Ən-Nəml ‏ surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Ən-Nəml ‏ surəsi" üzrə 93 ayə tapıldı.
«Mütləq ona şiddətli bir əzab verər, ya da başını kəsərəm. Yaxud da o (üzürlü səbəbə görə burada olmaması barədə) açıq-aşkar bir dəlil gətirsin».
Beləliklə çox keçmədi ki, Hüd-hüd (qayıtdı və) dedi: «Mən elə bir şeydən xəbərdar olmuşam ki, sən xəbərdar deyilsən. Sənin üçün «Səba» şəhərindən (Yəmənin paytaxtından) mühüm və doğru bir xəbər gətirmişəm».
«Həqiqətən, mən onlara (Səba əhlinə) hökmranlıq edən bir qadın gördüm. Ona (padşahlıq, məmləkətin idarə olunması və xalqın xoş güzəranı üçün lazım olan) hər şey verilmişdir. Onun böyük, əzəmətli bir taxtı vardır».
«Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərini gördüm. Şeytan onların (küfrlü) əməllərini nəzərlərində zinətləndirmişdir, beləliklə haqq yoldan onları saxlamışdır. Buna görə də əsla düz yolu tapa bilmirlər».
«Göylərdə və yerdə pünhan olanları aşkara çıxaran (otları torpaqdan, dənləri bitkidən, meyvələri ağacdan, sürünənləri yerdən, heyvanları nütfədən, suları buluddan, elmləri beyindən, mələkləri nurdan, şeytanları oddan və ümumiyyətlə bütün mövcudları «yoxluq» adlı gizli bir «evdən» çıxaran) və gizlətdiyiniz şeyləri (qəlbdən keçənlərin) və aşkar etdiklərinizi (xəlvətdə və aşkarda etdiyiniz əməlləri) bilən Allaha səcdə etməsinlər deyə (Şeytan belə etmişdir)».
«Allahdan başqa heç bir tanrı yoxdur və O, böyük (əzəmətli) ərşin sahibidir (varlıq aləmi üzərində həqiqi və geniş hakimiyyəti vardır)».
«Mənim bu məktubumu apar və onların tərəfinə at, sonra onlardan uzaqlaş (aralan), bax gör ki, (fikir mübadiləsi zamanı) nə danışırlar».
(Hüd-hüd məktubu Səba mələkəsinə atdıqda, mələkə) dedi: «Ey əyanlar və böyüklər, mənim üçün çox dəyərli və hörmətli bir məktub atılmışdır».
«(Və onun məzmunu) belə(dir) ki; «Məndən üstün olmağa çalışmayın və hamılıqla təslim halında mənim yanıma gəlin».
(Sonra) dedi: «Ey əyanlar və böyüklər, işim barədə mənə rəyinizi söyləyin, çünki mən heç vaxt siz yanımda olmayınca bir iş barədə qəti hökm verməmişəm».
Dedilər: «Bizim (böyük) gücümüz (qoşunumuz və sursatımız) vardır, şücaət sahibiyik, yüksək hərbi imkana malikik. Əmr sənindir. Odur ki, bax gör nə əmr edirsən».
Dedi: «Şübhəsiz, padşahlar elə ki, bir şəhərə (ya ölkəyə) daxil olarlar, oranı xarabazara çevirərlər və ölkənin başçılarını və qüdrətlərini zəlil edərlər və (onlar adətən) belə (hərəkət) edərlər».
Beləliklə, (elçi) Süleymanın yanına gəldikdə (və hədiyyəni təqdim etdikdə, Süleyman) dedi: «Yoxsa mənə (azacıq) bir mal ilə yardım edirsiniz? Halbuki Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) sizə verdiyindən daha yaxşıdır; (hədiyyənin dəyərsizliyi bir yana dursun) hələ bir siz öz hədiyyənizlə sevinirsiniz».
«Onların (mələkə və tayfasının) yanına qayıt! Biz mütləq elə bir ordu ilə onların üstünə gələcəyik ki, onun qarşısında durmağa qüdrətləri yoxdur və şübhəsiz, onları o torpaqdan əsir və zəlil halında çıxaracağıq».
(Sonra) dedi: «Ey əyanlar və böyüklər, onlar hamılıqla təslim olaraq mənim yanıma gəlməzdən öncə, hansınız o qadının taxtını mənə gətirə bilər?»
Cinlərin çox zehinli və nəhəng olanı (ifrit) dedi: «Mən onu sən məclisdən qalxmamış sənin yanına gətirərəm və əlbəttə, mən bu iş üçün qüvvətli və etibarlıyam!»
Kitabdan (Lövhi-Məhfuzdan, ya səmavi kitablardan) bir qədər elmi olan birisi dedi: «Mən onu sən göz qırpmadan öncə və ya sənin bir şeyə baxışın həmin şeyin surətini beyinə ötürməmişdən öncə, sənin yanına gətirərəm». Beləliklə, elə ki, onu öz yanında hazır durmuş gördü, dedi: «Bu (istəyin o saat yerinə yetirilməsi, ya belə bir şəxsin mənim ümmətimdə olması) Rəbbimin fəzlindəndir və məni yoxlamağı üçündür ki, görsün şükürmü edirəm, ya nankorluq (naşükürlük)? Və kim şükr etsə, öz xeyrinə şükr edər və kim naşükürlük etsə, (bilsin ki,) Rəbbim həqiqətən, onun şükrünə möhtac deyil və kərəm sahibidir».
93 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
5 Səhifə