Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Və əgər zövcələrinizdən bəzisi əlinizdən çıxıb kafirlərə qoşulsa, bu zaman onlardan (döyüşlə, ya başqa yolla) sizə hər hansı bir qənimət çatsa, onda zövcələri gedən kəslərə (mehriyyədən) xərclədikləri qədər ödəyin və iman gətirdiyiniz Allahdan qorxun.
Ey peyğəmbər, möminə qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri, öz qarnı ilə ayaqları arasından çıxan uşağı (başqasının uşağını, yaxud öz haramzada uşağını) iftirayla ərlərinə aid etməyəcəklərini və sənə heç bir yaxşı işdə (vacib əmrdə) itaətsizlik göstərməmək barədə beyət etmək üçün yanına gəldikləri zaman onlarla beyət et (beyətlərini qəbul et). Onlar üçün Allahdan bağışlanmaq dilə ki, Allah bağışlayan və mehribandır.
Ey iman gətirənlər! Allahın qəzəb etdiyi bir qövmü özünüzə başçı, dost və köməkçi götürməyin. Onlar kafirlər qəbir əhlin(in dirildiləcəyinə yaxud ölmüş kafirlər savabdan və Allahın rəhməti)dən ümidlərini kəsdikləri kimi ümüdsizdirlər.
Göylərdə və yerdə olan hər bir şey Allahı (dil və hal ilə) zikr edir. O, yenilməz qüdrət sahibi, (yaradılış və şəriət mərhələsində) mətin və gözəl yaradandır.
Ey iman gətirənlər, etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Niyə əməl etməyəcəyinizi bilə-bilə vəd verirsiniz?)
Və (yada sal) o zamanı ki, Musa öz qövmünə dedi: «Ey mənim qövmüm, axı Allahın sizə göndərilmiş peyğəmbəri olduğumu bildiyiniz halda məni niyə incidirsiniz?!» Onlar (haqdan) üz döndərdikdə, Allah da onların dönük qəlblilərini dönüklükdə buraxdı (ilahi lütflərini onlardan kəsdi) və Allah fasiq qövmü doğru yola yönəltməz.
Və (yada sal) o zamanı ki, Məryəm oğlu İsa dedi: «Ey İsrail övladları, şübhəsiz, mən özümdən öncə gələni – Tövratı – təsdiq edən və məndən sonra gələcək «Əhməd» adlı Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) müjdəsini verən sizə göndərilmiş Allah peyğəmbəriyəm». Amma o, (Əhməd – səlləllahu ələyhi və alihi və səlləm) gəldikdə və onlara aydın dəlillər gətirdikdə, dedilər: «Bu, açıq-aşkar bir sehrdir».
İslama tərəf dəvət olunduğu halda (onu qəbul etməyərək və onu inkar eməklə) Allaha qarşı yalan uydurandan da daha zalım kim ola bilər?! Allah zalım qövmü hidayət etməz.
Allahın nurunu öz ağızları ilə söndürmək (Peyğəmbərin dəvətini, onun dinini və kitabını təkzib və iftira ilə batil etmək) istəyirlər, halbuki, kafirlərin xoşuna gəlməsə də Allah Öz nurunu tamamlayacaqdır.
Müşriklərin xoşuna gəlməsə belə, onu (səmavi şəriətlərdən ibarət olan) bütün dinlərdən üstün etmək üçün Öz Rəsulunu hidayət (vasitələri) və haqq olan dinlə göndərən Odur.
Allah və Onun Rəsuluna iman gətirin və Allah yolunda mallarınızla və canlarınızla cihad edin. Əgər bilsəniz, (iman və cihad) sizin üçün daha xeyirlidir.
(Əgər belə etsəniz,) Allah günahlarınızı bağışlar, sizi (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə, bağlara və əbədi (Ədn) Cənnətlərindəki pak və xoşagələn məskənlərə daxil edər. Budur böyük səadət.
Və sevdiyiniz başqa bir nemət(i də sizə verər və bu nemət) Allah tərəfindən (məntiq əsasında və dəlil-sübutla tarix boyunca bütün millətlərə) bir kömək və (Məkkənin fəthində və başqa işlərdə) yaxın bir qələbədir. (Ey Peyğəmbər,) möminlərə müjdə ver.
Ey iman gətirənlər, Allahın köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa Həvarilərə (qəlbləri işıqlı, ağ paltarlı öz etibarlı şagirdlərinə) dedi: «Allah yolunda mənim köməkçilərim kimdir?» Həvarilər dedilər: «Bizik Allahın köməkçiləri». Amma İsrail övladlarından bir dəstə iman gətirdi və bir dəstə kafir oldu. Biz də iman gətirənlərə düşmənləri üzərində (dəlil-sübutda və döyüş qüvvəsində üstün etməklə) kömək etdik, beləliklə də onlar qalib gəldilər.
Göylərdə və yerdə nə varsa (hamısı), (bütün varlıq aləminə) hökmran, (hər bir eyb və nöqsandan) pak, yenilməz qüdrət sahibi və (yaradılış mərhələsində) gözəl yaradan, (şəriətdə) mətin olan Allaha daim (dil və hal ilə) zikr edir.
Ayələrini onlara oxumaq, onları (əqidədə, əxlaqda və əməldəki çirkinliklərdən) pak etmək, onlara (səmavi) kitab, dini və əqli mərifətlər öyrətmək üçün ümmilərin (çoxusu savadsız olan Məkkə camaatının) arasından özlərindən olan bir Peyğəmbər seçən Odur. Doğrudan da onlar bundan öncə açıq-aşkar azğınlıq içində idilər.
Və onu (bəşərin nəsli kəsilənədək) onlardan olan lakin hələ onlara qoşulmamış digər cəmiyyətlər üçün də (seçdi). O, (istədiyi şeydə) yenilməz qüdrət sahibi və (əbədi qalan dinin qanunlarının çıxarılmasında) hikmət sahibidir.
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə