"Cihad" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Cihad" üzrə 74 ayə tapıldı.
Ey Peyğəmbər, möminləri cihada həvəsləndir. Əgər sizdən iyirmi nəfər səbirli olsa, onlar iki yüz nəfərə qalib gələrlər. Əgər sizdən yüz nəfər olsa, onlar kafirlərin min nəfərinə qalib gələrlər. Çünki onlar anlamaz bir qövmdürlər (şücaət və bu kimi ruhu sifətlərin qüvvətlənməsinə səbəb olan tovhidi dərindən dərk etmirlər).
Həqiqətən, iman gətirən, (Mədinəyə) hicrət edən və Allah yolunda öz malları və canları ilə cihad edən kəslərlə (Mədinə əhalisindən) (mühacirlərə) yer və pənah verən və kömək edənlər bir-birlərinin qəyyumudurlar (onların arasında dostluq, qarşılıqlı yardım və irs əlaqələri vardır). Sizin iman gətirib hicrət etməyən kəslərlə, onlar hicrət edənə kimi heç bir bağlılığınız yoxdur. Əgər din işləri barəsində sizdən kömək istəsələr, sizinlə aralarında (düşmənçiliyin ləğvi barəsində) əhd-peyman olan dəstənin zərərinə olan (kömək) istisna olmaqla, onlara kömək etmək sizin vəzifənizdir. Allah etdiklərinizi görəndir.
İman gətirən, hicrət edən və Allah yolunda cihad edən kəslər və (onlara) yer və pənah verən və kömək edənlər - onlardır həqiqi möminlər! Onlar üçün bağışlanma və gözəl və bol ruzi vardır.
Sonradan iman gətirən, hicrət edən və sizinlə birlikdə cihad edən kəslər (dostluq və dini qardaşlıq əlaqələri baxımından) sizdəndirlər. Allahın kitabında (Lövhi-Məhfuzda və bu kitabda yazılmış varislik hökmündə) qohumlar bir-birlərinə (başqalarından) daha haqlıdırlar (beləliklə, hicrətin əvvəlində mühacirlərlə ənsar arasında çıxarılmış varislik hökmü nəsx oldu). Həqiqətən Allah hər şeyi biləndir.
Yoxsa Allahın sizlərdən cihad edənləri və Allahdan, Onun Peyğəmbərindən və möminlərdən başqasını özlərinə sirdaş etməyənləri hələ aydınlaşdırıb üzə çıxarmadığı halda (onlar haqqında olan əzəli elmi gerçəkləşməmiş öz başınıza) buraxılacağınızı zənn edirsiniz? Allah əməllərinizdən xəbərdardır.
Yoxsa siz hacılara su verməyi və Məscidül-Həramı abadlaşdırmağı Allaha və axirət gününə iman gətirən və Allah yolunda cihad edən şəxs(in iman və əməli) ilə bir tutursunuz? Allah yanında (bu ikisi əsla) bir deyildir. Allah zalım dəstəni hidayət etməz.
İman gətirən, hicrət edən və Allah yolunda malları və canları ilə cihad edənlərin Allah yanında məqam və dərəcələri çox böyükdür və onlar həmin nicat tapanlardır.
De: «Əgər atalarınız, oğullarınız, qardaşlarınız, arvadlarınız, (insan cəmiyyətinin əsasını təşkil edən) qohumlarınız, topladığınız mallar, kasadlaşmasından qorxduğunuz ticarət və (cəmiyyətin maddi cəhətdən möhkəmlənməsinin əsasını təşkil edən) razı olduğunuz yaşayış yerləri sizin üçün Allahdan, Onun Peyğəmbərindən və Onun yolunda cihad etməkdən daha sevimlidirsə, onda Allahın Öz əmrini (sizə əzab etmək əmrini) verməsini gözləyin. Allah itaətsizlərin dəstəsini hidayət etməz».
Əgər (cihad meydanına tərəf) hərəkət etməsəniz, Allah sizə ağrılı bir əzab verəcək və sizin yerinizə başqa bir dəstəni gətirəcək. Siz Ona heç bir zərər vura bilməzsiniz. Allah hər şeyə qadirdir.
Yüngül və ağır (süvari və piyada, yaxud cavan və qoca cihad meydanına tərəf) hərəkət edin və öz mallarınız və canlarınızla Allah yolunda cihad edin. Əgər bilsəniz, bu, sizin üçün daha xeyirlidir.
Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etməkdən qalmaq üçün səndən izn istəmirlər (çünki təkid olunmuş bir vacib olan həmin cihadın yerinə yetirilməsi üçün izn istəmək lazım deyil və eləcə də onun haram sayılan tərki üçün icazə almaq caiz deyil). Allah pərhizkarları tanıyandır.
(Cihaddan yayınmaq üçün) səndən yalnız Allaha və axirət gününə imanları olmayan və qəlbləri şəkk və tərəddüdə düşən kəslər izn istəyərlər. Onlar həmişə öz şəkk və tərəddüdlərində sərgərdandırlar.
Əgər onların (cihad üçün) çıxmaq niyyətləri olsaydı, ona mütləq bir vasitə və xərc hazırlayardılar. Lakin Allah onların (yola düşüb) hərəkət etmələrini xoşlamırdı. Buna görə də (köməyini əsirgəməklə) onları saxladı və (sanki onlara) «oturanlarla (qadınlar, uşaqlar və acizlər kimi) oturun» deyildi.
Həqiqətən sədəqələr (malların və canların zəkatı, səkkiz yerə sərf olunmalıdır, yəni) yoxsulların, miskinlərin (daha yoxsul olanların), onun (toplanması, qorunması və paylanılması) icraçılarının, (kafirlərdən, yaxud əqidələri zəif olan müsəlmanlardan bəzilərini dinə cəlb etmək, ya onlardan döyüşdə istifadə etmək üçün) ürəklərinin ələ alınması lazım olan kəslərin, qulların (azad olunmasının), borcluların (borclarının ödənilməsinin), Allah yolundakı xərclərin (xeyiri ümumi olan hər hansı bir xeyir işin, xüsusilə cihadın) və yolda (İslam və müsəlmanların din və dünyaları üçün lazım olan hər hansı bir hədəf yolunda) qalanlarındır. (Bu hökm,) Allah tərəfindən qəti bir vacibdir. Allah bilən və hikmətlidir.
Ey peyğəmbər, kafirlərlə (vuruşmaqla) və münafiqlərlə (dəlil-sübut gətirmək və onlarla ünsiyyətdən uzaqlaşmaqla) cihad et və onlarla sərt davran. Onların qalacaqları yer Cəhənnəmdir və ora pis dönüş yeridir.
(Təbuk döyüşünə aparılmayıb) yerdə qoyulanlar Allahın Peyğəmbərinin (hərəkət etməsinin) əksinə olaraq evdə oturmalarına sevindilər. Onlar Allah yolunda malları və canları ilə cihad etməyi xoşlamadılar və (camaata) «istidə (döyüşə) getməyin!» dedilər. De: - əgər dərindən düşünürlərsə - «Cəhənnəm odu daha istidir».
«Allaha iman gətirin və Onun Peyğəmbəri ilə birgə cihad edin» deyə bir surə nazil olan zaman, onların (münafiqlərin) qüdrət və sərvət sahibləri səndən izn istəyər və «qoy biz evdə oturanlarla birgə olaq» deyərlər.
Lakin Allahın Peyğəmbəri və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlardır (iki aləmin) yaxşılıqların(ın) sahibləri və onlardır nicat tapanlar!
Bədəvi ərəblərin üzürlüləri (qeyrət üzündən sənin yanına) gəldilər ki, onlara (cihada getmək üçün) icazə verilsin. Həmçinin səbəbsiz üzr istəyənlər gəldilər ki, (cihadı tərk etmək üçün) icazə alsınlar. Allaha və Onun Peyğəmbərinə yalan söyləmiş kəslər evdə oturdular (və cihaddan qalmaq üçün izn belə istəmədilər)! Tezliklə onlardan kafir olmuş kəslərə ağrılı bir əzab yetişəcəkdir.
(Qadın və uşaqlar kimi) zəiflərə, xəstələrə və xərcləməyə (yolxərci etməyə) bir şey tapa bilməyən kəslərə Allah və Onun Peyğəmbəri üçün (söz və əməldə) xeyirxahlıq edəcəkləri təqdirdə (cihadı tərk etmələrinə görə) bir günah yoxdur (onların boynuna vəzifə düşmür və buna görə də onlara təzyiq göstərilməməlidir). Yaxşı əməl sahiblərinə qarşı (onları məzəmmət etmək və cəzalandırmaq üçün) heç bir yol yoxdur. Allah çox bağışlayan və mehribandır.
74 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
4 Səhifə