha münasib olan bu işi tərk etməklə) zövcələrinin razılığını arayırsan?! Allah bağışlayan və rəhm edəndir.
Və (yada salın), bir zaman Peyğəmbər zövcələrindən birinə (bir neçə mətləbə aid olan) bir sözü gizlində demişdi. O (qadın) onu (o sözü Peyğəmbərin digər zövcəsinə) xəbər verdikdə Allah Peyğəmbəri onun xəbər verməsindən agah etdi. Peyğəmbər (onun faş etdiklərinin) bəzisini (zövcəsinə) izhar etdi və bəzisindən vaz keçdi; və ona (zövcəsinə) bu barədə xəbər verdikdə o, dedi: «Bunu sənə kim xəbər verdi?» (Peyğəmbər) dedi: «O (hər şeyi) bilən və (hər şeydən) xəbərdar olan (Allah) mənə xəbər verdi».
Əgər siz ikiniz (sirri faş edən və onu eşidən) Allaha tövbə etsəniz (çox yaxşı olar. Ona görə) ki, qəlbləriniz (haqdan) dönmüşdür. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək olsanız, belə isə (bilin ki,) şübhəsiz, Allah özü, Cəbrail və möminlərin əməli salehi onun köməkçiləridir və bunlardan sonra (ona) mələklər də arxadırlar.
Əgər o sizə təlaq versə, ola bilsin ki, Rəbbi sizin yerinizə ona sizdən daha yaxşı zövcələr – Allaha təslim olan, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan, dul qadınlar və bakirə (qızlar) versin.
Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun; onun (o odun) başında Allahın onlara verdiyi əmrdən boyun qaçırmayan, əmr olunanı yerinə yetirən, (danışıqda, əxlaqda və əzab verməkdə) sərt (daş qəlbli) və (cüssədə və iradədə) qüvvətli mələklər durmuşlar.
(O gün deyiləcəkdir:) «Ey kafirlər, bu gün üzr gətirməyin. Siz ancaq (dünyada) etdiyiniz əməllərə görə cəzalandırılırsınız, yaxud o əqidə və əməllərin eynilə təcəssüm olması bu gün sizin cəzanızdır».
Allah kafir olanlara Nuhun zövcəsini və Lutun zövcəsini məsəl çəkdi. Onlar Bizim bəndələrimizdən olan əməli saleh iki bəndənin (kəbini) altında idilər. (Bu qadınlar) öz ərlərinə (nifaq vasitəsilə) xəyanət etdilər və onlar (ərləri) o iki qadından Allah(dan gələn əzab)dan heç bir şeyi (azacıq belə) dəf etmədilər və (ölüm anında) onlara deyildi: «Bərzəxin oduna daxil olun! (Qiyamət günü) onlara deyiləcəkdir: «Daxil olanlarla birgə siz də (əbədi) oda girin!»
Və Allah iman gətirən kəslər üçün Fironun zövcəsini məsəl çəkdi; o zaman o demişdi: «Ey Rəbbim, mənim üçün Öz yanında (Öz cəlal və rəhmətinin yaxınlığında) – Cənnətdə – bir ev tik! Mənə Firondan və onun əməlindən nicat ver, məni zalım qövmdən (onun sarayındakılardan və millətindən) qurtar!»
Habelə öz namusunu (iffətini) qoruyan İmran qızı Məryəmi də (məsəl çəkdi). Biz ona Öz ruhumuzdan (Bizim iradəmizlə vücud tapan ruhdan) üfürdük (İsa onun bətnində yarandı) və Rəbbinin kəlmələrini (vəhy olaraq peyğəmbərlərlə danışdıqlarını) və Onun (səmavi) kitablarını (və Lövhi - Məhfuzunu) təsdiq etdi və o Allaha itaət edənlərdən idi.
Varlıq aləminin həqiqi mülkiyyəti və hakimiyyəti (qüdrət) əlində olan Allah müqəddəsdir, ucadır və çox xeyir-bərəkətlidir (çünki kainatın yaradılışı, qorunması və idarə olunması Onun iradəsinə bağlıdır) və O hər şeyə qadirdir.
Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı (siz insanlar üçün) yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır.
Yeddi göyü təbəqələrlə (bir – birinin üzərində) yaradan Odur. Sən Rəhman (olan Allah)ın yaratdığında (gözəllik, möhkəmlik və sabitlik baxımından) əsla bir uyğunsuzluq görməzsən. Belə isə yenidən bax, məgər (məxluqatın yaradılışında) bir nöqsan, yarıq (və hikmətlə uyğunsuzluq) görürsənmi?
Sonra bir daha (varlıq aləminə) bax. (Qəlbinin) göz(ü) (yaradılışda bir nöqsan və çatışmazlığı tapmaqdan) aciz qalıb sənə tərəf qayıdacaqdır.
Və şübhəsiz, Biz (sizə) ən yaxın olan göyü çıraqlarla (ulduzlarla) zinətləndirdik və onları şeytanların daşlanması üçün vasitə etdik, onlar üçün (şeytanlar üçün axirətdə) yandırıcı odun əzabını hazırlamışıq.
Oraya atıldıqları zaman onun daim qaynamaqda və coşmaqda olan ürək qopardan uğultusunu eşidərlər.
Az qala qəzəbin şiddətindən parça – parça olsun; hər hansı bir dəstə oraya atıldıqları zaman gözətçilər onlardan soruşarlar: «Məgər (dünyada) sizə bir qorxudan (peyğəmbər) gəlməmişdimi?»
3735 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
187 Səhifə