Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Göylərin, yerin və onlarda yaydığı canlıların yaradılışı Onun (qüdrət, əzəmət və hikmət) nişanələrindəndir. O, istəyəndə (Qiyamətdə) onları bir yerə toplamağa qadirdir.
Sizə yetişən müsibətlər özünüzün qazandığınız günahlara görədir və O, (hələ) onların çoxundan keçir.
Siz yer üzündə (Allahı) aciz qoya (bilə)n deyilsiniz (ki, müsibətdən qaçasınız və ya onu dəf edəsiniz). Sizin Allahdan başqa əsla başçı və yardımçınız yoxdur.
Əgər istəsə (onların hərəkət etmələri üçün vasitə olan) küləyi saxlayar, beləliklə gəmilər suyun üzündə hərəkətsiz qalarlar. Həqiqətən bunda (dənizin dərin suyunda, gəmi ləvazımatının yaradılması və insanın onu düzəltməyə istiqamətləndirilməsində) çox səbr və şükr edən (yaradılışın sirlərini tapmaq yolunda səbirli olan və nemətlərin müqabilində şükr edən) hər bir kəs üçün nişanələr vardır.
Yaxud onları (gəmidəkiləri) qazandıqlarının (günahlarının) müqabilində məhv edər. O, (günahların) çoxundan da keçir.
(Belə edirik ki, qorxsunlar) və Bizim ayə və nişanələrimiz barəsində höcətləşərək mübahisə edənlər bilsinlər ki, onların (Bizim qüdrətimizdən) qaçmaq yerləri yoxdur.
Buna görə də (müvəqqəti həyatın müxtəlif vasitələrindən) sizə verilənlər dünya həyatının pay və malıdır. Allahın yanında olanlar (axirət mükafatları) iman gətirib öz Rəbblərinə təvəkkül edənlər üçün daha yaxşı və sürəklidir.
(Həmçinin) böyük günahlardan və çirkin əməllərdən çəkinən və (şəxsi məsələlərdə birinə) qəzəblənəndə (intiqam almaq əvəzinə onu) bağışlayan kəslər (üçün).
Və o kəslər (üçün) ki, Rəbblərini(n iman və əmələ dəvətini) qəbul ediblər, namaz qılıblar, işləri aralarında məşvərət ilə aparılır və özlərinə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.
Və onlara (cəmiyyətlərinə və ya dini hədəflərinə) zülm olunduqda bir-birlərindən kömək istəyən və bir-birlərinə kömək edən (və düşməndən intiqam alan) kəslər (üçün).
Hər bir pisliyin cəzası onun kimi bir pislikdir (öldürmək, kəsmək və yaralamağın cəzası eyni ilə özü kimidir və malın tələf edilməsi müqabilində onun əvəzi və ya maddi dəyəridir). Bununla belə əgər kimsə əfv etsə və (Allahla öz arasını və özü ilə tərəf müqabilinin arasını) düzəltsə onun mükafatı Allahın öhdəsinədir. Həqiqətən O, zalımları (pislikdə başlayan tərəf olanları və cəzalandırmaqda həddi aşanları) sevmir.
Həqiqətən, zülmə məruz qaldıqdan sonra intiqam alan kəslərə qarşı (həddi aşmaq və təcavüz etməyə ağıl və şəriət baxımından) əsla bir yol yoxdur.
(Cəza və tənbeh) yol(u) yalnız insanlara zülm edən və yer üzündə haqsız yerə hökmranlıq və fəsad axtaran kəslərə qarşıdır (belələrinə qarşı açıqdır). Onlar üçün ağırılı bir əzab vardır.
Əlbəttə kim (intiqam almaq qüdrəti ola-ola) səbr etsə və bağışlasa, bu, doğrudan da mühüm işlərdəndir.
Allahın boşladığı (və üzərindən lütf nəzərini götürdüyü) kəsə Allahdan başqa əsla bir başçı və yardımçı olmayacaqdır. Zalımların (Cəhənnəm) əzabı(nı) görən zaman «(dünyaya və ya iman və tövbəyə) qayıtmaq üçün bir yol varmı?» deyən görəcəksən.
Onları zillət və xarlıqdan (doğan) itaətkarlıqla (qorxudan) gözaltı baxa-baxa oda göstərilən görəcəksən. Və iman gətirənlər (onların barəsində) deyəcəklər: «Doğrudan da, ziyana düşənlər özlərini və öz (dünya və ya Cənnət) adamlarını verməklə Qiyamət günü ziyana uğrayan kəslərdir.» Bil ki, zalımlar mütləq daimi əzab içərisində olacaqlar.
Onların Allahın müqabilində onlara kömək edəcək bir başçı və dostları olmayacaq. Allahın (rəhmətini kəsməklə) azğınlıqda boşladığı kəsin əsla bir (nicat) yolu yoxdur.
Allah tərəfindən bir qayıdışı olmayan gün (Qiyamət) gəlib çatmamışdan qabaq Rəbbinizi(n iman və əmələ dəvətini) qəbul edin. Həmin gün sizin üçün nə bir sığınacaq olar və nə də (əməllərinizi) bir inkar etmək (qüdrətiniz).
Beləliklə əgər (sənin dəvətindən) üz döndərsələr (bunun üçün sən məzəmmət edilməzsən. Çünki Biz) səni onlara gözətçi göndərməmişik. Sənin öhdəndə (dinin tapşırıqlarını) çatdırmaqdan başqa bir şey yoxdur (onların ürəkdən etiqad bəsləmələri, əməli bağlılıqları, dünya və axirətdə cəzalandırılmaları sənin vəzifən deyil). Biz insana Öz tərəfimizdən bir mərhəmət daddıran zaman ona sevinər. Əldə etdikləri müqabilində onlara bir pislik və müsibət yetişəndə isə, şübhəsiz, insan çox nankordur (həmin müsibətə görə bütün nemətləri yaddan çıxarır).
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə