Səba surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Səba surəsi" üzrə 54 ayə tapıldı.
Və əsla onun (İblisin) onların üzərində heç bir hökmranlığı yox idi (onları zorla məcbur etmirdi). Yalnız (vəsvəsə və dəvət edirdi ki,) axirətə iman gətirən kəsi, ona şəkk-şübhə edəndən ayırmaq (seçmək) barəsində Bizim əzəli elmimiz həyata keçsin (və kimin imanlı kimin şəkk içində olduğu məlum olsun). Sənin Rəbbin hər bir şeyi hifz edəndir.
De: «Allahın yerinə (məbud) zənn etdiklərinizi çağırın, (görəcəksiniz ki, sizə cavab vermək qüdrətləri yoxdur, çünki onlar) göylərdə və yerdə zərrə qədər də bir şeyə malik deyillər və onların o ikisində (göylərin və yerin yaradılışı, hifzi və idarə olunmasında) heç bir şərikliyi yoxdur və Allah üçün əsla onlardan bir köməkçi yoxdur».
(Şəfaət etməsinə, ya şəfaət olunmasına) izn verdiyi kimsələr istisna olmaqla şəfaət etmək və şəfaət olunmaq Onun yanında (o gün) fayda verməyəcəkdir. (Və günahkarlar o gün vəhşət içərisində olacaqlar). Nəhayət (izn verilərkən) onların qəlblərindən qorxu və vəhşət getdikdə (şəfaət edənlərə) deyərlər: «Rəbbiniz nə dedi?» Deyərlər: «Haqq (olan bir kəlam dedi və şəfaətə izn verdi), və O (hər şeydən) uca və böyükdür».
De: «Göydən və yerdən sizə ruzi verən kimdir?» De: «Yeganə olan Allah. Elə isə doğru yolda, ya açıq-aşkar azğınlıqda olan bizik, ya siz?!»
De: «Siz Bizim etdiyimiz günahlar barəsində sorğu-sual olunmayacaqsınız və Biz də sizin etdiyiniz əməllər barədə sorğu-sual olunmayacağıq».
De: «Rəbbimiz (qiyamət günü) bizlə sizi (bir yerə) cəm edəcəkdir, sonra bizim aramızda haqq üzrə, qəti surətdə hökm verəcəkdir. Odur qəti surətdə hökm edən və bilən».
De: «Allaha şərik qoşduqlarınızı mənə göstərin (görüm onlarda tanrılıq əlamətlərindən bir şey var, ya yoxdur?) Belə deyildir. Odur vacib, yeganə və bütün kamalları Özündə cəmləndirən Allah, (Odur) yenilməz qüdrət və hikmət sahibi».
Və Biz səni bütün insanlara (öz əsrindən dünyanın sonundək) qoruyan və (salehlərə) müjdə verən və (pisləri) qorxudan (kimi) göndərdik. Lakin camaatın əksəriyyəti (bunu) bilmir.
Deyərlər: «Bu (Qiyamət, hesab və hökm etmə) vəd(i) nə zaman olacaqdır? Əgər siz düz danışansınızsa».
De: «Sizə vəd olunmuş gün elə bir gündür ki, (ölüm günü, ya axirət günü) əsla ondan nə bir saat təxir edərsiniz və nə də irəli keçərsiniz».
Və kafir olanlar dedilər: «Əsla bu Qur’ana və ondan öncə olana (səmavi kitablara) iman gətirmərik». Və əgər zalımları Rəbbi qarşısında (hüzurunda) ayaq üstə saxlanılıb bir-birləri ilə danışan halda görsəydin (çox təəccüblənərdin). Zəiflədilənlər təkəbbürlülərə deyərlər: «Əgər siz olmasaydınız, biz mütləq mömin olardıq».
Təkəbbürlük edənlər zəiflədilənlərə deyərlər: «Məgər sizə doğru yol gəldikdən sonra sizi ondan saxlayan bizmi idik?! (Xeyr,) əslində siz özünüz günahkar idiniz».
Və zəiflədilənlər təkəbbürlük edənlərə deyərlər: «Əslində (bizi azdıran sizin) gecə-gündüz (qurduğunuz) hiylə idi, o zaman ki, bizə Allaha kafir olmağı və Ona şəriklər qoşmağı əmr edirdiniz.» Onlar əzabı gördükdə (öz) peşmançılıqlarını gizlədərlər. Biz kafir olanların boyunlarına dəmir halqa keçirdərik, məgər etdiklərindən (yaxud etdikləri əməlin təcəssümündən) başqa bir şeyləmi cəzalandırılırlar?!
Biz hər hansı bir bəşər cəmiyyətinə elə bir qorxudan (peyğəmbər) göndərmədik ki, oranın əyan-əşrafı və rifah içərisində yaşayanları deməsinlər: «Həqiqətən, Biz sizin göndərildiyiniz şeyə kafirik».
Və dedilər: «Bizim mal-dövlətimiz və övladlarımız (sizinkindən) çoxdur və bizə heç bir vaxt əzab olunmayacaqdır (çünki, bizə verilənlər Allahın bizə olan məhəbbətinin əlamətidir)».
De: «Həqiqətən, mənim Rəbbim (ümumun mənafeyinə və quruluşun zərurətinə əsasən) istədiyi şəxs üçün ruzini bol edər və azaldar. (Bunlar həmin şəxslərə qarşı məhəbbətin və nifrətin əlaməti deyildir) və lakin insanların çoxu (bunu) bilmir».
Sizi Bizim dərgahımıza yaxınlaşdıran nə mal-dövlətiniz, nə də övladlarınızdır. Lakin iman gətirən və yaxşı iş görənlərə etdiklərinin müqabilində iki qat mükafat vardır və onlar Cənnət otaqlarında əmin-amanlıq içindədirlər.
Bizi aciz edəcəklərini sanaraq ayələrimiz(i inkar və batil etməy)ə səy edən kəslər əzab üçün gətiriləcəklər.
De: «Həqiqətən, mənim Rəbbim bəndələrindən istədiyinin ruzisini (ümumun mənafeyinə və kamil bir quruluşun tələbinə əsasən) bol edər və azaldar və (Allah yolunda) sərf etdiyiniz hər bir şeyin əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır».
Və (yada sal) o günü ki, onların hamısını (ibadət edənləri və ibadət olunanları) toplayacaq, sonra da mələklərə deyəcək: «Bunlar (dünyada) sizəmi ibadət edirdilər?»
54 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
3 Səhifə