"ya" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "ya" üzrə 3735 ayə tapıldı.
İman gətirənlər Allah yolunda vuruşurlar. Küfr edənlər isə azğının (haqqa itaətsizlik edən tüğyançının) yolunda vuruşurlar. Buna görə də siz Şeytanın köməkçiləri və dostlarına qarşı vuruşun. Şübhəsiz Şeytanın məkr və hiyləsi həmişə (Allahın tökdüyü tədbir müqabilində) zəifdir.
Məgər (cihad hökmündən qabaq Məkkədə) «(müşriklərlə döyüşdən) əl saxlayın, namaz qılın və zəkat verin» deyilən (lakin döyüşə tələsən), amma (Mədinədə) döyüş yazılan və qərara alınan zaman, bir dəstəsi insanlardan Allah qorxusu qədər və ya ondan da artıq qorxan və «ey Rəbbimiz, nə üçün bizə döyüş qərara aldın (yazdın)? Nə üçün bizə azacıq bir möhlət vermədin?» deyən kəsləri görmədinmi?! De: «Dünyanın mənfəəti azdır və təqvalılar üçün axirət daha yaxşıdır. (Orada) sizə hətta xurma çərdəyinin yarığındakı nazik tel qədər zülm olunmayacaq və haqqınızdan kəsilməyəcəkdir.»
Harada olsanız, hətta ucaldılmış hasarlar və qəsrlərin içində olsanız belə, ölüm sizi haqlayacaqdır. Onlara (münafiqlərə) bir yaxşılıq (sərvət, firavanlıq və qənimət) yetişəndə «bu, Allah tərəfindəndir» deyərlər, bir pislik (yoxsulluq, xəstəlik və məğlubiyyət) yetişəndə isə «bu, sənin tərəfindəndir (sənin nəhsliyinin ucbatındandır)» deyərlər. De: «Bunların hamısı Allah tərəfindəndir» (dünyada baş verən bütün hadisələr birbaşa Onun istək və iradəsi ilədir, lakin onları yaradan səbəblər müxtəlifdir). Bəs bu qövmə nə olub ki, sözü dərk etmək istəmirlər?
(Ey insan,) sənə yetişən hər hansı bir yaxşılıq Allah tərəfindəndir (onun səbəbi Allahın rəhmətidir) və sənə yetişən hər hansı bir pislik sənin öz tərəfindəndir (onun səbəbi sənin günahlarındır). (Ey Peyğəmbər,) Biz səni insanlara elçi olaraq göndərdik. Allahın (sənin peyğəmbərliyinə) şahid olması kifayətdir.
Onlar (sənin yanında) «itaət edənlərik» deyirlər. Sənin yanından çıxanda(n sonra isə) onların bir dəstəsi öz gecə yığıncaqlarında, başlarında sənin dediyindən başqasını və özlərinin sənin yanında dediklərindən başqa şey dolandırırlar. Allah onların gecələr başlarında dolandırdıqlarını yazır. Odur ki, onlardan üz döndər və Allaha təvəkkül et. Allahın işləri öhdəsinə götürməsi kifayətdir.
Əgər onlara əmin-amanlıq və ya qorxu (müsəlmanların qələbəsi və ya məğlubiyyətinin səbəbi) barəsində bir xəbər çatsa (araşdırmadan) onu yayarlar, halbuki əgər onu Allahın peyğəmbərinə və özlərinin ixtiyar sahiblərinə həvalə etsəydilər, şübhəsiz onlardan araşdırma əhli olanlar onun həqiqətini dərk edərdilər (və bir çarə yolu tapardılar). Əgər Allah sizə lütf və mərhəmət göstərməsəydi, şübhəsiz ki, az bir qisminizi çıxmaqla hamınız Şeytana tabe olardınız.
Odur ki, Allah yolunda vuruş. Sən yalnız özün (öz vəzifən) üçün məsuliyyət daşıyırsan. Möminləri də (cihada) həvəsləndir. Ümid var ki, Allah kafirlərin bəla və zərərin(dən siz)i saxlasın. Allah daha artıq bəla və daha ağır cəza verəndir.
Kim (hər hansı bir xeyir işdə Allah və ya məxluq yanında) gözəl vasitəçilik etsə, həmin işdən ona pay (dünyada və axirətdə savab) çatacaqdır. Həmçinin kim pis vasitəçilik (hər hansı bir nahaq işdə və yayaqətsiz bir şəxsin xeyrinə vasitəçilik) etsə, ona da həmin işdən (işin günah və əzabından) pay düşəcəkdir. Allah həmişə hər şeyə qadir və hər şeyi qoruyandır.
Sizə salam verildikdə siz ondan daha gözəl və yaxud onun kimi bir salam(la cavab) verin. Şübhəsiz, Allah hər şeyin hesabını aparandır.
Tək olan Allahdan başqa bir tanrı yoxdur. Sizi mütləq, (qəbirlərinizdən) barəsində heç bir şəkk-şübhə olmayan Qiyamət gününə (hesaba) toplayacaqdır. Sözdə kim Allahdan daha doğruçu ola bilər?!
Bəs sizə nə olub ki, münafiqlər barəsində iki dəstə olmusunuz (bir dəstəniz onlara tərəfdar, digər bir dəstə isə müxalif olub), halbuki Allah onları etdiklərinə görə küfr və azğınlıq halına salmış və qəlblərini alt-üst etmişdir! Allahın öz azğınlığı içərisində boşladığı kəsi hidayət etmək istəyirsiniz?! Allahın öz azğınlığı içərisində boşladığı şəxs üçün (onun yaxşılığına doğru) əsla bir yol tapa bilməzsən.
(Bu ayə kitab əhli və müşriklərdən olan kafirlərin öz müşrik qohum və dostlarının içərisində olanlar barəsindədir.) Onlar sizin də özləri kimi kafir olmanızı istəyirlər ki, bir-birinizlə bərabər olasınız. Buna görə də onlar Allah yolunda (və dini qəbul etmələrini sübuta yetirmək üçün İslam diyarına) hicrət etməyincə, əsla onlardan dostlar götürməyin. Beləliklə əgər (bu işdən) üz döndərsələr onları (müşriklər kimi) harada tapsanız tutun və öldürün. Onlardan heç vaxt dost və köməkçi götürməyin.
Sizinlə aralarında əhd-peyman olan bir dəstəyə birləşənlər və ya sinələri sizinlə, yaxud öz tayfaları ilə vuruşmaqdan təngə gəlmiş halda sizin yanınıza gələnlər (bu hökmdən) müstəsnadırlar. Əgər Allah istəsəydi, şübhəsiz, onları sizin üstünüzə salar və onlar mütləq sizinlə vuruşardılar. Buna görə də əgər sizdən uzaqlaşsalar, sizinlə vuruşmaq istəməsələr və sülh təklifi versələr, onda Allah sizin üçün onlara qarşı (onlara hücum etməyə) bir yol qoymamışdır.
Heç bir möminə səhv və xəta (tamamilə xəta üzündən baş verən və ya qəsdən edilənə oxşayan xəta) istisna olmaqla hansısa bir mömini öldürmək yaraşmaz (və bu həm ağıl, həm də şəriət baxımından da rəva deyildir). Kim səhvən bir mömini öldürsə, (qətlin kəffarəsi olaraq) bir mömin qulu azad etməli və öldürülənin qohumlarına (qanbahasını) bağışlamadıqları təqdirdə qanbahası verməlidir. Əgər öldürülən şəxs sizinlə düşmən olan bir dəstədən, özü də mömin olsa, onda (kəffarə olaraq) mömin bir qulun azad edilməsi vacibdir (və qanbahası lazım deyildir). Əgər sizinlə aralarında (sülh və ya himayə) əhd-peyman(ı) bağlanmış bir dəstədən olsa, onda onun qanbahası qohumlarına verilməli və mömin bir qul azad edilməlidir. (Qul) tapmayan kəs dalbadal iki ay oruc tutmalıdır. (Bunlar) Allah tərəfindən olan bir tövbədir. Allah həmişə (hər şeyi) bilən və hikmət sahibidir.
Kim bir mömini qəsdən öldürsə (və bu əməli halal hesab etsə), onun cəzası Cəhənnəmdir ki, orada əbədi qalacaqdır. Həmçinin Allah ona qəzəb edər, onu Öz rəhmətindən uzaqlaşdırar və onun üçün böyük bir əzab hazırlayar.
Ey iman gətirənlər, Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman diqqətlə araşdırma aparın və sizə salam verən və zahirdə İslama mənsubiyyət bildirən şəxsə, dünyayatının mənfəətini əldə etmək istəyərək (bu bəhanə ilə onu öldürmək üçün) «sən mömin deyilsən» deməyin, halbuki Allah yanında çoxlu qənimətlər vardır. Bundan qabaq siz də, Allah (həqiqi imanla) sizin boynunuza haqq qoyana kimi elə idiniz (dildə iman gətirdiyinizi bildirir və həmçinin dünya mənfəəti üçün adam öldürürdünüz). Buna görə də gərək araşdırma aparasınız. Həqiqətən Allah etdiklərinizdən xəbərdardır.
Cismində xəsarət və digər üzrü olmadan (müstəhəbbi və ya vacibi-kifayi) cihada getməyib (evdə) oturan möminlər, Allah yolunda mal və canları ilə cihad edənlərlə əsla bir deyildirlər. Allah mal və canları ilə cihad edənləri (evdə) oturanlardan (yüksək) bir dərəcə ilə üstün etmişdir və Allah onların hər birinə (iman və əməli müqabilində) yaxşı bir mükafat vəd etmişdir. Allah cihad edənlərə (evdə) oturanlardan daha böyük mükafatla üstünlük əta etmişdir,
Öz tərəfindən (dünya və axirətdə) dərəcələr, bağışlanmaq və rəhmətlə! Allah həmişə bağışlayan və mehribandır.
Heç bir çarəsi olmayan və (hicrət etməyə) heç cür yol tapa bilməyən zəif salınmış kişi, qadın və uşaqlar (hakim qüdrətin və ya elm öyrənməyə mane olan mühitin zəif hala saldığı bu kəslər) müstəsnadırlar.
Buna görə də ümid var ki, Allah onları əfv etsin. Allah həmişə çox əfv edən və bağışlayandır.
3735 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
187 Səhifə