Onlar (dünyadan Bərzəx aləminə keçmək vasitəsi olan) birinci ölümdən (və Bərzəx aləmindən Qiyamətə keçmək vasitəsi olan ikinci ölümdən) başqa orada ölümü dadmayacaqlar. (Allah) onları (həmişəlik olaraq) Cəhənnəm əzabından qoruyur.
Həqiqətən Biz bunu (Qur’anı) sənin dilində asanlaşdırdıq (onu ərəbcə, sənin dilini ona yatan və zehnini onun təlimləri ilə tanış etdik ki,) bəlkə onlar (sənin qövmün) ibrət götürdülər.
Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)
Şübhəsiz, göylərdə və yerdə (onların vücudunda və yaradılmalarının necəliyi və təsirlərində) iman əhli üçün (Allahın tovhid, rübubiyyət, qüdrət və hikmətindən) nişanələr vardır.
Və həmçinin sizin özünüzün yaradılışınızda və (bütün aləmdə) yaydığı canlılarda (bədənlərinin və ruhlarının fərqliliyi və ruhlarının bədənlərlə əlaqəsi baxımından) yəqini olan bir dəstə üçün nişanələr vardır.
Həmçinin gecə ilə gündüzün get-gəlində, onların artıb azalmasında, Allahın (yağış və günəşin nuru kimi) göydən nazil etdiyi və vasitəsi ilə yeri öldükdən sonra diriltdiyi (toxumlara, bitkilərə və fidanlara inkişaf ruhu verdiyi) ruzidə, eləcə də küləklərin (müxtəlif istiqamətlərə) dolandırılmasında düşünənlər üçün nişanələr vardır.
Bunlar (kitabın bu ayələri və sizin öz vücudunuzda və təbiətdə olan ayələr) Allahın haqq və doğru olaraq sənə oxuduğumuz ayələridir. Buna görə də (əgər bunları qəbul etməsələr), Allahdan (Allahın sözündən) və Onun nişanələrindən sonra hansı sözə iman gətirəcəklər?!