"Ad" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Ad" üzrə 2613 ayə tapıldı.
Əksinə, yalnız Onu çağıracaqsınız - O da əgər istəsə, aradan qaldırılması üçün dua etdiyiniz şeyi aradan qaldıracaqdır - və (Ona) qoşduğunuz şərikləri unudacaqsınız.
Bəs nə üçün Bizim əzabımız onlara yetişəndə boyun əymədilər və yalvarıb-yaxarmadılar? Əksinə, onların qəlbləri daşlaşdı və Şeytan etdiklərini (günahları) bəzəyərək onlara gözəl göstərdi.
Beləliklə, elə ki, yadlarına salınmış şeyi unutdular, (imtahanın sona çatdırılması və nəzərdə tutulan şeylərin tədricən həyata keçirilməsi məqsədi ilə dünya nemətlərindən) hər şeyin qapılarını onların üzünə açdıq. Onlara verilən şeyə xoşhal olaraq ürək bağladıqları zaman, (günahlarının cəzası olaraq) onları qəflətən yaxaladıq. Beləliklə, birdəfəlik aciz və naümid oldular.
De: «Mənə xəbər verin, Allahın əzabı (zəlzələ və sel kimi) qəflətən, yaxud (tədricən ölümlə nəticələnən vəba və buna bənzər xəstəliklər kimi) aşkar halda sizə gəlsə, zalımların dəstəsindən başqası həlak olarmı?! (Şübhəsiz, bədbəxtcəsinə ölüm zalımlara məxsusdur və yaxşıların onların arasında həlak olmaları şəhadətdir.)
De: «Mən sizə Allahın xəzinələri mənim yanımdadır demirəm (şeyləri «ol» deməklə yaratmaq və bir şey istəyənlərin ehtiyacını əldəki miqdar azalmadan təmin etmək qüdrətim yoxdur), qeyb elmini də bilmirəm və (həmçinin) sizə «mən mələyəm» demirəm. Mən yalnız mənə edilən vəhyə tabe oluram. (Buna görə də mən vəhyə tabe olduğum üçün gözüaçıq və hər şeyi görənəm, vəhydən üz döndərən hər bir kəs isə kordur.)» De: «Korla görən birdirlərmi? Bəs niyə fikirləşmirsiniz?»
Rəbblərinin razılığını qazanmaq və Ona yaxınlaşmaq istəyərək səhər-axşam Onu çağıranları öz yanından qovma! Nə onların hesabından (etiqadi və əməli vəzifələrindən və savablarından) bir şey sənin öhdənədir və nə də sənin hesabından bir şey onların öhdəsinə ki, (bu səbəbdən) onları qovasan və (nəticədə) zalımlardan olasan.
Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə onlara «salam olsun sizə! Rəbbiniz Özünə (bəndələrə qarşı) rəhmli olmaq qərarını vermişdir ki, sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini) düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır» de.
De: «Sizin Allahın əvəzinə çağırdıqlarınıza ibadət etmək mənə qadağan olunmuşdur». De: «Mən əsla sizin nəfsi istəklərinizə tabe olmaram ki, onda azmış olar və doğru yolu tapanlardan olmaram.»
De: «Əgər tələsdiyiniz şey mənim ixtiyarımda olsaydı (bütün lazımi dəlillər sizə təqdim edilib qurtardığı və mənim insani səbrim tükəndiyi üçün əzab göndərərdim və) mənimlə sizin aranızdakı iş mütləq (çoxdan) sona çatmışdı. Lakin Allah zalımları daha yaxşı tanıyandır (və kimi, harada və necə həlak etməli olduğunu bilir).»
Qeyb xəzinələrinin («ol!» kəlməsinin altında olan) açarı (və onların həqiqətləri) Onun yanındadır. Onları Ondan başqa heç kəs bilmir. (Varlıq aləminə qədəm qoyanlardan) quruda və dəryada olanı bilir. Yerə elə bir yarpaq düşmür ki, O, onu bilməsin. Həmçinin (Onun əzəli elmində və) aydın olan kitabda mövcud olmadan yerin qaranlıqlarında (altında) bir toxum və (meyvə və dənli bitkilərdən) heç bir quru və yaş yerə düşmür.
De: «O sizə başınızın üstündən (daş, ildırım və Cəhənnəm çınqılı), ya ayaqlarınızın altından (zəlzələ və yerə batırmaq kimi) əzab göndərməyə (yaxud yuxarı zalım təbəqədə olanları aşağıdakılara hakim etməyə və ya aşağı təbəqəni yuxarı təbəqənin əleyhinə qaldırmağa) yaxud sizi dəstə-dəstə (edib) bir-birinizin canına salmağa və bəzinizin əzabınızı bəzinizə daddırmağa qadirdir.» Gör Biz (Öz tovhid və əzəmətimizin) müxtəlif ayə və nişanələri(ni) necə gətiririk (ki), bəlkə başa düşdülər.
Bizim ayə və nişanələrimiz barəsində boşboğazlıq edənləri görən zaman (İslamın ilk çağlarındakı şəraitin tələbinə əsasən sən də həmin məclislərdə iştirak edirsənsə) onlardan üz döndər ki, başqa söhbətə başlasınlar. Əgər Şeytan (bunu) sənin yadından çıxarsa, yadına düşəndən sonra zalımların dəstəsi ilə oturma.
Onların (əməl və cəza) hesabından təqvalıların öhdəsinə bir şey düşmür, lakin (bunları deməkdən məqsəd) yada salmaq və nəsihətdir (ki), bəlkə çəkindilər.
Öz dinlərini oyun-oyuncaq və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri boşla. Bu Qur’an vasitəsilə öyüd ver ki, məbada (axirət günü) kimsə Allahdan başqa bir başçı, yardımçı və şəfaətçisi olmayan halda kəsb etdiyinin cəzası olaraq həlakətə təslim və (ilahi) rəhmətdən naümid olsun. O, (günahlarının müqabilində) hər nə fidyə və əvəz versə, ondan qəbul olunmaz. Onlardır kəsb etdiklərinin müqabilində həlakətə təslim və (ilahi) rəhmətdən naümid olanlar! Onlar üçün küfrlərinin (və nemətlərə nankor olmalarının) cəzası olaraq qaynar sudan içki və ağrılı bir əzab vardır.
De: «Allahı qoyub bizə nə bir xeyir verən və nə də bir ziyan vuran qeyrisinimi çağıraq (başqasına ibadət edək) və Allahın bizi hidayət etməsindən sonra (cahiliyyət dövrünə) qayıdaq?! (Cin) şeytanların(ın) yer üzündə avara-sərgərdan qoyduqları şəxs kimi (olaq)? Halbuki onun «bizə tərəf gəl!» (deyib) hidayətə doğru çağıran dostları vardır (lakin o, sərgərdanlıq və çaşqınlığın çoxluğundan həmin dəvəti qəbul etmir)». De: «Şübhəsiz, (həqiqi) hidayət Allahın hidayətidir. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr olunmuşdur.»
Göyləri və yeri haqq olaraq (ali və ağılın qəbul etdiyi bir məqsəd üçün) yaradan Odur. «Ol» deyəcəyi gün (və varlıq aləminin bir hissəsini və ya hamısını yaxud onun yox olmasını, yaxud da Qiyamətin bərpa olmasını istəsə) dərhal olar. Onun sözü haqdır! Sur çalınacağı gün (hər bir şeyin mütləq) malikiyyət və hakimiyyəti Ona məxsusdur. (O) gizlini və aşkarı biləndir və Odur hikmətli və xəbərdar!
. (Yada sal) o zaman(ı) ki, İbrahim (atalığı və ya qayınatası, yaxud əmisi, ya da müəllimi olan) atası Azərə dedi: «Bütləri (özünə) məbudlar götürürsən? Doğrudan da mən səni və sənin qövmünü aşkar bir azğınlıq içərisində görürəm».
«Həqiqətən, mən səmimi qəlb və haqqa meylliliklə üzümü (qəlbimi) göyləri və yeri yaradana tutmuşam. Və mən müşriklərdən deyiləm».
Qövmü onunla (tovhid barəsində) mübahisə və qalmaqala başladı. O dedi: «Allah məni (həm elm, həm də göz yəqinliyinə) hidayət etdiyi halda, siz Mənimlə Onun barəsində mübahisə edirsiniz? Mən Rəbbimin (mənim haqqımda) istəyəcəyi şeydən başqa (heç şeydən, o cümlədən) sizin Ona qoşduğunuz şəriklərdən qorxmuram. Allahın elmi hər bir şeyi əhatə etmişdir. Məgər öyüd-nəsihət almırsınız?»
«Siz Allahın, barəsində sizə heç bir dəlil-sübut nazil etmədiyi şeyi Allaha şərik qoşmağınızdan qorxmadığınız halda mən sizin Allaha qoşduğunuz şərikdən necə qorxum? Bəs əgər bilirsinizsə bu iki dəstədən (təkallahlılardan və müşriklərdən) hansı (biri) amanda qalmağa daha layiqdir?!» (Təkallahlılar özlərini xeyir və zərəri olmayan cansızlardan, yəni bütlərdən, müşriklər isə bütün xeyir və ziyanların sahibindən yəni Allahdan amanda bilirlər).
2613 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
131 Səhifə