Əl-Ənkəbut ‏ surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl-Ənkəbut ‏ surəsi" üzrə 69 ayə tapıldı.
Allahdan başqa (və Onun müqabilində) özlərinə hami və yardımçı qəbul edən kəslər (etimad etdikləri şeyin süstlüyü və mənfəətsizliyi baxımından) özünə yuva qurmuş hörümçəyə bənzərlər. Şübhəsiz, evlərin ən zəifi hörümçək yuvasıdır. Kaş biləydilər.
Şübhəsiz, Allah onların Allahı qoyub nəyə ibadət etdiklərini hər nə olursa-olsun (həqiqətini) bilir (ki, Allahın müqabilində təsirsiz və cansızlardan başqa bir şey deyillər). O, yenilməz qüdrət və hikmət sahibidir.
Və (Biz) belə məsələləri insanlar üçün çəkirik. Lakin onları alimlərdən başqa heç kim anlamır (və dərinliyinə, həqiqətinə varmır).
Allah göyləri və yeri haqq olaraq (uca, üstün və əqli bir məqsəd naminə) yaratdı; şübhəsiz, bunda (yaradılışda) möminlər üçün (Onun tovhidinə, cəlalına və camalına dair) bir nişanə vardır.
Bu kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Çünki, namaz (insanı) böyük günahlardan, (şəriətdə və əqldə) xoşagəlməz hallardan çəkindirir. Əlbəttə, insanın Allahı yad etməsi və Allahın insanı yad etməsi daha böyükdür. Allah nə etdiyinizi bilir.
Və kitab əhli ilə (yəhudilər və xristianların) zülm edənləri (təkəbbürlü olanlar, inadkarlar və haqqı qəbul etməyənlər) istisna olmaqla, yalnız ən gözəl bir tərzdə (təhqirsiz, hədəsiz, kobud davranmadan) mücadilə və mübahisə edin. Deyin: «Biz özümüzə nazil olana və sizə nazil olana iman gətirmişik və bizim də Allahımız və sizin də Allahınız birdir və biz Ona təslim olanlarıq».
(Keçmiş peyğəmbərlərə necə kitab nazil etmişdiksə) bu kitabı da sənə belə nazil etdik. Beləliklə kitab verdiyimiz kəslər (öz kitablarına diqqət yetirmək və etiqad bəsləməklə) bu kitaba iman gətirirlər. Bunlardan (müşriklərdən də) bəzisi iman gətirir. Bizim ayələrimizi (inadkar) kafirlərdən başqa (heç kəs) inkar etmir.
Sən bu Qur’andan öncə heç bir yazı və kitab oxumurdun. Və öz əlinlə heç bir yazı yazmırdın. Əgər belə olmasaydı, onda batilə uyanlar (sənin peyğəmbərliyinə) şəkk edərdilər.
Xeyr, bu Qur’an (İlahi) elm verilmiş kəslərin sinələrində olan açıq-aydın ayələrdir. Bizim ayələrimizi zalımlardan başqa (heç kəs) inkar etmir.
(Kafirlər) dedilər: «Bəs nə üçün ona (Salehin dişi dəvəsi, Musanın əsası və İsanın maidəsi kimi möcüzəli) nişanələr (möcüzələr) nazil olmur?» De: «O ayələr yalnız Allahın ixtiyarındadır və mən isə yalnız açıq-aşkar qorxudan bir peyğəmbərəm».
Məgər daim oxunmaqda olan bu kitabı sənə nazil etməyimiz (sənə möcüzə nazil olması məsələsində) onlara kifayət etmədimi,? (Və onlar Qur’anın müxtəlif yöndən möcüzələrini görürlər?) Həqiqətən, bu kitabda iman gətirən tayfa üçün rəhmət və öyüd – nəsihət vardır!
De: «Allahın mənimlə sizin aranızda şahid olması kifayət edər; O, göylərdə və yerdə olanı bilir. O kəslər ki, batilə (Allahdan başqa ibadət olunan hər bir şeyə) iman gətirib Allaha küfr etmişlər, onlar ziyankarlardır».
Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Əgər (Allahın Lövhi – Məhfuzda onlar üçün yazmış olduğu) müəyyən bir müddət olmasaydı, sözsüz ki, əzab onlara gələrdi. Əlbəttə, onların əzabları qəfildən – onlar qafil olduqları halda yetişəcəkdir.
O gün ki, əzab onları başları üstündən və ayaqları altından bürüyəcəkdir, deyəcəkdir: «Etdiklərinizin cəzasını (yaxud o əqidə və əməlin eynilə təcəssümünü) dadın».
Ey mənim iman gətirən bəndələrim, şübhəsiz, Mənim yerim genişdir. Odur ki, (əgər hər hansı bir mühitdə dini əqidənizi qorumağa, yaxud onun əməllərini, hökmlərini həyata keçirməyə qadir deyilsinizsə, başqa bir yerə gedin və) yalnız Mənə ibadət edin.
Hər bir canlı ölümü dadacaqdır. Sonra isə Bizim hüzurumuza (Bizim Bərzəx aləmimizə, Bizim Qiyamət səhnəmizə, Bizim Cənnətimizə və Cəhənnəmimizə) qaytarılacaqsınız!
İman gətirən və saleh işlər görən kəsləri, şübhəsiz altından çaylar axan Cənnət otaqlarında əbədi olaraq yerləşdirəcəyik. (Yaxşı) mükafat necə də gözəldir!
O kəsləri ki, (həm camaat qarşısında vəzifələrini, həm də öz ilahi vəzifələrini yerinə yetirməkdə) səbr etdilər və daim öz Rəbbinə təvəkkül etdilər.
Bir çox canlılar var ki, öz ruzilərini əldə edə bilmirlər (quruda və suda yaşayan heyvanların bir çoxu kimi). Onlara da, sizə də ruzini Allah verir. O, eşidən və biləndir.
69 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
4 Səhifə