Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Kim (nəfsi istəklərlə məşğul olaraq) Rəhman Allahı yada salmağa göz yumsa (və nəticədə qəlbi korlaşsa) ona, həmişə (vəsvəsə etmək və azdırmaq üçün) yoldaş və yaxın dost olan bir şeytan qoşarıq.
Şübhəsiz, həmin şeytanlar onları (hər bir xeyir) yoldan saxlayarlar və onlar doğru yolu tapmış olduqlarını güman edərlər.
Nəhayət (qəlbi kor olmuş həmin şəxs Qiyamətdə) bizim yanımıza gələn zaman (şeytanına) deyər: «Ey kaş mənimlə sənin aranda şərqlə qərb arasındakı fasilə qədər uzaqlıq olaydı, sən pis yoldaş və dostsan!»
(Dünyada özünüzə) zülm etdiyiniz üçün (bu nifrət və uzaqlıq arzunuz) bu gün sizə əsla bir xeyir verməyəcəkdir. Çünki şübhəsiz, siz (Cəhənnəm) əzab(ın)da ortaqsınız (və sizin aranıza ayrılıq düşməyəcəkdir).
Buna görə də məgər sən karlara (söz) eşitdirə, yaxud korları və aşkar azğınlıqda olanları hidayət edə bilərsən?!
Yaxud onlara vəd etdiyimizi (onların vəd etdiyimiz əzaba düçar olmalarını) sənə göstərəcəyik. Biz mütləq onlara (əzab verməyə) qadir və qalibik (və onlarda hər halda – istər sənin həyatın zamanı olsun, istərsə də sənin ölmündən sonra – intiqam alacağıq).
Əlbəttə, bu (Qur’an) sənin özün və qövmün üçün bir öyüddür və tezliklə (onun barəsində) sorğu-sual ediləcəksiniz.
Səndən qabaq göndərdiyimiz peyğəmbərlərdən (ümmətin alimlərindən və təhrif edilməmiş kitablardan və yaxud meracda onların ruhlarından) soruş (gör) heç Biz (tarixin əvvəlindən indiyə kimi) Rəhman Allahdan başqa ibadət edilən bir məbudlar təyin etmişik?!
Həqiqətən Biz Musanı Öz ayə və nişanələrimizlə birlikdə Fironun və onun qövmünün başçı və böyüklərinin yanına göndərdik. O dedi: «Mən aləmlərin Rəbbinin elçisiyəm.»
Biz onlara nə ayə və möcüzə göstərirdiksə o, (möcüzəlik və iddiaya dəlalət baxımından) bənzərindən daha böyük idi. Və onları (qıtlıq, tufan, milçək və sairə) əzab(lar)a düçar etdik ki, bəlkə (haqq yola) qayıdalar.
Və (elə ki, bəlaya düçar oldular) dedilər: «Ey sehrbaz! (İman gətirəcəyimiz təqdirdə əzabı bizdən götürmək barəsində) səninlə bağladığı əhdə əsasən bizim üçün Rəbbini çağır, ki, biz mütləq doğru yolda olacağıq.»
Firon öz qövmünün arasında səsini ucaldaraq dedi: «Ey mənim qövmüm! Məgər Misirin hökmranlığı mənə məxsus deyil və bu çaylar mənim altımdan (saraylarımın altından və mənim istəyimə tabe olaraq) axmırlar? Məgər görmürsünüz?!»
«Hətta mən xar və həqir olan və aydın danışa bilməyən bu şəxsdən daha yaxşıyam.» (Firon bu sözləri ilə Musanın dilinin pəltək olmasına işarə edir.)
«Bəs nə üçün onun üzərindən qızıl bilərziklər asılmayıb, yaxud onunla birlikdə çiyin-çiyinə mələklər gəlməyiblər?»
Beləliklə o, öz qövmünü yelbeyin saydı və onlar da ona itaət etdilər. Həqiqətən onlar günahkar və itaətsiz bir dəstə idilər.
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə