Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

(Həmin gün) bütün ümmətləri (qorxunun şiddətindən) bir yerə toplaşmış və diz çökmüş görərsən. Hər bir ümmət öz kitabına (hər bir şəxs öz əməl dəftərinə və ya hər bir ümmət öz dini kitabına) tərəf çağırılacaq (və belə xitab olunacaq ki:) «etdiklərinizin müqabilində bu gün cəzalandırılacaqsınız (və ya sizin axirət cəzanız dünyadakı əməllərinizin gerçək təzahürüdür).»
Bu Bizim siz(in əməlləriniz)ə qarşı haqq və doğru danışan kitabımızdır. Çünki Biz sizin etdiklərinizin üzünü köçürürdük (və ya Lövhi-Məhfuzdan köçürür və sizin əməllərinizlə tutuşdururduq).
Buna görə də Rəbbləri iman gətirib yaxşı işlər görən kəsləri Öz mərhəmətinə daxil edəcəkdir. Bu, həmin aşkar uğurdur!
Küfr edənlərə gəldikdə isə (onlara belə deyiləcəkdir:) «Məgər Mənim (tovhid) ayələrim sizə oxunmurdu?! Amma siz təkəbbür göstərirdiniz və (onda siz) günahkar bir dəstə idiniz.»
«Şübhəsiz, Allahın vədi haqdır və Qiyamət barəsində heç bir şəkk-şübhə yoxdur» deyilən zaman «biz Qiyamətin nə olmasını bilmirik; biz ancaq güman edirik və biz yəqinliyə çatmamışıq» deyirdiniz.
Pis əmələrinin cəzası onlara (gerçəklik şəklində) zahir olacaq və istehza etdikləri şey (müxtəlif əzablar) onları bürüyəcəkdir.
Və (onlara) deyilər: «Siz (dünyada) bu günki görüşünüzü unutduğunuz kimi (Biz də) bu gün sizi unudacağıq (əzabın içində boşlayacağıq). Sizin yeriniz oddur və sizə əsla kömək edənlər olmayacaqdır.»
Bunun (bu əzabların) səbəbi sizin Allahın ayələrinə məsxərə etməyiniz və dünya həyatının sizi aldatmasıdır. Odur ki, bu gün onlar Cəhənnəmdən çıxarılmayacaq, üzrxahlığa çağırılmayacaq və onlardan Allahın razılığını əldə etmələri istənilməyəcək.
Göylərdə və yerdə böyüklük, yenilməzlik və hökmranlıq Ona məxsusdur və məğlubedilməz qüdrət və hikmət sahibi Odur (ki, yaradılışı möhkəm, idarəçiliyi sarsılmazdır).
Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)
Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq (uca və ağılın qəbul etdiyi bir hədəf üçün) və müəyyən müddətədək (varlıq aləminin quruluşunun pozulacağı Qiyamət gününədək) yaratmışıq. Küfr edənlər qorxudulduqları şeydən üz döndərirlər.
De: «Mənə xəbər verin, göstərin (görüm) Allahın yerinə çağırdıqlarınız (bütlər və digər şeylər) bu yerdən nə (hansı hissəni) yaratmışlar?» Yoxsa onlar göylərdə (göylərin yaradılmasında) şərikdirlər? Əgər doğru deyirsinizsə mənə bundan (bu Qur’andan) əvvəl olmuş bir kitab və ya (keçmiş nəsillərdən) qalmış elmi dəlil-sübut gətirin.
Kim Allahın yerinə Qiyamətə kimi ona cavab verməyəcək kimsələri çağıran kəsdən daha azğın ola bilər? Onlar bunların çağırışlarından (tamamilə) xəbərsizdirlər.
İnsanlar məhşərə gətirilən zaman məbudlar (cansız olsalar da) onlarla düşmən olar və onların ibadətlərini inkar edərlər. [Onlar da məbudlarla düşmən olar və onlara ibadəti inkar edərlər.]
Bizim aydın ayələrimiz onlara oxunan zaman kafirlər haqq və həqiqət onlara yetişəndə onun barəsində «bu aşkar bir cadudur» deyərlər.
Yaxud «bu Qur’anı özündən uydurub (Allaha nisbət verib)» deyərlər. De: «Əgər onu uydurmuş olsam (və Allah mənə əzab vermək istəsə) siz mənim üçün Allah(ın əzabın)dan (onun dəf edilməsində) əsla bir şeyə malik deyilsiniz.» O, sizin daxil olduqlarınızı (Qur’anı təkzib etməyinizi, onu cadu adlandırmağınızı) çox yaxşı bilir. Mənimlə sizin aranızda Onun şahid olması kifayətdir. Bağışlayan və mehriban Odur!
De: «Mən (Allahın) elçilərin(in) içərisindən (peyğəmbərlik, kitab və möcüzə iddiası edən) birinci (adam) deyiləm və (gələcəkdə dünya və axirət işlərində) mənimlə və sizinlə nə ediləcəyini bilmirəm. Mən yalnız mənə vəhy edilənə tabeyəm və yalnız aşkar qorxudanam.»
De: «Mənə xəbər verin (görüm) əgər bu (Qur’an) Allah tərəfindən olsa və siz küfr etsəniz, İsrail övladlarından bir şahid (bəzi yəhudi alimləri) isə onun bənzərinə (Qur’an kimi olan və Qur’anın doğruluğuna şahid olan həqiqi Tövrata) şəhadət verib iman gətirsə, siz isə təkəbbür göstərsəniz (sizcə siz çox çətin bir azğınlıq içərisində qalmazsınızmı)?» Həqiqətən Allah zalımları (imanın kamillik dərəcələrinə) yönəltməz.
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə