Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Fironun ailəsindən olub imanını (onlardan) gizlədən mömin bir kişi dedi: «Məgər siz «mənim Rəbbim Allahdır» deməyə görə bir kişini, sizin üçün Rəbbiniz tərəfindən aydın dəlillər gətirdiyi halda öldürəcəksiniz?! Əgər o yalançı olsa, yalanı öz ziyanınadır. Əgər doğruçu olsa (dünya və axirət əzablarından) vəd etdiyinin (ən azı) bir hissəsi sizə yetişər. Həqiqətən Allah israfçı və yalançını hidayət etmir (və Musa doğruçu olduğu təqdirdə siz israfçı və yalançısınız).»
Ey mənim qövmüm, bu gün mülkiyyət və hakimiyyət sizə məxsusdur və siz bu torpaqda qalib və üstünsünüz. Beləliklə əgər bizə bir əzab gəlsə, Allahın əzabından (qurtarmağa) bizə kim kömək edər?! Firon dedi: «Mən sizə öz rəyimdən (Musanın öldürülməsinin məsləhət olmasından) başqa bir nəzər bildirmirəm və sizi yalnız doğru yola yönəldirəm.»
İman gətirmiş şəxs dedi: «Ey mənim qövmüm, şübhəsiz, mən sizin üçün tayfaların (qarşılaşdıqları hadisə) gününün bənzərindən qorxuram.»
«Nuhun qövmünün, Ad və Səmud (qövmlərinin) və onlardan sonrakıların barəsində istifadə edilmiş üsulun (gözlənilmədən kütləvi şəkildə məhvə düçar etməyin) bənzərindən! Allah heç vaxt bəndələrinə zülm etmək istəmir.»
«Ey mənim qövmüm! Həqiqətən mən sizin üçün «bir-birini səsləmə» günündən (insanların qorxudan bir-birlərini köməyə çağıracaqları və hamılıqla fəryad qoparacaqları gündən) qorxuram.»
Sizi Allah(ın əzabın)dan qoruyan bir kimsənin olmadığı halda (Cəhənnəmə tərəf getmək və ya Cəhənnəmin içindən çıxmaq qəsdi ilə onun kənarlarına qaçmaq üçün) dayandığınız yerə arxa çevirərək (hesab yerindən) üz döndərəcəyiniz bir gün(dən)! Allahın azğınlıqda boşladığı kəsi heç vaxt bir hidayət edən olmayacaqdır.
«Həqiqətən Yusuf bundan (Musadan) qabaq sizin üçün (tovhid və özünün peyğəmbərliyi barəsində) aydın dəlillər gətirdi. Siz həmişə onun gətirdiyi barəsində şəkk içərisində idiniz. Nəhayət elə ki, o öldü, dediniz: «Allah ondan sonra heç vaxt peyğəmbər göndərməyəcəkdir. (Həyatında onu təkzib etdiniz, ölümündən sonra qəbul etdiniz və gələcək peyğəmbərləri inkar etdiniz.) Allah israfçı və şübhə edəni beləcə azğınlıqda boşlayır.
Bir dəlil gəlmədən Allahın ayə və nişanələri barəsində mübahisə edənlər Allahın və iman gətirmiş kəslərin yanında böyük qəzəbə və nifrətə düçardırlar. Allah zorakı təkəbbür sahibinin qəlbinə beləcə bütünlüklə (bədbəxtlik) möhür(ü) basır.
(Musanın özü və möcüzələri qarşısında zəifləmiş və artıq, etinasızlıqla qətl fərmanı verə bilməyən) Firon dedi: «Ey Haman, mənim üçün çox uca bir bina tik, bəlkə (onun qülləsindən müşahidələr aparmaqla) müəyyən vasitələr əldə etdim.»
«Göylərin (ulduzlar və digər səma varlıqları kimi) səbəb və vasitələrini! Və (bu yolla) Musanın Allahından xəbərdar olum. Əlbəttə, mən onu yalançı sanıram.» Beləcə pis əməlləri Firona gözəl göstərildi və o, yoldan (haqq və tovhid yolundan) saxlanıldı. Fironun məkr və hiyləsi yalnız puç və batil idi.»
İman gətirmiş şəxs dedi: «Ey mənim qövmüm, mənə tabe olun, sizi doğru və hədəfə çatdıran yola hidayət edim.»
«Ey mənim qövmüm! Bu dünya həyatı yalnız (məhdud və müvəqqəti) bəhrələnməkdir və həqiqətən sabitlik və əbədilik evi (təkcə) axirətdir (axirət həyatıdır).
Kim pis iş görsə, yalnız onun miqdarında cəzalandırılacaq və kişi və ya qadınlığından asılı olmayaraq, kim mömin halda yaxşı iş görsə, belələri Cənnətə daxil olacaq, orada onlara saysız-hesabsız (əməllə müqayisə edilmədən və möminin hesabından xaric həddə) ruzi veriləcəkdir.»
«Ey mənim qövmüm! Mənə nə olub ki, mən sizi qurtuluşa dəvət edirəm, siz isə məni oda tərəf çağırırsınız?!»
«Siz məni Allaha kafir olmağa və barəsində heç nə bilmədiyim bir şeyi Ona şərik qoşmağa dəvət edirsiniz, mən isə sizi O yenilməz qüdrət sahibi və çox bağışlayan (Allah)a tərəf çağırıram.»
«Şübhəsiz, məni tərəfinə çağırdığınız şeyin dünya və axirətdə bir dəvəti yoxdur (o, nə çağırılmağa layiqdir və nə də bir kəsi öz kəlamı, yaxud peyğəmbər və kitab göndərməklə çağırıb). Bizim qayıdışımız Allaha tərəfdir və israfçılar (bəndəlik həddini aşanlar) od əhlidirlər.
Buna görə də tezliklə (əzab nazil olanda və digər aləmdə) sizə dediklərimi xatırlayacaqsınız. Mən öz işimi Allaha tapşırıram. Çünki Allah bəndələri(n halını) görəndir.
Beləliklə Allah onu onların hiylələrinin şərindən qorudu və fironçulara ağır bir əzab gəldi və onları bürüdü.
Fironçuların (Bərzəx aləmində) hər səhər-axşam məruz qaldıqları həmin od! Qiyamət qopduğu gün isə «fironçuları ən şiddətli əzaba daxil edin» (deyiləcəkdir).
Və (yada sal) o zaman(ı) ki, onlar odun içində bir-birləri ilə höcətləşəcəklər. Zəiflər təkəbbür göstərənlərə deyəcəklər: «Həqiqətən biz sizin arxanızca gedirdik. Belə isə siz odun bir hissəsini bizdən dəf edə bilərsinizmi?
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə