Əl-Həcc ‏ surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl-Həcc ‏ surəsi" üzrə 78 ayə tapıldı.
O kəslərə ki, əgər yer üzündə onlara qüdrət (hakimiyyət) və güc versək namaz qılar, zəkat verər, (insanları ağıl və şəriət tərəfindən) bəyənilən bütün işlərə vadar edər və (onları) hər bir nalayiq və çirkin işdən saxlayarlar. Bütün işlərin sonu Allaha məxsusdur.
(Ya Peyğəmbər!) Əgər səni təkzib etsələr (bu təəccüblü deyil, çünki) onlardan qabaq Nuhun qövmü, (Hudun qövmü) Ad və (Salehin qövmü) Səmud da (öz peyğəmbərlərini) təkzib etmişdi.
Və eləcə də (Şüeybin qömü) Mədyən əhli. Musa da təkzib edilmişdi. Kafirlərə bir müddət möhlət verdim, sonra onları qəzəblə yaxaladım. Buna görə də (bax gör) Mənim kəskin əks-əməlim necə idi?
Beləliklə neçə-neçə insan cəmiyyətlərini (özlərinə və başqalarına) zalım olduqları halda məhv etdik. (Əzabın nazil olması nəticəsində tavanları yatıb və) evləri(nin divarları) tavanların üstünə uçub. Və (nə çox) tərk edilmiş quyular və uca möhkəm saraylar (ki, hamısı boş sahibsiz qalıb)!
Məgər onlar yer (üzün)də gəzib dolaşmayıblar ki, düşünən qəlbləri və ya eşidən qulaqları olsun?! Çünki əslində zahiri gözlər kor olmur, lakin sinələrdəki ürəklər kor olur.
Onlar (istehza ilə) səndən (vəd olunmuş) əzabın tezləşdirilməsini istəyirlər. Halbuki Allah əsla vədinə xilaf çıxmaz. Həqiqətən sənin Rəbbinin yanında bir gün sizin saydığınız min il kimidir. (Zaman çərçivəsindən xaric və onun yaradanı olan Allah üçün bir gün ilə min il birdir. Buna görə də Onun barəsində tələsmək təsəvvüredilməzdir.)
Neçə-neçə insan cəmiyyətləri (var idi) ki, onlara zalım oduqları halda möhlət verdim. Sonra onları (qəzəblə) yaxaladım. (Bütün canlı varlıqların) qayıdış(ı) Mənə tərəfdir.
De: «Ey insanlar! Mən sizin üçün yalnız aşkar bir qorxudanam (sizi küfr və itaətsizliyin pis nəticəsindən qorxuduram).
Bizi aciz qoymaq məqsədi ilə ayə və nişanələrimiz(lə mübarizə aparmaq istiqamətin)də çalışanlar od əhlidirlər.
Biz səndən əvvəl elə bir rəsul (peyğəmbərliyi mələyi aşkar görməklə olan elçi) və nəbi (peyğəmbərliyi vəhyi yuxuda almaqla olan elçi) göndərməmişik ki, o, öz kitabının ayələrini oxuyanda və ya öz dinini cəmiyyətdə həyata keçirmək istəyəndə şeytan onun sözlərinin arasına (bihudə iradlar) atmasın və onun yüksək hədəfləri müqabilində batil məsələlər təlqin etməsin. Lakin Allah (Öz cari qanununa əsasən) şeytanın təlqin etdiklərini məhv və puç edir və sonra Öz ayə və nişanələrini bərqərar edərək möhkəmləndirir. Allah (hər şeyi) bilən və hikmət sahibidir.
(Şeytana belə bir imkan verməkdən məqsəd budur) ki, şeytanın təlqin etdiklərini qəlblərində mərəz olanları və daşürəkli kəslərin sınaq vasitəsi etsin. Həqiqətən zalımlar uzun-uzadı bir müxalifətdə, ədavət içərisindədirlər.
Və (dini) elm verilmiş şəxslərin onun (rəsul və nəbinin dəvətinin) sənin Rəbbin tərəfindən haqq olmasını bilmələri, buna görə də ona iman gətirmələri və nəticədə onların qəlblərinin onun qarşısında ram və müti olması üçün! Həqiqətən Allah iman gətirənləri doğru yola (imandan sonrakı kamilliklərə) tərəf istiqamətləndirəndir.
(Qüreyş kafirlərindən) küfr edənlər həmişə (ölüm) saatı qəfil onlara çatana və ya qısır günün (heç bir şeyin yenidən yerinə yetirilməsi mümkün olmayan Qiyamət gününün) əzabı onların arxasınca gələnə kimi bunun (Qur’anın və ya sənin peyğəmbərliyinin) barəsində şübhə və tərəddüddə olarlar.
Həmin gün (həqiqi və zahiri mütləq) hökmdarlıq Allaha məxsusdur. Onların (Məhşər səhnəsində olanların) arasında O, hökm çıxaracaqdır. Beləliklə iman gətirmiş və yaxşı işlər görmüş kəslər nemət dolu bağlarda olacaqlar.
Küfr etmiş və Bizim (tovhid, kitabın doğruluğu və din) nişanələrimizi təkzib və inkar etmiş kəslər üçün isə alçaldıcı əzab vardır. 58. Allah Onun yolunda (cihad etmək, elm öyrənmək və ya digər ilahi bir iş üçün) hicrət edib sonra öldürülmüş və ya ölmüş kəslərə mütləq gözəl ruzi verəcəkdir. Həqiqətən Allah ruzi verənlərin ən yaxşısıdır.
Allah Onun yolunda (cihad etmək, elm öyrənmək və ya digər ilahi bir iş üçün) hicrət edib sonra öldürülmüş və ya ölmüş kəslərə mütləq gözəl ruzi verəcəkdir. Həqiqətən Allah ruzi verənlərin ən yaxşısıdır.
Şübhəsiz, onları bəyəndikləri bir yerə daxil edəcəkdir. Həqiqətən Allah (onların ehtiyaclarını) bilən və həlimdir (və büna görə də düşmənlərinin məhvinə tələsmir).
. (İman və küfr barəsində mətləb) budur! Kim cəzalandırıldığı miqdarda cəzalandırsa (ona zülm etmiş şəxsdən qisas yaxud da qanbahası alsa) sonra ona zülm edilsə (cinayətkar bir daha ona qarşı həddini aşsa), şübhəsiz, Allah (dünya və axirətdə) ona (məzluma) kömək edəcəkdir. Həqiqətən Allah (zülmə məruz qalmış şəxsi) əfv edən və bağışlayandır (və bu cür cəzalandırma üsuluna icazə verir).
78 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
4 Səhifə