Beləliklə, onları aldadaraq hiylə-kələklə (məqamlarından) endirdi. Elə ki, həmin ağacdan daddılar, ayıb yerləri onlara aşkar oldu və onlar həmin Cənnətin ağaclarının yarpaqlarını özlərinə yapışdırmağa başladılar. Rəbbləri onlara (belə) nida etdi: «Məgər Mən sizə bu ağacı qadağan etməmişdim və sizə deməmişdimmi ki, həqiqətən Şeytan sizin açıq-aşkar düşməninizdir?!»
Buyurdu: «Hamılıqla, bir-birinizə (əbədi) düşmən olan halda (bu məkandan yerə) enin və sizin üçün yer üzündə müəyyən müddətədək sığınacaq və dolanacaq olacaqdır (və ondan sonra Bərzəx aləminə, daha sonra isə Qiyamətə köçürüləcəksiniz)».
Onlar pis bir iş gördükləri zaman «atalarımızı belə gördük və bizə bunu Allah əmr etmişdir» deyərlər. De: «Allah əsla pis işə əmr etməz. Bilmədiyiniz bir şeyi Allaha nisbət verirsiniz?»
De: «Rəbbim ədalətə əmr etmişdir. Və «üzünüzü və diqqətinizi hər səcdə və namazda, hər namaz vaxtı və hər bir məsciddə (Allaha) yönəldin və din və itaəti yalnız Onun üçün xalisləşdirərək Onu çağırın» (deyə buyurmuşdur). Sizi əvvəldə yaratdığı kimi (Qiyamət günü) qayıdacaqsınız» (cisminizi torpaqdan yaratdığı kimi ölümdən və cisminizdə parçalanma yarandıqdan sonra, yenidən onun səhnəsinə qayıdacaqsınız. Öz əzəli elmində sizin xoşbəxt və bədbəxt olmağınız hökmünü verdiyi kimi həmin iki halın gerçəkləşməsiylə Məhşərə qayıdacaqsınız. Lakin əzəli elmdə verilmiş xoşbəxtlik və bədbəxtlik hökmünün gerçəkliklə üst-üstə düşməsi ixtiyaridir).
(Sizin qayıdışınız elə bir haldadır ki, Allah) bir dəstəni hidayət etmiş, bir dəstə üçün isə zəlalət gerçəkləşmişdir. Çünki, (zəlalətə düşənlər) Allahın yerinə şeytanları özlərinə başçı və yardımçı götürdülər və onlar doğru yolda olmalarını güman edirlər.
Ey Adəm övladları, hər namaz vaxtı və hər bir məsciddə (əməl və məkana uyğun olaraq) bəzək və zinətlərinizi götürün (gözəl geyinin), (Allahın halal buyurduğu bütün halal yeməklərdən) yeyin-için, lakin israf etməyin ki, O, israf edənləri sevmir.
De: «Allahın Öz bəndələri üçün yaratdığı zinətləri və pak ruziləri kim haram etmişdir?!» De: «Onlar (həmin zinət və pak ruzilər) dünya həyatında iman gətirən kəslər üçündür (hərçənd ki, kafirlər də onlarla şərikdirlər), Qiyamət günü isə yalnız onlara (möminlərə) məxsus olacaqdır». Biz Öz ayələrimizi bilən dəstə üçün beləcə ətraflı bəyan edirik.
Hər bir millət və dəstə üçün (dünya həyatından müəyyən) bir müddət vardır. Beləliklə, müddətləri başa çatdıqda ondan nə bir saat gecikər və nə də qabağa keçərlər.
(Allahın yaradılışın əvvəlindən dünyanın sonunadək Adəm nəslinə xitabı belədir ki:) «Ey Adəm övladları, özünüzdən (öz cinsinizdən) sizə Mənim ayə və nişanələrimi oxuyan peyğəmbərlər gələn zaman (onlara iman gətirin), beləliklə, pərhizkarlıq edən və yaxşı işlə məşğul olan (və öz əqidə və əməllərini islah edən) kəslərə nə bir qorxu var və nə də qəmgin olarlar.»
Odur ki, kim Allaha yalan nisbət verəndən, yaxud Onun ayə və nişanələrini təkzib edəndən daha zalımdır?! Allah tərəfindən (ömür, ruzi və övlad kimi) yazılmış və qərara alınmış payları (dünyada) onlara çatacaq. Nəhayət elçilərimiz (can alan məmurlarımız) canlarını almaq üçün onların yanlarına gələn zaman «haradadır Allahın yerinə çağırdıqlarınız?» deyəcəklər. Onlar, «hamısı bizim gözümüzdən itdilər» deyəcək və öz ziyanlarına şəhadət verəcəklər ki, kafir olublar.
Rəhbərlər öz tabeçilərinə «sizin bizdən heç bir üstünlüyünüz yoxdur (ki, əzabın azaldılmasına səbəb olsun), buna görə də əldə etdiklərinizin cəzası olaraq dadın Allahın əzabını» deyəcəklər.
Şübhəsiz, səmanın qapıları Bizim ayə və nişanələrimizi təkzib etmiş və onların müqabilində təkəbbür göstərmiş kəslər(in üzün)ə açılmayacaq (ki, yaşadıqları zaman duaları və öldükdən sonra ruhları göyə getsin) və erkək dəvə iynənin gözündən keçməyincə onlar əsla Cənnətə daxil olmazlar. Biz günahkarlara belə əzab veririk.
Biz onların sinələrində olan kin-küdurət və düşmənçiliyin hamısını çəkib çıxararıq. Onların (ayaqlarının) altından çaylar axır. Və onlar deyərlər: «Həmd və şükr Bizi bu (gözəl yerə) hidayət etmiş Allaha məxsusdur və əgər Allah bizim bələdçimiz olmasaydı, biz doğru yolu əsla tapmazdıq. Doğrudan da Rəbbimizin peyğəmbərləri haqq və doğruluqla (bu məqsədlə) gəldilər.» Və onlara nida olunacaq ki: «Bu Cənnət (dünyada) etdiklərinizin mükafatı olaraq sizə verildi və (kafirlərin payı olan və onların əmməllərini düzəldəcəkləri təqdirdə bəhrələnmələri üçün nəzərdə tutulmuş) o Cənnət (də) əməllərinizə görə irs olaraq sizə çatdı (onların küfrləri ölüm hökmündədir və payları sizə düşdü)».
Və Cənnət əhli Cəhənnəm əhlini səsləyəcəklər ki: «Biz Rəbbimizin bizə vəd etdiyini doğru və sabit gördük, siz də Rəbbinizin sizə vəd etdiyi şeyi haqq və sabit gördünüzmü?». (Cəhənnəmdəkilər) deyəcəklər: «Bəli!» Belə olduqda, onların arasında bir carçı səslənəcək ki: «Allahın lənəti olsun zalımlara!»
Və Ə’rafın üstündə olan kəslər üzlərindən tanıdıqları (Cəhənnəm əhlindən olan) kişiləri səsləyər (və onları məzəmmət etmək məqsədilə) deyərlər: «(Gördünüz ki,) sizin toplum və cəmiyyətiniz (yaxud topladığınız mal-dövlət) və təkəbbür göstərməyiniz (sizdən heç bir əzabı) dəf etmədi!»